Baydenin Putin üçün "qırmızı xətləri" TƏHLİL

5 May 2021 17:23 (UTC+04:00)

ABŞ rəhbərliyi Kremlə qarşı sanksiyalar tətbiq edib, amma sanksiyaların, hələlik, heç də çox sərt olmadığı Rusiya tərəfinin davranışlarında özünü göstərir. Məsələ burasındadır ki, bu sanksiyaların hələ bundan sonra hansı istiqamətdə davam edəcəyi də bəlli deyil. Maraqlıdır, Bayden Putinlə Ukrayna və onun xaricində danışıqlar aparmağa cəhd edə bilərmi? Niyə də yox, niyə də etməsin? Buna görə Ağ Ev üçün çox münbit şərait var və bundan istifadə edilməyəcəyini kimsə iddia edə bilməz.
Co Bayden, Putin rejiminə sözün əsl mənasında, həqiqətən ağır bir zərbə vurdu. Üstəlik, vurmadığı zərbələri də bundan sonra vurmaq imkanları barədə xəbərdar etdi. İlk baxışdan hər şey Ağ Evin Moskva ilə qarşıdurmanı yeni bir səviyyəyə qaldırması kimi görünür. Kremllə əlaqəli fərdlərə və şirkətlərə tətbiq olunan sanksiyalara və Rus diplomatların qovulmasına əlavə olaraq, Rusiyanın xarici borcuna qarşı tədbirlər də görülüb.
Bundan əlavə, Amerika prezidenti, "ABŞ-ın Milli Təhlükəsizliyinə, Xarici Siyasətinə və İqtisadiyyatına Qeyri-adi və Həddindən artıq Təhlükələr səbəbindən Ölkədə Fövqəladə Vəziyyət", adlı bir direktiv də imzalayıb. Əslində, bunlar hamısı, ABŞ prezidentinə bundan sonra Konqresin iştirakı olmadan öz əmri ilə sanksiyalar tətbiq etməyə imkan verən bir hüquqi sənəddir.

ABŞ sanksiyaları, yaxud Putin üzərində "Damokl qılıncı"

Rusiya dövlət borcuna qarşı Baydenin sərəncamlarının dərcindən sonrakı ilk saatlarda sosial şəbəkələrin səs-küy salması, sanksiyaların fonunda xüsusi bir şey deyil. Tramp administrasiyası da milli borc barədə danışıb. Valyuta ilə ifadə edilmiş istiqrazların alınması qadağan edilib. Doğrudur, Baydenin direktivi rubl istiqrazları almağı qadağan edir. Ancaq nəzərə almaq lazımdır ki, yalnız birbaşa Rusiya dövlətindən almaq qadağan olunur. Lakin bunları, məsələn, hansısa bir Rusiya bankından, hətta dövlətə bağlı bir bankdan almaq istənilərsə, heç kimə söz deyilməz.
Kreml üçün ən xoşagəlməz məqam tamamilə başqadır. Belə ki, fərmanın mətninə görə, bundan sonra Bayden və Ağ Evin gələcək varisləri qanunvericilərlə məsləhətləşmədən, Kremlin düşündükləri hər hansı bir hərəkətə görə sanksiya tətbiq edə bilməsi daha xoşagəlməz məqamdır. Rusiya, belə çıxır ki, hakim elitanın üzvlərinin, həyat yoldaşları və yetkin uşaqları da daxil olmaqla, prezidentin bu düşmən hərəkətlərdə ən kiçik dərəcədə iştirakçı hesab edəcəyi hər hansı bir şirkət və fərdə qarşı da düşməndir. Tanınmış bir Qərb maliyyə analitikinin bu münasibətlə dediyi kimi, "Damokl qılıncı əvvəlkindən beş qat daha böyük və beş qat daha kəskin şəkildədir."
Bəs butün bunlar yaxın gələcəyə necə təsir edəcək? Baydenin Putinlə telefonda danışıb görüşməyi təklif etməsindən cəmi bir neçə gün keçib və sanki Putin bu anı ələ keçirməyə, zirvənin təşkili prosesinə gecikmədən başlamağa tələsdiyi hiss olunur. Məsələ burasındadır ki, qeyd olunan təklifdən dərhal sonra sanksiyaların tətbiqi, ilk baxışdan, zirvəyə ümidləri basdırmaq deməkdir. Zirvə toplantılarına hazırlıq hər iki tərəfin müəyyən bir təmkinli olmasını nəzərdə tuturdu. Amma birdən sanksiyalar ortaya atıldı ki, bu da ümidləri puça çıxarır.

ABŞ öz cizgilərini Rusiyaya bəyan edir

Əslində sanksiyalar gələcək üçün "qırmızı xətlər" anlamına gəlir. Doğrudur, Rusiya lideri Putinin bundan sonra hələ nələrsə edəcəyi, hansısa adekvad tədbirlər görəcəyi də gözləniləndir. Heç şübhəsiz ki, o əl-qolunu yanına salıb bütün bunları izləməklə işini bitirmiş hesab etməyəcək. Ola bilsin ki, Putin əvvəlcə Amerikanın diplomatlarını da qova bilər. Yaxud, Azadlıq Radiosunun onsuz da yarı qapalı bürosunun bağlanması, ya da Twitterin bloklanması da gündəmə gətirilə bilər. Amma bu heç də onun qırmızı xətləri siləcəyi anlamına gəlmir. Hər bir halda artıq ABŞ öz cizgilərini Rusiyaya bəyan etmiş oldu.
Rusiyalı ekspertlər hesab edirlər ki, ABŞ lideri Baydeni nə Ukrayna, nə Donbass, nə də həmin ərazilərdə atəşkəs, yaxud hansısa sülh maraqlandırmır. Əksinə, onların fikrincə, mövcud vəziyyətdən istifadə etmək və yararlanmaq ABŞ üçün daha maraqlıdır. Əslinə qalanda, bu fikirlər hər kəsi düşündürür. Doğrudan da Bayden niyə Ukraynadakı, Donbasdakı vəziyyətə görə narahat olmalıdır? Yəni, okeanın o tərəfində olan bir ölkə rəhbəri, bunun, münaqişə ocaqlarında olan vəziyyətin öz ölkəsi üçün təhlükəli olacağını təbii ki, düşünmür. Heç ağlından da keçirmir. Bu halda niyə Bayden belə sərt reaksiyalar verir və Rusiya ilə çəkinmədən təhdid dililə danışır?
Əlbəttə ki, ABŞ və Rusiya arasında münasibətlərin ola bilsin, nə zamansa normallaşdığı qənaətinə gəlinib. Bəlkə də bir vaxtlar elə hesab olunub ki, ABŞ və Rusiya bir-biri ilə münasibətlərinə aydınlıq gətirib. Amma indi görünür ki, Ağ Ev hər zaman Kremlə qarşı rəqib mövqedə olub və indi hansısa imkanlar, yaxud ortaya çıxan şəraitdən yararlanaraq öz mövqeyinin dəyişmədiyini hətta utanmadan nümayiş etdirir. Bayden şəxsən ABŞ prezidenti seçkilərində Rusiyanın "fəaliyyətinə" görə "qisas" haqqında da düşünür və əslində, Putin özü də bunun fərqindədir. Əbəs yerə deyildi ki, Rusiya tərəfi bunun yanlış olduğunu dərhal bəyan edib. Amma görünür Amerika liderini inandırmaq mümkün olmayıb. Məhz buna görə də, baxmayaraq ki, şəxsən özü görüş təklifi edib, Bayden hələ də öz bildiyindədir.

Baydenin açıqlamaları ancaq yeni bir gərginlik dövrünə səbəb ola bilər

Baydenin iddiaları misilsizdir deyə düşünənlər, onu tənqid edənlər də var. Rusiya Elmlər Akademiyası ABŞ və Kanada İnstitutunun tədqiqatçısı Pavel Koşkinin də qeyd etdiyi kimi, Amerika prezidentlərindən heç biri bu günə qədər Rusiya liderləri haqqında belə sərt açıqlamalar verməyə cəsarət tapmayıb. Koşkin deyir ki, Tramp prezident olaraq Baydenin siyasi təcrübəsinə sahib olmasa da, belə intriqalardan çox qaçırdı. "Bayden çox laqeyd davranır, hansıki, bu statusa sahib bir insan üçün bu qəbuledilməzdir", deyə Koşkin bildirir.
Ekspertin fikrincə, bu sərtliyin bir səbəbi də ABŞ-dakı siyasi iqlim, şərait ola bilər. Beləki, Demokratlar Rusiyanı bəyənmədikləri üçün Respublikaçılar ilə birləşərək Baydenə təzyiq göstərərək onu sərt davranmağa məcbur ediblər. Koşkinə görə, Bayden özü, Rusiyanın ABŞ-dakı seçkilərə təsir dairəsi mövzusuna diqqət yetirərək öz "qiymətini" artırmağa cəhd edir və "Putinlə bərabər təmasda danışa biləcək güclü bir prezident" imicini qorumağa çalışır. Amerika prezidentinin Putini yaxşı tanıdığı barədə sözləri, onun fikrincə, sözün əsl mənasında qəbul edilməzdir. Ekspertin fikrincə, ümumiyyətlə, Baydenin açıqlamaları yeni bir gərginlik və sanksiya dövrünə səbəb ola bilər, lakin bu, diplomatların qovulmasına gətirib çıxarması demək deyil.
Rusiya Beynəlxalq İşlər Şurasının proqram direktoru İvan Timofeyevə görə isə, Baydenin sözləri birbaşa Rusiyaya qarşı sanksiyalara səbəb olmayacaq. Sanksiyalar qanuni bir mexanizmə ehtiyac duyur və bu, məxfiləşdirilməmiş ABŞ kəşfiyyat hesabatı ilə təmin edilir. Eyni zamanda, o, Rusiyaya qarşı ittihamların həcminin kiçik olacağını və irimiqyaslı sanksiyaların gözlənilməməsi lazım olduğunu söyləyib.
Ekspert hesab edir ki, Rusiyanı kimyəvi silahdan istifadə etməkdə günahlandırmaqla əlaqəli yeni bir məhdudiyyət olmayacaq və kosmik sektordakı sanksiyalar amerikalıların özləri üçün də faydalı deyil. Timofeyev xatırladır ki, ABŞ-ın təzyiqindən qorxaraq bir sıra xarici firmalar lazımi komponentlərin tədarükünü belə dayandırıblarsa da, layihə davam edir. Yəni, heç də qorxu hissi ölkəni bürüməyib.
Bir sözlə, ABŞ prezidenti Co Bayden hansısa sanksiyalarla Rusiyanı diz çokdürəcəyini düşünürdüsə də, indi yanıldığının fərqindədir. Qeyd olunduğu kimi, ABŞ prezidentinin bu addımları yalnız gərginliyə səbəb ola bilər və Bayden özü də bunu yaxşı başa düşür. Əvvəl də qeyd etdiyimiz kimi, Rusiya tərəfinin məsələyə laqeyid, saymaz yanaşması vəziyyətin ABŞ tərəfindən təqdim olunduğu kimi ciddi olmadığını, sadəcə gərginliyin artdığını təsdiqləyir. Amma, bu o demək deyil ki, hadisələr beləcə davam edəcək, gərginlik artmayacaq, yaxud azalmayacaq. Hər bir halda vəziyyətin dəyişməsi, yaxud beləcə qalması tərəflərin yanaşmalarından, münasibətindən, ələlxüsus "qırmızı xətlər"dən birbaşa asılıdır.