“Lavrov vədlər verib və heç zaman yerinə yetirməyib” POLİTOLOQDAN CİDDİ TƏPKİ

11 May 2021 16:21 (UTC+04:00)

“Sergey Lavrovun əslində, sözlərinə deyil, əməllərinə diqqət yetirmək lazımdır. O, sözdə guya balans saxlamağa çalışır, Ermənistanı da, Azərbaycanı da ittiham etmir və biz bunu səfər zamanı da gördük". Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, əsas əməldir, Lavrovun əməli isə, hər zaman göz qabağında olub və o, əvvəllər də Azərbaycana səfərlər edib, müxtəlif vədlər verib, heç zaman da yerinə yetirməyib.

“Lavrov gedib Ermənistanda qondarma “soyqırım abidəsi”ni ziyarət edib və mən gözləyirəm ki, bu gün şəhidlər xiyabanını ziyarət etsin. Etməsə, bu, Azərbaycana xoş olmayan bir mesaj olacaq. O ki, qaldı onun açıqlamalarına, artıq dövlət başçısı Naxçıvana səfəri zamanı Lavrova dolayı mesajlar göndərmişdi ki, biz statusu müzakirə etməyəcəyik, məsələ, münaqişə həll olunub və bizə sırımasınlar ki, danışıqlar getməlidir.
Dövlət başçısı məntiqi suallar səsləndirib ki, əgər münaqişə həll olunmayıbsa, 10 noyabr bəyənatı nədir? Ölkə rəhbəri bildirib ki, orada bir neçə maddə var və bu, atəşkəs sənədi deyil, münaqişə həll olumayıbsa komunikasiyalar necə açıla bilər. Bu da Lavrova ciddi bir mesajdır.

Lavrov Bakıda bizə xoş olmayan başqa bir mesajı da verdi ki, YUNESKO bu işdə iştirak etmək istəyir. Bəs, 25 il, 26 il ərzində bizim məscidlər dağıdılanda, mədəniyyət mərkəzləri dağıdılanda, YUNESKO harda idi? Niyə gəlib işğal altındakı torpaqlarda araşdırmalar aparmırdı və indi isə azad olunan torpaqlara gəlmək istəyir və Rusiya da bunu dəstəkləyir?

Ona görə də mən Lavrovun bu səfərindən də real nəticə gözləmirdim. Sözdə ola bilsin bizim xətrimizə dəyməməyə çalışırlar. Amma əməldə kifayət qədər bizə qarşı addımlar atırlar. Mən gözləyirəm ki, bu gün onun mətbuat konfransı keçiriləcək və ona, “İskəndər” raketləri və digər məsələlərlə bağlı ciddi suallar veriləcək.
Biz əsas əmələ inanmalıyıq ki, əməl necədir. Əməldə isə görürük ki, Rusiya tərəfi və Lavrov yenə də ermənilərin xeyrinə addımlar atırlar, orada hərbi bazalarını genişləndirirlər. Bütün bu məsələlər bizi narahat edir. Biz əslində bütün bu suallara cavab tapmaq istəyirik”, deyə Elxan Şahinoğlu deyib.