“Bir ömür belə keçdi” kitabının təqdimatı olub

5 May 2021 18:07 (UTC+04:00)

Bakı Kitab Mərkəzində Türkiyənin və türk dünyasının ilk qadın vəkili, beynəlxalq qadın hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan soydaşımız Sürəyya Ağaoğlunun "Bir ömür belə keçdi" kitabının təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, layihə rəhbəri Sara Axundova, kitabın Azərbaycan dilinə tərcüməsinin və "Ön söz"ün müəllifi professor Vilayət Quliyevdir.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Günel Anarqızı bildirib ki, Sürəyya Ağaoğlunun Türkiyənin və bütövlükdə türk dünyasının ilk qadın vəkili olması hamımızda qürur hissi yaradır. O qeyd edib ki, kübar xanım kimi özünə qardaş Türkiyədə hörmət qazanan Sürəyya Ağaoğlunun keçdiyi həyatı yolu hamımız üçün nümunədir: "Bu kitabdan əldə edilən gəlir ailədə zorakılığa qarşı mübarizə sahəsində çalışan təşkilatlara yönləndiriləcək. Xeyriyyəçi qadın Sürəyya Ağaoğlu Türkiyədə uşaq evini öz himayəsinə götürmüşdü, bizim bu təşəbbüsümüz də xeyriyyə məqsədi daşıyır".

Bakının ictimai-siyasi həyatında əlamətdar bir gün olduğunu söyləyən tarixçi Fərhad Cabbarov ötən əsrin əvvəllərində Azərbaycanın öndə gedən simaları sırasında Sürəyyanın atası Əhməd bəyi Ağaoğlu də xatırlayaraq bildirib ki, o, peşəkar jurnalistikanın əsasını qoyub, ilk milli partiyanın yaradıcılarından biridir, erməni terrorunun qarşısını almaqda müstəsna xidmət göstərib. Türkiyəyə mühacirət edən və qardaş ölkənin ictimai-siyasi həyatında böyük rol oynayan Əhməd bəy Anadolu agentliyinin rəhbəri olub. Onun qızı Sürəyya Ağaoğlunun da ömrünün böyük hissəsini qadın hüquqları uğrunda mübarizəyə həsr etdiyini deyən F.Cabbarov deyib: "İslam və İslamda qadın" kitabında Sürəyya Ağaoğlu apardığı məhkəmə proseslərini təsvir edib və oxucuya həmin dövrdə qadın hüquqları barədə dolğun məlumat çatdırıb. "Bir ömür belə keçdi" kitabının ötən il Vətən müharibəsi günlərində işıq üzü görməsi xoş hadisə və Şuşada anadan olan Sürəyya Ağaoğlunun ruhuna ehtiramdır. Sürəyya Ağaoğlu bu kitabda ötən əsrin 20-ci illərində Şuşada, Türkiyəyə mühacirət etdikdən sonra isə qardaş ölkədə gedən prosesləri təsvir edib".

Bu ideyanın ötən il yarandığını söyləyən layihə rəhbəri Sara Axundova kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edib.

Qeyd olunub ki, kitabdan əldə olunacaq gəlirin bir hissəsi də regionlarda uşaq hüquqlarının qorunması işinə sərf ediləcək.