Xalq Heydər Əliyevə özünün yeganə xilaskarı, müstəqilliyin təminatçısı..." MƏQALƏ

9 May 2021 20:13 (UTC+04:00)

Ulu öndərin Heydər Əliyevin vəfatından 18 il ötməsinə baxmayaraq onun bu xalq, millət, ən əsası da müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman xatırlanacaq və gələcək nəsillər üçün örnək olacaqdır. Heydər Əliyev yaşadığı ömrün hər dəqiqəsini, hər şərəfli anını vətənə olan sevgisinə, Azərbaycan xalqına həsr etmişdir. Ulu öndərin Azərbaycan xalqına etdiyi yaxşılıqlar misilsizdir. Onun keçdiyi həyat yolu zamana və məkana sığmayacaq qədər genişdir.

Heydər Əliyevin Azərbaycan tarixinə təsiri çox böyükdür. O, müstəqil Azərbaycan dövlətinin arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. Azərbaycan xalqını müstəqil dövlət qurmağa doğru aparan yol, əslində, 1969-cu ildən - məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlanır. Ulu Öndərin Azərbaycan rəhbərliyinə seçilməsi ilə Azərbaycan xalqının onilliklərlə yaradılmış mənfi imicinə son qoyuldu. Azərbaycanda ictimai-siyasi, iqtisadi-mədəni, elmi, bir sözlə, bütün sahələrdə sürətli inkişaf başladı. Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, onun simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır. O, milli ruhun dirçəldilməsinə, öz zəmanəsinin Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də bütün ziyalıların, bütün Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdir. O illərdə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan musiqisi – nadir milli mədəniyyətimizin bütün qatları sankı təzədən açılır və yenidən qiymətləndirilirdi.

Heydər Əliyev Azərbaycanı dirçəltməklə və yeni Azərbaycan yaratmaqla yanaşı, həm də onun gələcəyini düşünürdü. O, gənclərə çox böyük diqqət yetirirdi. Kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi əvvəllər görünməmiş sürətlə gedirdi. Gənclər respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsindən ötrü son dərəcə gərəkli ixtisaslara yiyələnmək üçün Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği üçün imkanlar genişlənirdi. Hələ Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Heydər Əliyev Azərbaycanda yaradıcı adamlar üçün elə bir şərait yaratmışdı ki, bu, sərbəst düşünməyə və milli-mənəvi idealların bərqərar edilməsinə doğru aparan yolları axtarmağa imkan verirdi. Öz xalqının maraqlarına dərindən bağlı olan Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. O, yaxşı bilirdi ki, milli varlığını qorumağı bacaran, ictimai şüur baxımından mütəşəkkil olan bir millət gec-tez özünəməxsus dövlətini quracaq.

Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü Azərbaycanın ən yeni tarixində dönüş illəri, ictimai-iqtisadi həyatın, elm, mədəniyyət və incəsənətin sürətlə tərəqqisi dövrü olmuşdur. Ulu öndər Azərbaycanı sovetlər birliyində yaxşı tanınan bir respublikaya çevirdi.

1987-1991- ci illərdə Heydər Əliyevi məhz milli dövlətçiliyimizin taleyi narahat edirdi. O, artıq öz siyasi seçimini etmiş və Azərbaycanın müstəqilliyi uğrunda gərgin siyasi mübarizəyə başlamışdı. Lakin Azərbaycanda müstəqil milli dövlət quruculuğu prosesi bir çox ciddi əngəllərlə üzləşirdi. 1990-1991-ci illərdə Dağlıq Qarabağda hadisələr gündən-günə gərginləşirdi. Respublikada baş alıb gedən siyasi hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr dövlətçiliyə ağır zərbələr vururdu. 1992-ci ilin may-iyun aylarında Xalq Cəbhəsi – Müsavat cütlüyü hakimiyyətə gəldi. Həmin günlərdə nəinki dövlət quruculuğu prosesi ilə bağlı məsələlər ön plana çəkilmirdi, hətta hər bir azərbaycanlının ləyaqətinə və qüruruna toxunan ağlasığmaz qərarlar qəbul edilirdi. Maraqlı idi ki, Azərbaycanın sağlam siyasi qüvvələri, xalqın böyük əksəriyyəti kimi, ölkəni uçuruma aparmış keçmiş iqtidar nümayəndələri, digər müxalif siyasi qüvvələr də məhz Heydər Əliyevin hakimiyyətə dəvət olunması zərurətini dərk etmişdilər. Onlar başa düşürdülər ki, Azərbaycanın indiki vəziyyətdə xilaskarı yalnız Heydər Əliyev ola bilər. 1993-cü ilin iyununda Azərbaycan xalqı müstəqilliyə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar etdikdə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı.

Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı.

Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın sahmana salınmasına yönəldildi. Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev böyük quruculuğun, daxili vəziyyətin stabilləşməsinin tədbirlərini gerçəkləşdirməyə başladı. 1994-cü ildə atəşkəsin imzalanması sayəsində Ümummilli Lider Azərbaycan-Ermənistan cəbhəsindəki ağır vəziyyətə son qoydu. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı. İqtisadi inkişafı müstəqilliyin mühüm amili hesab edən ulu öndər Heydər iqtisadiyyata sərmayə qoyuluşunun prioritet əhəmiyyət kəsb etdiyini yaxşı bilirdi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə kəşfiyyatı, işlənməsi və hasilatın bölgüsü üzrə dünyanın tanınmış neft şirkətlərinin birləşdiyi konsorsiumla "Əsrin müqaviləsi" adlandırılan tarixi saziş imzalandı. "Əsrin müqaviləsi"nin imzalanması ilə ardıcıl şəkildə reallaşdırılmağa başlayan "neft strategiyası" iqtisadiyyatın kəskin ehtiyac duyduğu xarici investisiya qoyuluşunun dinamik şəkildə artmasına, ölkənin sosial-iqtisadi inkişaf yoluna çıxmasına və dünya birliyinə hərtərəfli inteqrasiyasına mühüm təsir göstərmişdir. Bu razılaşmanın imzalanmasından sonra ölkədə gedən ictimai-siyasi və iqtisadi proseslər xarakterində nəzərəçarpacaq dəyişikliklər baş verdi.

Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın "pasportu" idi. Ölkənin iqtisadi həyatının dirçəlməsinə təkan verən özəlləşdirmə, aqrar islahatlar aparıldı, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər görüldü. Demokratik, hüquqi dövlət quruculuğu prosesi geniş vüsət aldı. MDB məkanında ilk dəfə məhz Azərbaycanda ölüm hökmü ləğv edildi. Söz, mətbuat, fikir azadlığı təmin olundu. Beynəlxalq aləmdə respublikamız demokratik ölkə imici qazanmağa başladı.

Xilaskar missiyası ilə böyük siyasətə qayıdan Heydər Əliyevin daxili və xarici siyasəti sayəsində uzun illərin hakimiyyətsizliyinə, anarxiyaya, etnik seperatçılığa son qoyuldu. Azərbaycanın dövlətçiliyi məhvolma təhlükəsindən birdəfəlik xilas oldu. Böyük liderin çoxşaxəli gərgin, yorulmaz siyasi fəaliyyəti tezliklə öz bəhrələrini verdi. Azərbaycan beynəlxalq aləmdə demokratik imicini qoruyub saxlamaqla dünya birliyinin tam və bərabər hüquqlu üzvünə çevrildi. Cəmiyyətdə vətəndaş sülhü və sabitlik, qanun aliliyi prinsipi bərqərar oldu. Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiya Azərbaycanın müasir dünyada özünəməxsus yerini müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Mən əminəm ki, Heydər Əliyevin Şah əsəri – onun qurduğu müstəqil Azərbaycan dövlətidir. Bu gün Heydər Əliyevin dövlət quruculuğu kursunu Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Ona görə də Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir!

Rəşadət XALIQOV

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü