"İnformasiya texnologiyalarında hələ də yanlış stereotiplər hansılardır?" - EKSPERT AÇIQLADI

10 May 2021 18:18 (UTC+04:00)

“İnformasiya texnologiyaları hələ də çoxlu stereotiplərlə, yanlış fikirlərlə doludur. Bunu ölkəmizdə daha da aydın hiss etmək olur. “Mən proqramçıyam” deyən kimi “facebook"un parolunu qıra bilirsən?”, “komputerim donur, format edərsən?”, “uşağları evdə kompüterdə nə edirlər deyə bilmək istəyirəm ?!” və başqa bu kimi sualları ilə üzbəüz qalırsan. Bunlardan əlavə proqramlaşdırma sahəsinə yeni başlamaq istəyənlərə və ya İT-dən uzaq şəxslərə bu sahə “çox çətindir” deyirlər, müxtəlif fikirlərlə qorxudurlar. İnformasiya Texnologiyaları olduqca mürəkkəb və dəqiqliyi sevən bir sahədir. İT-nin ən məşur ixtisaslarını sizə sadalamaq istərdim. Bunlar: süni zəka, kibertəhlükəsizlik mütəxəssisləri və bu sahənin reytinq üzrə birinci yerini tutan data scientist ixtisası var”. Bu fikirləri SİA-ya açıqlamasında İnformasiya təhlükəsizliyi üzrə ekspert Səkinə İlqarqızı deyib.

Ekspertin sözlərinə görə, dünyanın bir çox şirkətləri aktiv şəkildə avtomatlaşdırılmış sistem və süni zəka üzrə texnologiyaların inkişafı ilə məşğuldurlar: “Dronlar, pilotsuz avtomobillər və s. buna misal gətirmək olar. Bu sahədə olan mütəxəssislərə tələbat isə getdikcə artır və artmaq da davam edəcək. Unutmayaq ki, Ermənistan ilə müharibədə də elə qardaş Türkiyə ölkəsinin istehsalı olan pilotsuz döyüş təyyarələri PUA-lar düşmən tərəfin qorxulu yuxusuna çevrilmişdir. Türkiyənin “BAYKAR” şirkəti tərəfindən icad ve istehsal olunan “BAYRAKTAR TB2” pilotsuz təyyarələrin tədarükü ölkəmizdə hələ də davam edir, bu da birbaşa bu sahəyə olan tələbatın artmağı deməkdir. Növbəti İT-nin ən vacib sahələrindən biri Kibertəhlükəsizlik üzrə mütəxəssis hesab olunur”.

S.İlqarqızı vurğulayıb ki, texnologiyaların inkişafı ilə birlikdə həmçinin kibertəhlükələr də təkmilləşir: “İlk müsahibəmdə belə qeyd etdiyim kimi müharibə cəbhədə bitmiş hesab olunsa belə, informasiya və internet platformalarında mütəxəsisslər tərəfindən müharibənin ilk günləri kimi sözün əsl mənasında savaşlar gedir. Ermənistan tərəfindən olunan kiberhücümlar qeyri-peşəkar hesab olunsalarda, sonunda əsasən dövlətimizin informasiya ehtiyatlarına olan hücumlardır. Bunun fonunda kibertəhlükəsizlik üzrə mütəxəssislərə olan tələbatın yüksəlməsi heç də təəccüblü deyil. Ən sonuncu “Data science” sahəsi haqqında qısa məlumat vermək istərdim. "Data scientist" olan birisinin işi verilən, alınan məlumatları analiz edib informasiya texnologiyaları ehtiyyatlarına daxil etməkdən ibarətdir. Süni zəka, biznesin bir hissəsi olmağa doğru gedir. Məlumatların analiz işi isə onun təməlində olan əsas faktorlardan biridir. Bir çox mütəxəssislərin fikrincə dərinləşdirilmiş maşın təlimi, texnologiyanın gələcəyidir və böyük məlumatlarla iş üzrə alimlər mütəmadi şəkildə məşhur ixtisas reytinqlərində birinci yeri tuturlar. Azərbaycanda informasiya texnologiyalarına (IT - Information Technology) artan maraq vətəndaşlarımız arasında bu sahə ilə bağlı dərin biliklərə yiyələnməyi labüd edib. Və bütün bunlardan irəli gələrək, IT sahəsinin tədrisi ilə bağlı Təhsil Nazirliyi və digər qurumlar tərəfindən olduqca uğurlu addımlar atılıb və davam etməkdədir. Ölkəmizdə ənənəvi olmasa da, İT sektoruna son zamanlar xanımların artan marağı da diqqətdən yayılmır və bu faktor olduqca sevindiricidir”.