Pandemiya dövründə teatrlarımız nə işlə məşğuldurlar? SORĞU

5 May 2021 09:08 (UTC+04:00)

Dünyanı cənginə alan koronavirus xəstəliyinə görə bir çox iş yerləri bağlı qalıb. Həmin yerlərdən biri də mədəniyyət ocaqlarıdır.

SİA teatrların pandemiya dövründə nə işləri gördüyü barədə sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva: "Teatrımızın yaradıcı heyəti artıq 1 ildir ki, işə gəlmir. Ancaq əksər solistlərimiz var ki, pedaqoji fəaliyyətlə məşğul olurlar. Onlar arasında tanınmış sənətçilər yer alır. Balet artistləri Bakı Xoreqrafiya Akademiyasında, vokalçılar orta, ali ixtisas məktəblərində dərs deyirlər. Eyni zamanda, onlar müxtəlif televiziya kanallarında çıxış edirlər.

Bu yaxınlarda balet truppamız "Nizami Gəncəvi ili" çərçivəsində Fikrət Əmirovun "Nizami" baletini yeni quruluşda təqdim edəcək.

Eyni zamanda, internet üzərindən tamaşaları onlayn nümayiş etdiririk".

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova: "Pandemiya bütün dünya teatrları və bizim mədəniyyət ocağı üçün sürpriz oldu. Alışmadığımız bir proses idi. COVID-19 görə iki premyeramız təxirə düşdü. Azərbaycan Dövlət Kukla Teatrı artıq fəaliyyətini onlayn rejimdə həyata keçirir. Eyni zamanda, əməkdaşlarımızın əksəriyyəti həftəlik canlı yayımlarda olurlar.

Bundan başqa teatrımızın işçiləri bütün dəvət olunan uşaq verilişlərində iştirak edir. Canlı yayım formatında sosial şəbəkələrdə aksiyalar edirik.

Teatrımızın nəzdində studiyalar var. O, studiyalar hazırda qruppa ilə birlikdə televiziya tamaşası üzərində işləyirik.

Onu da qeyd edim ki, üç festivala dəvət almışıq. Həmin festivallar da Türkiyədə, Moskvada və İranda reallaşacaq. Teatrımız həmin festivallar üçün hazırlıq prosesi görür.

Xüsusilə qeyd edim ki, Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının məsuliyyəti daha çoxdur. Çünki onlar kuklalarla məşq edirlər. Kuklalar sexdə hazırlanır. Həmin kuklanın çəkisindən və formasında asılı olaraq məşqimiz qurulur. Yəni canlı məşq olmadan hansısa tamaşanın hazırlanması absurddur. Bu nöqteyi-nəzərdən tamaşa məşqlərinin keçirilməsinə icazə verilməsini böyük səbirsizliklə gözləyirik. Çünki nəzərə alın ki, aktyor bədəni plastikadır. 1 ildən artıqdır ki, işləmir. Bizim aktyorlar həm səsi, həm əl hərəkətləri, həm də mimika və jest ilə məşq etməlidirlər. Bir kuklanı bir aktyor hərəkətə gətirir. Aktyorun bir növ əlləri hərəkət edir. Bu məşqlər də yoxdursa, demək aktyor üçün böyük bir faciədir".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva: "Pandemiya dövrü bütün sənət ocaqları üçün çətindir. Çünki teatr canlı sənətdir. Aktyor üçün tamaşaçı ilə canlı ünsiyyət son dərəcə olduqca vacib bir məqamdır. Amma bununla belə bütün teatrlar kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da mövcud şəraitdə sənətin təbliğatı və tamaşaların unudulmaması üçün müəyyən bir üsul seçib. Bu da onlayın qaydada tamaşaların yayımlanmasıdır. Hər həftənin sonu sevilən tamaşalarımızı onlayn qaydada teatrın sosial şəbəkələrində tamaşaçılara təqdim edirik.

Amma bundan başqa teatr gündəm olan məsələlərə də həssaslıqla yanaşır. Belə ki, "Evdə qal" kompaniyası çərçivəsində demək olar ki, bütün aktyorlarımız evdən müxtəlif klassik əsərlərdən parçalar oxuyub, video roliklər hazırladılar. Teatrın saytında və sosial şəbəkə səhifələrində yayımlandı. Bu da "Evdə qal" çağırışlarına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir töhfəsi oldu.

Daha sonra 44 günlük Vətən müharibəsi günlərində teatr "Əsgərə salam" və "Balaca kişilər" layihələrini tamaşaçılara təqdim etdi. "Əsgərə salam" layihəsi sənət adamları tərəfindən cəbhədə döyüşən əsgərlərimizə çağırış idi. Bu layihəyə görə əsgərlərin özlərindən və analarından reaksiyalar gəldi.

Həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqü Hüseynov 44 günlük Vətən müharibəsi zamanı müharibə mövzusunda yazılmış şeirləri səsləndirdi və video şəklində sosial şəbəkələrdə paylaşdı.

Eyni zamanda, pandemiya mövzusunda 1 pərdəli pyes müsabiqəsi elan etdik. Pyesin şüarı Prezident İlham Əliyevin dediyi "Biz birlikdə güclüyük!" sözləri idi. Həmin pyes müsabiqəsində Pərviz Seyidinin "Mələk" adlı pyesi qalib gəldi. Hazırda teatrların fəaliyyətinin bərpa olunmasını gözləyirik ki, həmin pyesin məşqlərinə başlanılsın və səhnələşdirilsin".