“Müzəffər ordumuzun memarı!” adlı onlayn tədbir keçirilib - FOTOLAR

7 May 2021 15:35 (UTC+04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirilib.

Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə qurulan müstəqil Azərbaycan Respublikasının bu gün Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək məharətlə gerçəkləşdirdiyi müdrik daxili və xarici siyasəti nəticəsində hərtərəfli inkişaf etdiyi modern dövlətə çevrilərək, parlaq tərəqqi və qüdrətli dövlətçilik dövrünü yaşamasından danışıb. Bildirib ki, “Ulu Öndərin gərgin əmək və zəhməti bahasına əsası qoyulmuş, tətbiq etdiyi döyüş taktikası dünyanın aparıcı ölkələri tərəfindən bu gün diqqətlə öyrənilən rəşadətli Milli Ordumuz yüksək döyüş qabiliyyəti və ən müasir silahları ilə XXI əsrdə tarix yazdı. Müzəffər Ali Baş Komandan kimi cənab Prezidentimizin cəsur sərkərdəliyi altında ötən il 44 günlük Vətən Müharibəsində işğalçı Ermənistan ordusu tamamilə darmadağın edildi. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən Müharibəsi Böyük Zəfərlə nəticələndi”.

Zaur Abdullayev çıxış üçün sözü Milli Məclisin deputatı Hikmət Babaoğluna verib. O qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı gündən ilk növbədə ali hərbi məktəblərə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər apardı. Məktəblərə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı.

Çıxış edən Xidmətin idarə rəisi, mayor Füzuli İsmayılov ölkənin müasir inkişafının, o cümlədən müasir silahlarla təmin edilmiş, yüksək döyüş hazırlıqlı Silahlı Qüvvələrimizin möhkəm təməlinin Dahi şəxsiyyət Heydər Əliyevin prezidentliyi dövründə qoyulduğunu vurğulayıb.

Gənclər fondunun nümayəndəsi Orxan Ərəbov Ulu Öndərin gənclər siyasəti haqqında geniş məruzə edib. Fond tərəfindən Ümummilli Liderin irsinin öyrənilməsi və gənclər arasında yayılması üçün önəmli fəaliyyətin görüldüyünü vurğulayıb. Tədbirdə iştirak edən “TOHGMİB”-nin sədri Emin Həsənli qeyd edib ki, Ulu Öndərin doğum günü Azərbaycan cəmiyyəti, türk dünyası bütün tərəqqisevər insanlar üçün bir bayramdır. Müasir Azərbaycanın uğurlar əldə etdiyi bütün sahələrdə onun imzası vardır.

Tədbir hərbi ekspert, KİV nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları ilə davam etdirilib. Tədbirdə iştirak edən 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli, istefada olan general-leytenant Yaşar Aydəmirov, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatlar, müasir Silahlı Qüvvələrimizin dünyanın 50 qüdrətli orduları sırasında olması diqqətə çatdırılıb. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyasının alternativsizliyi bir daha vurğulanıb.