Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib

9 May 2021 11:01 (UTC+04:00)

İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Beyləqan şəhərində 1941-1945-ci illər müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış memorial kompleksi qarşısında mərasim keçirilib. Tədbirdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Rusiya tərəfdən olan şəxsi heyətin rəhbəri general-mayor Viktor Fedorenko, Azərbaycan Ordusunun qalib əsgərlərindən bir qrupu, Beyləqan rayon ictimaiyyəti, müharibə veteranları iştirak edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, əvvəlcə "Azərbaycan İkinci Dünya müharibəsi illərində", "Heç kim unudulmur, heç nə yaddan çıxmır" və iki dəfə Sovet İttifaqı qəhrəmanı adını almış Həzi Aslanova həsr edilən fotosərgiyə, eləcə də müharibədə şərəfli döyüş yolu keçən Azərbaycan milli diviziyalarının döyüş bayraqlarına baxış olub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası hərbiçiləri adından İkinci Dünya müharibəsində iştirak etmiş həmvətənlərimizin xatirəsinə ucaldılan memorial kompleksin qarşısına əklillər qoyulub və müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Beyləqan rayon Tarix-Diyarşünaslıq muzeyində İkinci Dünya müharibəsi veteranları ilə hərbi qulluqçuların görüşü keçirilib. Görüşdən əvvəl iştirakçılar muzeyin ekspozisiya zalında Beyləqan rayonunun tarixi, folkloru, etnoqrafiyasını özündə əks etdirən eksponatlarla tanış olublar. "Beyləqan 1941-1945-ci illərdə" adlı guşədə rayon sakinlərindən 836 nəfərin müharibədə iştirak etdiyi və onların yarıdan çoxunun həlak olduğu haqqında məlumat əks olunub.

Qonaqlara muzeydə Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirə əşyaları, mükafatları barədə də məlumat verilib. Bildirilib ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində dünyaya gələn Gəray Əsədov Mozdokdan Rumıniyayadək döyüş yolu keçib. 1944-cü ilin oktyabrında Morgita şəhərindəki döyüşlərdə bədəni ilə düşmənin atəş nöqtəsini örtərək, sovet əsgərlərinin hücuma keçməsinə şərait yaradıb, eyni zamanda, böyük bir şəxsi heyəti ölümdən xilas edib. "Qırmızı bayraq" ordeni ilə təltif olunub. Ona ölümündən sonra "Sovet İttifaqı Qəhrəmanı" fəxri adı verilib.

Sonra dəyirmi masa ətrafında müharibə veteranları ata-babalarımızın faşizm üzərində qələbənin qazanılmasında rolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində Rusiyanın nümayəndəsi general-mayor Viktor Fedorenko 1941-1945-ci illərdə Azərbaycan xalqının həm arxa cəbhədə, həm də ön cəbhədə müstəsna xidmətlərini xatırladıb.

Qələbənin varisləri adından iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun nəvəsi Emin Aslanov çıxış edib. Tədbir iştirakçılarına Həzi Aslanov haqqında Abdulla Qurbaninin yazdığı (rus dilində) "İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov" albom-kitabı və Azərbaycan döyüşçülərinin müharibədəki uğurlarını əks etdirən filmlərdən ibarət disklər hədiyyə olunub. Veteranlar İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş azərbaycanlıların qəhrəmanlığından vətənpərvərlik nümunəsi götürən gənc nəslin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində Qələbə qazanmasından fəxarət hissi duyduqlarını bildiriblər.

Tədbirdə Azərbaycan və rus bəstəkarlarının müharibə illərində yazdıqları vətənpərvərlik mahnıları səsləndirilib.