Moskva Bakının ona verdiyi son şansını itirməməlidir KÖŞƏ YAZISI

29 Aprel 2021 16:07 (UTC+04:00)

Qarabağda, Rusiya sülhməramlılarının nəzarət etdikləri ərazilərdə cərəyan edən olaylar Moskvanın Bakı qarşısındakı son reabilitasiya şanslarını itirmək üzrə olduğunu göstərir. Artıq Bakıda, Rusiya səfirliyinin qarşısında sayca ikinci etiraz piketi baş tutdu ki, həmin piketdə səslərini ucaldan insanların haqlı narazılıqlarını anlamaq elə də çətinlik yaratmır. Bəli, azərbaycanlılar əsaslı olaraq Rusiyaya qarşı etimadsız yanaşdıqlarını və şübhəli olduqlarını nümayiş etdirirlər. Məgər tarixlərdən gələn hadisələr də belə deməyə əsas vermirmi? Elə isə gəlin qısa şəkildə həmin tarixin, Rusiya və Azərbaycan münasibətlərinin səhifələrini bir daha səhifələyək:

*** Rusiya erməniləri azərbaycanlıların torpaqlarına köçürdü və azərbaycanlıları öz yurdlarından çıxardı.

*** Rusiya erməniləri silahlandırır və hərbi biliyə yiyələndirirdi və sonradan həmin erməni silahlıları azərbaycanlı silahsızlara qarşı qətliamlar, işğallar törədirdi.

*** Rusiya Azərbaycan Demokratik Cümhuriyyətini işğal etdi və Azərbaycan torpaqlarını ermənilərə DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) adı altına peşkəş etdi, üstəlik, Zəngəzur da bilavasitə yeni yaradılan Ermənistanın ərazisinə qatıldı.

*** Rusiya növbəti onilliklər boyunca Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə bu və ya digər şəkildə yardım etdi.

*** Rusiya Ermənistanı pulsuz qaydada silahlandırmaqla bu prosesi Azərbaycanın ərazisində separatçı rejimlə də apardı. Halbuki, Rusiya 30 il (!!!) Minsk qrupunun həmsədr ölkəsi olaraq guya nəyisə “həll” etməyə “cəhdlər” göstərirmiş...

Və bu siyahını sonsuza qədər uzatmaq olar, lakin məğz məlumdur. Onu da qeyd edim ki, Rusiya deyərkən, burada üç siyasi quruluş nəzərdə tutulub – Rusiya imperiyası, Sovet Rusiyası və müasir Rusiya.

Daha bir imkan...

44 günlük savaş başa çatdı və Azərbaycan möhtəşəm qələbə qazandı. Üstəlik, Ermənistanın dizə gəlməsinin ardınca Rusiya sülhməramlı kontingentini öz ərazilərinə dəvət etdi – gözlənilən erməni məkrlərindən, terror təhlükəsindən qorumaq, regionun aparıcı ölkəsi olduğuna görə, məhz regionun təhlükəsizliyində rol alması naminə. Faktiki olaraq Azərbaycan bu vasitə ilə Rusiyaya sonuncu şansı verdi ki, daha əvvəllər buraxdığı səhvlərini silsin, bizimlə münasibətdə yürütdüyü siyasətinə yenidən baxsın və doğru nəticələrə gəlsin.

Ancaq sülhməramlıların atdığı addımları göstərir ki, Rusiya yenidən ona verilmiş reabilitasiya şanslarını itirməkdədir. Bəs Rusiya sülhməramlıları nəyi doğru etmirlər? Bunu da izah etmək çətin deyil.

*** Araik Arutyunyan və digər quldur rejim təmsilçiləri Azərbaycanda axtarışda olmalarına rəğmən, rus sülhməramlıları tərəfindən nəinki saxlanılaraq bizə təhvil verilmirlər, onlar rahat şəkildə Moskvaya müəmmalı məsləhətləşmələrə çox rahat şəkildə təyyarə uçuşları gerçəkləşdirirlər.

*** Rusiya TV-ləri, rəsmi qurumları, eləcə də müdafiə nazirliyi Azərbaycan ərazilərindəki kənd, şəhər, rayon, qəsəbə toponimlərini ermənilərin adlandırdıqları tərzdə səsləndirirlər. Ən alçaldıcı məsələ isə Xankəndinin əli azərbaycanlıların qanına bulaşmış, xalqımıza qarşı soyqırımı törətmiş gorbagor Şaumyanın adını daşıyan “stepanakert” kimi səsləndirmələridir. Yəni bu gün tarixi və rəsmi Xankəndinin “stepanakert” adlandırılması ciddi, yolverilməz təxribatdır!

*** Nəticədə, erməni separatçılarının bir topasının qurduqları saxta rejim rus SM-nın məsuliyyət daşıdıqları ərazilərdə nəinki ləğv edilmir, eləcə də həmin rejimin təmsilçiləri həbs edilərək Azərbaycana təhvil verilmir, üstəlik, onlar zaman-zaman axmaq bəyanatlar səsləndirərək, Bakının hiddətinə səbəb olurlar.

*** Ən əsası! SM-ın məsuliyyət daşıdıqları bölgələrdə Rusiya bayraqları ilə yanaşı Ermənistanın, eləcə də saxta rejimin üzərində kvadratcıqları olan əski parçaları da dalğalanır.

*** Bu ərazilərdə hələ də erməni silahlıları qalır, üstəlik, onlar rahat şəkildə hərəkət edirlər.

Bu siyahını da uzatmaq olar. Lakin məram bəllidir. Rusiya SM nəinki heç nə etmirlər ki, azərbaycanlıların qarşısında az da olsa inam yaratsınlar, əksinə, tamamilə başqa tərəfə doğru addımlar atırlar. Əlbəttə ki, belə olan halda Azərbaycan xalqı Rusiyanın əleyhinə köklənir və haqlı olaraq da köklənməkdədir.

Rusiya isə artıq anlamalıdır ki, Qarabağ Azərbaycan torpağıdır və ona Ermənistana xidmət etmək heç də lazım deyil. Ermənistan öz gorunda dəfələrlə fırlana bilər, fəqət Ermənistanın utopik arzuları və iddiaları heç vaxt Azərbaycanın ərazilərində gerçəkləşə bilməz və buna imkan da verilməyəcək. Azərbaycan sıra başqalarından fərqli olaraq ona qarşı hörmət göstərənlərə tarixlər boyu qarşılıqlı və daha üstün münasibət göstərib. Bu baxımdan, Rusiya bir daha düşünməlidir. Düşünməlidir ki, öz sülhməramlıları Azərbaycan torpaqlarındadırlar və bu da onlara reabilitasiyaları üçün verilmiş sonuncu şansdır.