İrana qarşı sanksiyaların aradan qaldırılması VACİB HESAB EDİLDİ

12 May 2021 10:43 (UTC+04:00)

ABŞ-ın “Demokratlar” partiyasının bir neçə yüksək vəzifəli üzvü, ştat rəhbərləri və konqresmenlər prezident Cozef Baydenə məktub ünvanlayıblar. SİA xəbər verir ki, 50 nəfərin imzası ilə prezidentə göndərilən məktubda İrana qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyi göstərilib. ABŞ-da nəşr olunan “The Hill” qəzetində dərc olunan məktubda deyilir ki, Prezident C.Baydenin rəhbərlik etdiyi indiki administrasiya Donald Trampın yanlış siyasətini korrektə etməli və “nüvə sazişi” müqaviləsinə qayıdaraq İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmalıdır. Məktub müəllifləri nəzərə çatdırıblar ki, D.Trampın İrana qarşı sərt siyasi xətti nəinki heç bir fayda vermədi, əksinə ABŞ üçün yaxşı nəticələrə verməyəcək vəziyyət yaratdı. Bu vəziyyət isə ondan ibarətdir ki, İran artıq nüvə silahı yaratmağa daha da yaxınlaşıb.

Məktubun müəllifləri bildirirlər ki, ABŞ-ın bu addımı heç də onun İran qarşısında məğlubiyyəti və geriyə addım atmasını göstərmir. Tam əksinə, bu addım ABŞ-ın milli maraqları naminə atılır və İrana şans verilir ki, ambisiyalarından geri çəkilsin. Bu addım ABŞ-ın milli təhlükəsizliyi təmin edər və rəsmi Vaşinqtonun dünyadakı nüfuz və etibarını artırar.

Qeyd edək ki, vəziyyətin indiki səviyyədə qalması İran ilə münaqişəni qaçılmaz edəcək ki, bu da qəbul edilə biləcək yol deyil.