Müasir Azərbaycan dövlətinin yaranması və inkişafı Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır

8 May 2021 11:23 (UTC+04:00)

Tarixi faktlar və reallıqlar göstərir ki, hər bir dövlətin müstəqillik əldə etməsi və inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir. Bu mənada, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür.

Azərbaycanın 14 iyuldan başlayan inkişaf və rifah yolu

Məlum olduğu kimi, SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu. Heydər Əliyev dühası 1969-cu ilədək SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevirə bildi. O, ölkəsini, sözün əsl mənasında, qaranlıqdan aydınlığa çıxardı, ətalət buzunu əritdi. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə həyatın ritmi büsbütün dəyişdi. Ölkəmizin müstəqillik tarixinin, işıqlı yolunun başlanğıcı qoyuldu.

Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrü kimi də səciyyəvidir. Böyük şəxsiyyət sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. Bir sözlə, Ulu Öndər şüurlarda inqilabi dəyişiklik yaratdı.

Bununla yanaşı, 1978-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bundan başqa, "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün bu işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar oldu.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi. Bir sözlə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Bu dönəmdə həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü, Azərbaycan SSRİ miqyasında sürətlə inkişaf edən respublikaya çevrildi.

1993-cü il 15 İyun - xalqımızın nicat yolunun başlanğıcı

Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Belə fenomenal liderlər xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri dəyərlərlə çulğalaşmış siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur. 1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alındı, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu.Dahi Öndər Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmiş, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi" sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.

Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verməsi də Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da "Səs" Ulu Öndər Heydər Əliyevə müraciət və Ümummilli Lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi Azərbaycanın siyasi tarixində dönüş nöqtələrindən birini təşkil edir. Daha dəqiq desək, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və 1993-cü ildə xalqın dəstəyi ilə hakimiyyətə gəldi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı kimi çıxış etməkdədir. Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

Hər nailiyyətdə Ulu Öndər Heydər Əliyev izi, imzası var

Bəli, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinin hər iki dövrü barədə cild-cild kitablar, araşdırmalar hazırlanıb. Dünyanın məşhur tədqiqatçıları bu tarixi mərhələləri öyrənib, təhlil ediblər, çox dəyərli əsərlər yaradıblar. Ancaq yenə də yetərli deyil.

Heydər Əliyev dühasından nə qədər yazılsa da, bəhs edilsə də, yenə də bu şəxsiyyətin bütün fəaliyyəti, əməlləri əks olunmaqda acizdir. Hər dəfə yeni bir müsbət məqam, yeni bir yanaşma ortaya qoymaq olur. Eləcə də bu gün hansı sahədə nailiyyət, inkişaf varsa, möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istisnasız olaraq, onların hər birində Heydər Əliyev izi, Heydər Əliyev imzası var!

2003-cü ildən başlayaraq ümummilli liderin davamlı iqtisadi inkişaf modeli Heydər Əliyev məktəbinin istedadlı yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla inkişaf etdirilir.

Siyasi varislik: ləyaqətli siyasətin anatomiyası

Heydər Əliyev daxili siyasətlə xarici siyasət arasında yüksək uyğunluğa nail olmuşdu. Xarici siyasətdə enerji faktorunu da nəzərə alanda, regional əməkdaşlıq perspektivi aydın hiss olunurdu. Qlobal təhlükəsizlik kontekstində bu, terrorla mübarizədə aktiv iştiraka yol açırdı, daxili sabitliyə nail olmaq üçün isə cəmiyyətin müxtəlif kəsimləri arasında həmrəyliyin təmin edilməsi üçün əsas yaradırdı. Sonuncu məqam multikultural dəyərlərin inkişafına maksimum şəraitin yaradılmasında, dini konfessiyalararası dialoqa imkanların açılmasında və vətəndaş həmrəyliyinin təmin edilməsində prinsipial rol oynayıb. Məhz bu xətt indi Azərbaycanda multikulturalizmi birgəyaşayışın başlıca üsuluna çevirib. Hətta ölkə bu aspektdə digərləri üçün nümunə halına gəlib. Bu barədə dünyanın nüfuzlu siyasi xadimləri belə öz fikirlərini bildirirlər.

Nəhayət, yuxarıda vurğulanan məqamlar varislik prinsipinin konkret üstünlüklərini təsdiq edir. Həmin xüsusiyyət Prezident İlham Əliyevin aşağıdakı fikirlərində öz dolğun və konkret ifadəsini tapıb. Ölkə başçısı müstəqilliyin bərpasının 25 illiyi ilə əlaqədar təşkil edilmiş rəsmi qəbulda söyləyib: "Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir".

Bəli, bu gün müasir və müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı, milli maraqları hər şeydən üstün tutan Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində gələcəyə doğru inamla irəliləyir.

Bir sözlə, müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərini yaşadığımız bu günlərdə qazandığımız möhtəşəm zəfər möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, xalqımıza sevinc bəxş etdi, Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaradan Ulu Öndərin böyük arzusunu da uğurla gerçəkləşdirdi.

RAMİZ ŞABANOV,

YAP Tərtər rayon təşkilatının sədri