9 May Qələbəsinin görünən və görünməyən tərəfi - ARAŞDIRMA

6 May 2021 17:18 (UTC+04:00)

Qarşıdan gələn 9 may faşizm üzərində qələbə gününün əhəmiyyəti xalqımızın bu qələbənin qazanılmasındakı rolundan irəli gəlir. Bu qanlı müharibə ərzində yüz minlərlə azərbaycanlı cəbhəyə yollandı, faşistlərlə döyüşlərdə bir çoxu şəhid oldu. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib, həmvətənlərimizin 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz adlarını şücaətləri ilə xalqımızın tarxinə qızıl hərflərlə yazıblar.

Bu dönəmdə Azərbaycan igidləri hərb sənətində öz hünərlərini göstərmişdilər. Məlum olduğu kimi SSRİ və Çar Rusiyası dönəmində azərbaycanlılar hərbi xidmətə cəlb olunmasalar da XX-ci əsrin 30-cu illərinin axırında bu adət dəyişdi. Artıq azərbaycanlılar diviziyalar şəklində döyüşürdülər. Belə demək olar ki, Rus hökuməti bütün bu illər ərzində azərbaycanlıları hərb sənətindən uzaq tutmağa çalışsa da sonda müharibə təhlükəsinə qarşı onları da hərbi təlimlərə cəlb edir.

Müharibə dövründə Azərbaycan iqtisadiyyatı da tamamilə hərbi sənayeyə yönəlir. Neft avadanlıqları emal edən zavodlar artıq mərmi istehsal edirdi. Bakının hər yerindən metallar yığılır, əridilir və mərmiyə çevrilirdi. Bütün bunlara baxmayaraq Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. Artıq hər 5 hərbi texnikadan biri Bakı neftçilərinin hesabına işləyirdi. Beləliklə Bakı nefti və neftçiləri faşizm üzərində qələbənin əsas amillərindən olur. Təəccüblü deyil ki, Hitlerin əsas hədəfi Bakı idi. Hətta ingilis tərəfinin verdiyi təkliflərlə SSRİ Bakını bombardman edilməsini düşünmüşdü. Hətta bu proyekt hazır idi. İ.Stalin məktublarında tapşırmışdı ki, Bakı nefti almanların əlinə keçəcək olsa buruqlar partladılsın. Hətta buruqların partladılması və betonlanması SSRİ-nin bir çox hissəsində tətbiq olunmuşdu. Almanlar bu yerləri tutduqda onların əlinə heç nə keçmirdi.

Döyüşlər ərzində Məmmədəli Hüseynovun kəşf etdiyi yüksək oktanlı təyyarə yanacağı böyük üstünlük təmin etdi. Bütün bunlara rəğmən Bakının qəhrəman şəhər elan olunmaması, M.Hüseynova kəşfinə görə mükafat verilməməsi, ermənilərin apardığı düşmənçilik sayəsində olub.

Bu faşizmə qarşı apardığımız müharibədə yüz minlərlə azərbaycanlı həlak oldu və ya itkin düşdü. Eyni zamanda qarşı tərəfdən yəni, Sovet hakimiyyətinə qarşı döyüşən azərbaycanlılar da var idi. Belə ki, onlar Abbas bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan və başqaları tərəfindən təşkil və idarə edilirdilər. Onların bir çoxu AXC-nin mühacirləri idi. Onların məqsədi Soveti məhv edib azad Azərbaycan qurmaq idi. Onlardan bir çoxu “Boz Qurd”,” Azərbaycan İstiqlaliyyəti” ordenləri ilə təltif olunmuşdur. Bu diviziyalar bir çox cəbhədə rusları darmadağın edir, əsir azərbaycanlıları öz tərəflərinə çəkirdilər. Bəllidir ki, Hitler Almaniyasının tərtib etdiyi Böyük Türküstan planı legion əsgərlərinin əsas hədəfi idi.

Bu müharibənin xalqımızda qoyduğu iz dərindir. Azərbaycanlılar qalib gəlsə də SSRİ-nin tərkibində qalmaqda idilər. Azərbaycanın azadlığı üçün döyüşən legion döyüşçüləri də almanlarla birgə məğlub olmuşdular. Artıq azad Azərbaycanda isə bizim öz şanlı qalibiyyətimiz var. Bu tarix bizim üçün 10 noyabr olmaqdadır. Bütün bu müharibələrdə şəhid olmuş döyüşçülərimizi ehtiramla yad edirik.

Zərdüşt Quluzadə