Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür

10 May 2021 00:01 (UTC+04:00)

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, fəhlə ailəsində anadan olmuşdu. Naxçıvanda orta təhsil almış, Pedaqoji Texnikumu bitirmişdi. 1939-1941-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxumuşdu. H.Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarlığı Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik orqanlarında işləmişdi. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Ağılı və işgüzarlığı sayəsində H.Əliyev general-mayor rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi Əks-Kəşfiyyat İdarəsinin rəisi, 1965-ci ildən bu Komitə sədrinin müavini, 1967-ci ildən isə sədri olmuşdu.

Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi və Mərkəzi Komitənin büro üzvü seçilib.

Heydər Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. Rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi mənfi hallar olduğunu və onlara qarşı mübarizənin vacibliyini cəsarətlə elan etdi və bu hallara qarşı qəti mübarizəyə başladı.

H.Əliyev 1977-ci il SSRİ Konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasının üzvü və 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasını hazırlayan Konstitusiya Komissiyasının sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına qarşı yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ Konstitusiyasını hazırlayan Komitənin üzvü kimi SSRİ rəhbərliyi qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı. Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən respublika Konstitusiya Komissiyasının hazırladığı yeni "Azərbaycan SSR Konstitusiyası" 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiya mövcud olan dar imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Ölkə rəhbərliyinin etirazına baxmayaraq, H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili respublikada dövlət dili statusunu saxladı.

70-ci illərdə Sovet İttifaqında əsas orta iqtisadi göstəricilərin artım sürətinin aşağı düşdüyü bir vaxtda Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 (əvvəlki 50 ildəki qədər), xalq istehlakı malları istehsalı 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşdırılmışdı. 1970-1982-ci illərdə respublika 12 dəfə müxtəlif Ümumittifaq yarışlarının qalibi oldu, keçici Qırmızı Bayraqlara layiq görüldü.

Heydər Əliyevin SSRİ rəhbərliyində böyük nüfuzu vardı. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

H. Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

H. Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

H. Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.