ABŞ İsraili qınamadı

12 May 2021 10:30 (UTC+04:00)

İsraillə Fələstin arasında iki gün öncə yenidən alovlanmış münaqişə hər iki tərəfdən, uşaqlar da daxil olmaqla, çoxlu sayda insanın ölümünə və yüzlərlə yaralanmaya səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ rəsmisi Prays mətbuat konfransında İsrailin özünü müdafiə etmək və raket hücumlarına cavab vermək haqqının olduğunu yada salıb.

Prays balanslı fikirlər irəli sürsə də, Qüdsdəki və Qəzzadakı hücumları qınamayıb. Prays bildirib ki, Qəzza və İsraildə baş verən itkilərdən, uşaq ölümlərindən və bir çox günahsız mülki vətəndaşın yaralanmasından çox narahatıq: “Bütün tərəfləri sakit olmağa çağırırıq. Amerika Birləşmiş Ştatları olaraq önümüzdəki günlər və həftələr ərzində İsrailin yüksək vəzifəli şəxsləri və Fələstin rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcəyik”.

Bu arada xəbər verilir ki, ABŞ-ın Dövlət Katibi Antoni Blinken İsrailin xarici işlər naziri Gabi Aşkenazi ilə görüşəcək. ABŞ-ın gərginliyi azaltmaq üçün əlindən gələni etdiyini deyən Prays vurğulayıb ki, bütün tərəfləri bu hərəkəti dayandırmağa çağırdıq: “Hər iki tərəfin insan itkisi bizi çox kədərləndirdi. İtkiləri dayandırmaq üçün gərginliyin azaldılması mesajını veririk”.