"Maska bu cür istifadə edilməlidir" HƏKİM QAYDALARDAN DANIŞDI

4 May 2021 13:33 (UTC+04:00)

"Əgər açıq havada təkbaşınayıqsa, bu zaman maskasız gəzmək olar. Lakin, açıq havada hərəkət edərkən ətrafdakı insanlarla təmasda oluruq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, təmasda olduğumuz insanların virus daşıyıcısı olması barədə xəbərdar deyilik: "Risk altında qalmamaq üçün açıq havada maska istifadəsi lazımdır. Vaksinasiya prosesini sürətlə həyata keçirərək maskadan azad ola bilərik. Vaksinasiyadan əlavə, yoluxmanın sürəti də önəmlidir. Normal vəziyyətdə istifadə etdiyimiz tibbi maska 2-3 saat ərzində öz effektivliyini qoruyur. 2-3 saat sonra isə insanın öz tənəffüsü nəticəsində mikrob yaranır. Maskadan istifadə etdikcə əl təması ilə və ya hər hansı bir üsulla maskanı törədici mənbəyinə çeviririk. Xüsusən, əhalinin çox toplaşdığı yerlərdə istifadə olunan maska tez-tez dəyişdirilməlidir. İndi "Nano" texnologiyalar hesabına yeni maskalar yaranıb. "Nano" maskalar istifadədən sonra yuyula bilər. Çirkli maska insan sağlamlığı üçün böyük təhlükə mənbəyidir".

Müşviq Məmmədli sözlərinə belə davam edib: "Maskanın göy hissəsi ətrafdakı insanlara narahatlıq olduğu mesajını verir. Maska əks istiqamətdə taxılmalıdır. Tibb aləmində isə göy tərəf içəriyə, bəyaz tərəf isə xaricə doğru taxılmalıdır. Lakin, bunun sərt bir qaydası yoxdur".

Ayşən Vəli