Məhkumların reinteqrasiyasında İNNOVATİV YANAŞMA-FOTO

7 May 2021 19:28 (UTC+04:00)

Ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun islahatların, o cümlədən idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə kadr islahatlarının aparılması, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verinlən məlumata görə, bununla əlaqədar ədliyyə orqanlarında işin təkmilləşdirilməsi məqsədilə müvafiq struktur və kadr islahatları aparılıb, ədliyyə işçilərinin, o cümlədən penitensiar xidmət əməkdaşlarının məsuliyyət hissi və tələbkarlıq artırılıb, sui-istifadə, korrupsiyaya şərait yaradan pozuntulara və digər nöqsanlara yol verən işçilər barəsində ciddi tədbirlər görülüb.

Belə ki, nazirlik tərəfindən aparılmış xidməti yoxlamanəticəsində qadın məhkumların saxlanıldığı cəzaçəkmə müəssisəsində aşkar olunmuş nöqsan və problemlər aradan qaldırılaraq kadr dəyişikliyi aparılıb, müəssisənin rəhbərliyi yenilənib, işçi heyətlə məhkumlar arasında davranış qaydalarına, rejimə və nizam-intizama əməl edilməsi təmin olunub.

Eyni zamanda penitensiar infrastrukturun müasirləşdirilməsi çərçivəsində yeni, o cümlədən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün müəssisələrin inşa olunaraq bu il istifadəyəverilməsi nəzərdə tutulur, mövcud olanlarda isə Penitensiar xidmət tərəfindən təmir-bərpa, o cümlədən müsbət psixoloji təsirə malik boya-abadlıq işləri aparılır.

Cəmiyyətin həssas təbəqəsi olan qadın və yeniyetmə məhkumların qayğı və problemləri ilə maraqlanılaraq onların hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili ilə bağlı sorğular keçirilib, həmçinin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yeniyetmə məhkumların valideynləri ilə ünsiyyət qurmaları üçün videokonfrans formatında görüşlər təşkil edilir. Bununla yanaşı, onların ayrı-ayrı ixtisaslara, peşə sahələrinə olan marağı öyrənilib. Bu prosesdə uzun illərdir səmərəli ictimai iştirakçılıq mexanizmi olan Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından geniş istifadə olunub.

Bununla bağlı nazirlik tərəfindən məhkumların istəkləri nəzərə alınaraq bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə bağlı proqramlar, təlim-tədris kursları təşkil olunub. Bu da azadlığa buraxıldıqdan sonra məhkumların yeni yiyələndikləri peşələr hesabına məşğulluğuna, işlə təminatına, bütövlükdə azad cəmiyyətə daha tez uyğunlaşmasına imkan yaradır.

Bu məqsədlə ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tələbə-həmkarlar təşkilatları, vətəndaş cəmiyyəti institutları dəvət olunmaqla cəzaçəkmə müəssisələrində çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən tədbirlər, xarici dil və müxtəlif peşə kursları təşkil olunub.

Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbəyə həsr olunan tədbirlərdə məhkumlar ölkəmizin hərbi-siyasi uğuru, xalqımızın vətənpərvərliyi, dövlətimiz və ordumuzla həmrəyliyi, dünya hərb tarixinə öz unikal əməliyyatları ilə düşən hərbçilərimizin qəhrəmanlığı barədə məlumatlandırılıb. Qələbə münasibətilə nazirlik tərəfindən hazırlanmış "Zəfər yürüşü" filmi nümayiş etdirilib.

Eyni zamanda dövlət başçısı tərəfindən elan olunmuş 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində dahi şair və mütəfəkkirininsanları əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığına həsr olunmuş tədbirlər keçirilib. Azərbaycan Dillər Universitetinin və Sumqayıt Dövlət Universitetinin müəllimləri dəvət olunmaqla məhkumlara humanizm, ədalətlilik, qanunçuluq, milli təəssübkeşlik, dini və milli-mənəvi dəyərlərimiz mövzularında mühazirələr tədris olunub. Yeniyetmə məhkumlarla fakültativ məşğələlər, dil və kompüter kursları təşkil edilib.

Məhkumlara keyfiyyətli hüquqi yardımın göstərilməsi diqqətdə saxlanılaraq Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlıq çərçivəsində Kollegiyanın Hüquqi Yardım və Tədris Mərkəzinin vəkilləri, habelə İnsan Hüquqları üzrə Birgə İşçi qrupunun üzvləri olan hüquq müdafiəçiləri tərəfindən cəzaçəkmə müəssisələrinə mütəmadi baş çəkilərək məhkumlarla görüşlər keçirilib, onların qayğı və problemləri ilə maraqlanılaraq hüquq və vəzifələri, cəmiyyətə yenidən inteqrasiyası və digər məsələlərlə bağlı müxtəlif pulsuz hüquqi yardım göstərilib.

Bununla yanaşı, "Ümidli Gələcək Sosial Təşəbbüslər" İctimai Birliyinin psixoloqları tərəfindən məhkumların sosial davranışı, emosional psixoloji vəziyyətin yaxşılaşdırılması, reabilitasiyası və s. mövzular üzrə mühazirələr keçirilib, onlarla psixoloji söhbətlər aparılıb.

Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.