Sergey Lavrovun Bakıya növbəti gəlişi - TƏHLİL

12 May 2021 09:46 (UTC+04:00)

Növbəti dedik, çünki münaqişə və onun həlli ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu dəfələrlə Bakıda görmüşük. Onun da dediyi kimi bu bir növ xoşməramlı ənənəyə çevrilib. Sergey Lavrov öz nitqində Azərbaycanla olan münasibətlər barədə və Ulu Öndər Heydər Əliyevin qoyduğu yolun əhəmiyyətindən danışdı. Bu mövzuda ən çox diqqəti çəkən ifadə isə Rus sülhməramlılarına olan loyal yanaşmaya qarşı göstərilən rəğbət hissi idi. Halbuki, loyal yanaşmadığımız qüvvələrin Azərbaycan torpaqlarında varlığı mümkün deyil. Bunlara rəğmən Sergey Lavrovun belə bir cümlə işlətməsi, bizi sülhməramlılara tolerant davranırıq kimi göstərdi. Bu belə deyil. Əslində biz Rus sülhməramlılarının bu işi öz üzərinə götürməsinə rəğbət və hörmət bəsləyirik. Həmçinin o həm də Azərbaycanın bölgədəki fəaliyyətinə müsbət yanaşırdı. O, bir siyasətçiyə xas formal danışıqlardan ibarət nitqində əksərən səmimi deyildi.
Sergey Lavrov bildirirdi ki, Rusiya tərəfinin marağı bölgədə sabitliyi bərqərar etmək, tərəfləri yaxınlaşdırmaq, müharibənin humanitar nəticələrini aradan qaldırmaqdır. Əgər bu həqiqətən belədirsə, niyə Lavrov İrəvandakı çıxışında Zəngəzur dəhlizinin açılması üçün ikitərəfli razılıq olmalıdır fikrini səsləndirmişdi? Axı o əmindir ki, ölkəsinin də şahidi olduğu 10 noyabr sazişində bu bənd var və erməni tərəfi bütün bəndləri oxuduqdan sonra bu müqaviləni imzalayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi bu sadəcə atəşkəs sazişi deyildi. Həmçinin Lavrov bildirib ki, Dağlıq Qarabağda yalnız orada yaşayanlar qərar verə bilər. Bu da çox qərəzli ifadədir. Axı necə sırf biz mərhəmət və anlayış göstəririk deyə, hələlik bölgədə çoxluq təşkil edən ermənilər, söz sahibi ola bilər? Belə ki, ermənilər bu dəfə onlara edilən güzəşti, mərhəməti üstünlüyə çevirə bilməyəcəklər. Bütün bunlara rəğmən görəsən niyə Lavrov ‘’Dəlinin yadında daş salır?’’ . Yəni məğlubiyyətin acı dadı damağından getməmiş topluluğu hansı revanşist fikirlərə tətikləmək olar? Yəqin ki, bu dəfə erməniləri imperialist qüvvələrin fitvası ilə hansısa fəaliyyətlərə sürükləmək heç də asan olmayacaq.

Nəzərə almaq lazımdır ki, Rusiya tərəfinin başı onsuzda qarışıqdır. Digər tərəfdən Türk əsgərinin bölgədəki varlığı onun əlini-qolunu bağlayıb. Deməli o yeni münaqişə ocağı üçün hələ uzun müddət düşünməlidir. Belə ki, bu ocaq birdəfəlik söndürülüb. Ya da özünə yəni oyunçu tapmalı və onu türklərlə düşmən ola biləcəyinə inandırmalıdır. İndiyədək necə ki, "Böyük Ermənistan" xəritəsinə heyranlıqla baxırdılarsa, indi də xəritədə yeni nələrsə çəkməyə cəhd göstərə bilərlər. Bilirik ki, imperialistlərin ən yaxın müttəfiqləri qatı sağçılar olur. Belə dünyada isə potensial münaqişə ocağı yarada biləcək faşist azlıqlar kifayət qədərdir. Əvvəl həmin azlıqlar süni şəkildə çoxaldılır, tarix kitablarında xırda dəyişikliklər olur, onlar maliyyələşdirilir və təbliğatlardan xüsusi ilə də ağlasığmaz xəritələrdən sonra həmin toplum orduya çevrilir.

Rusiya tərəfinin bölgədə gördüyü iş sülhməramlı kimi görülə bilər və ya həqiqətən elədir. Hər halda Sergey Lavrovun, İrəvanda və daha sonrasında Bakıdakı çıxışlarında bu bəlli olmalıydı. Amma o ikibaşlı olmağa üstünlük verdi. Necə ki, o İrəvandaki qondarma "soyqırım” abidəsini ziyarət etdikdən sonra, Bakıda Şəhidlər Xiyabanında olmuşdu. O tərəfsizlik nümayiş etdirsə də qərəzli ifadələri sezilirdi. Azərbaycanın bölgədəki işlərinə normativ və formal yanaşırdısa, erməni tərəfi ilə danışıqlarda isə daha çox empirik üsluba yaxın idi. Digər tərəfdən isə bu danışıqlardakı qərəzlilik Sergey Lavrovun şəxsi mənfəəti də ola bilər. Hər halda Rusiya bu qərəzləri sezməli idi. Çünki sülhməramlı funksiyada bitərəflik ən önəmli faktordur. Belə olan halda dövləti təmsil edən qərəzli və erməni əsilli xarici işlər naziri niyə hələ də öz vəzifəsindən azad edilməyib? Bəlkə də Rusiya tərəfi Azərbaycana mümkün təziqləri cəhd etmək üçün bu adamı hər dəfə Bakıya yollayır. Amma əsassız danışıqlar, bəyannamələr artıq Bakıya təsir etmir. Prezident İlham Əliyev artıq bu yolu tutan ölkələri qısaca Luksenburq deyə nəzərdə tutmaqda məsələni tamamilə aşkarlığa qovuşdurur.

Zərdüşt Quluzadə