“Karlson” tamaşası onlayn göstəriləcək

6 May 2021 13:33 (UTC+04:00)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rusdilli tamaşaçılar üçün “Karlson” tamaşasını növbəti dəfə onlayn nümayiş etdirəcək. SİA-nın məlumatına görə, gürcüstanlı kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.

Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.

Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır.

Mayın 21-də nümayiş ediləcək birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır. Qeyd edək ki, tamaşa teatrın yutub kanalında saat 12:00-da yayımlanacaq.