"Ələtdə fəqli dünya yaratmaq istəyiriksə, daha fərqli yanaşmalıyıq" Ekspert

5 May 2021 17:46 (UTC+04:00)

"Ələt Azad İqtisadi Zonasının (AİZ) 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacağı gözləntiləri ilə bağlı Milli Məclisdə fikirlər səsləndirilib və müvafiq qanun layihəsi oxunuşa təqdim edilib". Bunu SİA-ya açıqlamasında
iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə iqtisadiyyatın təşəkkül tapması üçün ən yaxşı alətlərdən biri Azad İqtisadı zonalardır: "Çünki dünyada bu təcrübə özünü daha çox doğrultmuşdur. Məsələn, Dubay yoxsul bir balıqçı kəndi idi. 1966-cı ildə tapılan neft orada həyatında canlanma yaratdı, amma şöhrətləndirə bilmədi. Lakin 1985-ci ildə Dubayda yaradılan Azad İqtisadi Zona (AİZ) bu şəhəri dünyanın “Ulduz Şəhər”inə çevirdi. Bəli, Dubayı Dubay edən AİZ oldu. Hazırda dünyada 3000-ə qədər AİZ var. Amma hələ ki Dubay qədər şöhrət qazanan yoxdur. Bizdə isə AİZ mövzusu 2015-ci ildə neft qiymətlərindəki eniş və bu zaman yaranmış iqtisadi böhran zamanı gündəmə gəldi. Düzdür, Ələti Dubaya çevirmək praktik cəhətdən mümkün deyil, amma o modeldən ilhamlanıb, çox şeylər etmək olar. Ətraf ölkələr üçün vacib bazar yarada bilərik. Zaman iştirakçıların sayı və həcmi genişlənər. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmadığı üçün beynəlxalq səviyyədə azad iqtisadi zonanın sürətli təşəkkülü asan məsələ deyil. Amma bütün proseslər düzgün yerinə yetirilsə geniş əhatəli bir AİZ yaratmaq mümkündür. Bu zaman tətbiq ediləcək güzəştlər regiona marağı olan xarici şirkətləri cəlb edəcək. Eyni zaman da yerli şirkətlər dünya bazarlarında rəqabət gücünə malik məhsul istehsal edə bilərlər. Bu proseslər qeyri-neft sektorunun inkişafı istiqamətində görülən digər işlərə köklü dəstək yaradacaq. Orada kənd təsərrüfatı məhsullarının emalı sahələri yaradılaraq, regionların və kənd təsərrüfatının inkişafına stimul verə bilər. Eləcə də emal sənayesi üçün avadanlıqların istehsalı sahələri yaradıla bilər. Bu da böyük emal strategiyasının başlanğıcı olar".

İqtisadçı bildirib ki, Ələtin dənizə yaxın yerləşməsi, ərazinin geniş olması orada gələcəkdə yol, rabitə və başqa infrastruktur layihələrinin həyata keçirilməsi, müəssisələrin, mehmanxanaların tikilməsini real edə bilər ki, bu da tikinti sektoru üzrə də müəyyən canlanmaları yaradacaq. Bütün bu deyilənlərin həyata keçirilməsi üçün tələb edilən işçi qüvvəsi isə yerli əhalinin və minlərlə digər insanların işlə təmin edilməsində böyük rol oynayacaq: "Ən vacibi isə hər şey qaydasında gedərsə, bu zona təkcə tranzit, alış-satış kimi proseslər ilə deyil, böyük dəyərlər yaradılan iqtisadi coğrafi məkana çevrilə bilər. Amma yuxarıda dediyim kimi bir şərtə əməl edilməklə. Bu şərt isə odur ki, bu Azad İqtisadi Zonanın idarəçiliyi dövlət əlində saxlamasın. Dövlət mükəmməl güzəştlər və dolğun detallarla əhatələnən qanunvericilik bazası yaratdıqdan sonra, bu sahədə beynəlxalq təcrübəyə malik şirkətlərdən birinə versin. Təbii ki, nəzarət və zəruri tənzimləmə səlahiyyətləri dövlətin əlində qalacaq. Amma idarəçiliyin bütünlüklə dövlətin əlində olması tam azad bazarlara üstünlük verən beynəlxalq investorların cəlbi üçün effektiv olmayacaq. Bir sözlə, Ələtdə fəqli dünya yaratmaq istəyiriksə, daha fərqli yanaşmalıyıq".