Müasir Azərbaycanın qurucusu - HEYDƏR ƏLİYEV

6 May 2021 13:09 (UTC+04:00)

Müasir Azərbaycan tarixinin 34 illik mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüsək inkişaf mərhələsi olub. Dünyanın hər yerinə səpələnmiş soydaşlarımız hər il mayın 10-da Heydər Əliyevin xatirəsi ətrafında birləşirlər.

Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev siyasətinin və idarəçiliyinin təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var.

Onun vaxtilə aldığı qərarlar iqtisadi artım tempinə görə respublikamızı son illər bütün dünyada lider mövqeyə yüksəldib. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir.

Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına olan bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz Ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ildə Azərbaycanı idarə edən AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində vətəndaş müharibəsi ilə üz-üzə qalmış ölkəmizin keşməkəşli iyun günlərində xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Böyük Öndər bütün bəlalardan millətimizi hifz edib qorudu, respublikamızda ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.

Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı "Əsrin müqaviləsi" - milli Neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına imkanlar açmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş Qərb ölkələri ilə daha sıx birləşdirir. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da Ümummilli Liderimizin çox böyük xidmətlərindəndir.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Bu təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.

Bütün varlığı ilə Vətəninə və xalqına candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlayıb. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qlobaliaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdiriiir.

Heydər Əliyev qürur hissi ilə deyirdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam...". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var olub.

Ramiz Yusubov,

YAP Qaradağ Rayon təşkilatının Aparat rəhbəri