Mərkəzi Gömrük Hospitalında Covid-19 xəstələrinin müalicəsi üçün hər bir şərait var

11 May 2021 19:28 (UTC+04:00)

Bu yazımı Covid-19-la mübarizə aparan həkimlərimizə həsr edirəm!

Hər birimiz ümid edirik ki, bu mərəz məndən yan keçəcək, amma heç kəs bundan sığortalanmayıb, 1-ci və 2-ci dalğanı uğurla adlasam da bu dəfə ötüşmədi, baxmayaraq ki, peyvənd də olunmuşdum.
Aprelin 26-sı səhər erkən üşütmə, ardınca qızdırma başladı, tibbi yardım çağırıb yaxma verdik və axşam məlum oldu ki, cavab pozitivdir, tanış həkimə müraciət etdik, analizlərin cavabı yüngül kecirəcəyimizdən xəbər verdi.
Amma, axşama doğru qızdırma qalxdı və beləcə cümə gününə qədər enmədi, belə olduqda təcrübəli həkim hospitalizasiyani məsləhət gördü, belə də etdik.
Mən əvvəllər də Mərkəzi Gömrük Hospitali haqda çox müsbət rəylər almışdım, bu dəfə özümü ora yerləşdirdilər, həmin andan etibarlı əllərdə olduğumu anladım, peşəkar həkimlər, tibb bacıları məni bir an nəzarətsiz qoymur və intensiv surətdə müalicəyə başladılar. Aydın oldu ki, ürək xəstəliyi və "şəkər" öz işini görüb, məhz şəkər xəstəliyin sürətinə və miqyasına rəvac verib.
Bəs peyvənd? Təcrübəli həkimlərim sadə dillə izah etdilər-ilkin günlərdə məhz peyvənd virusun qarşısını nisbətən alıb.
Müalicə davam edir və xəstəliyin məlum 7-11-ci kritik günlərini təcrübəli, peşəkar və çox həssas hospital tibb personalı uğurla dəf etdilər, hər gün səhər, lap ertədən başlayan müayinələr günortaya yaxın baş həkimin hər gün palataya gəlişi və həkimlərlə bərabər müalicənin gedişi ilə söhbətimizi unutmuram. Mən o qədər xoş təsir bağışlayan bu gözəl insanlara - baş həkimdən tutmuş adı həkimlərə, tibb bacılarına, tibbi personala çox minnətdaram, böyük bir zəhmətin nəticəsində MGH tərəfindən covidə qarşı mükəmməl sistem yaradılıb və bu sistem uğurla işləyir.
Bir neçə kəlmə hospitalın mətbəxi barədə-adətən xəstəxana yeməkləri o qədər də dadlı olmur-xüsusilə dietik yeməklər, amma bu ayrı idi, həddindən artıq dadlı, rəngarəng və səhər yeməyindən fərqli olaraq 1 həftə qaldığım müddətdə təkrar yeməklər verilmədi və hamısı da çox dadlı! Hər dəfə əllərinizə sağlıq deməyi unutmurdum!
Vaxt gəldi, müalicə bitdi və mən dünən evə yollandım, həkimlərimlə - bu həssas, peşəkar kollektivlə təbəssüm və razılıqla ayrıldıq-ən xoş xatirələrlə!
Diqqət yetirdinizsə, mən heç kəsin adını ayrıca vurğulamadim-ehtiyac duymadım, bu bir mobil peşəkar, savadlı və öz işinin ustaları olan kollektivdir, baş həkimdən tutmuş ən sadə personalına qədər. Azərbaycan səhiyyəsinin peşəkarları!
Ailəm və öz adımdan sizə təşəkkür edirəm, əziz həkimlərim, yorulmayın, xəstələnməyin və daim iş başında olun, xəstələrimizin sizin köməyinizə hələ çox ehtiyacı var!

Dərin hörmət hissi ilə - Azərbaycanın əməkdar mədəniyyət işçisi, İTV və radio aparıcısı Rahib Azəri