Türkiyənin İzmir şəhərində görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin (2008-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmuş yeni quruluşun video-yazısı) onlyan nümayişi böyük uğurla baş tutub. SİA-nın məlumatına görə, tamaşanın libretto müəllifi Y.Temiz uzun illərdir ki, İzmirdə yaşayıb fəaliyyət göstərir və bu layihə məhz onun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi ilə razılaşdırılmaqla həyata keçirilmiş, tamaşaçıları Azərbaycan balet sənətinin ən zəngin nümunələrindən biri olan "Yeddi gözəl" baleti ilə tanış etmək məqsədi güdür.
Layihənin fəxri qonaqları içərisində İzmirdə fəaliyyət göstərən azərbaycanlı ziyalılar da iştirak edib. Onlardan biri "Dokuz Eylül" universitetinin professoru Gülmira Kuruoğlu deyib: "Yeddi gözəl" baletini Bakıda dəfələrlə seyr etmişəm. 2019-cu ildə "Dokuz Eylül" universitetinin professorlarından ibarət nümayəndə heyəti ilə birlikdə bu quruluşa tamaşa etmişdim, o zaman qonaqlar tamaşanın musiqisi, kostyum və dekorasiyalara heyran olduqlarını bildirmişdilər. Bu gün bir daha böyük məmnuniyyətlə tamaşanı seyr edəcəyəm.
Onlayn nümayişdən əvvəl balet tamaşasının quruluşçu baletmeysteri, Estoniyanın Əməkdar artisti, YUNESKO yanında Rəqs Şurasının üzvü, xoreoqraf Vasili Medvedyev video formatda iştirakçıları salamlayaraq bildirib ki, "Yeddi gözəl" baleti onun yaradıcılığında xüsusi bir yer tutur, bu tamaşa ona dahi bəstəkar Qara Qarayevin musiqisi ilə çalışmaq və onun qızı, İstanbul konservatoriyasının professoru Züleyxa Bağırova, dirijor Elşad Bağırov, rəssamlar Dmitri Çerbadji və Tahir Tahirovla tanışlıq imkanı verib.
Y.Temiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binasının tarixi, Nizaminin "Yeddi gözəl" baleti haqqında tədbir iştirakçılarına söhbət açmış, tamaşanın səhnəyə qoyulması haqqında xatirələrini bölüşüb.
Tədbirin iştirakçıları yaxın gələcəkdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının daha bir quruluşunu - "Qoyya" baletinin onlyan nümayişini təşkil edəcəklər.