Bayden-Putin görüşü AZƏRBAYCANDA OLA BİLƏR

7 May 2021 23:15 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden, Vladimir Putinlə görüşünün iyun ayında baş tutacağına inandığını bildirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ Prezidenti bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, media nümayəndələri bu görüşün yay aylarında Avropada baş tutub-tutmayacağını Baydendən soruşublar.

"Əminəm ki, bunu edə biləcəyik, amma indi konkret vaxt və məkan yoxdur, bunun üzərində işləyirik", deyə ABŞ Prezidenti bildirib.

Jurnalistlər, Baydenə Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə olmasını ABŞ üçün bir növ "siqnal" hesab edib-etməyəcəyini də soruşublar. Dövlət başçısı bu vəziyyətin onun Putinlə görüşmək arzusuna heç bir təsir göstərmədiyini deyib.

Öz növbəsində Ağ Evin mətbuat katibi Cen Psaki gələcək görüşün tarixi, yeri və gündəliyinin hələ müəyyənləşdirilmədiyini vurğulayıb.

Xatırladaq ki, aprelin ortalarında Bayden, rus həmkarına, yığılmış problemləri müzakirə etmək üçün yayda Avropada ikitərəfli görüş keçirməsini təklif edib. "Politico" nəşrinin keçmiş Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, görüş Çexiya, İslandiya, Sloveniya və ya Azərbaycanda keçirilə bilər.