Dünyada mövcud olan 1700 palçıq vulkandan 700-ü ölkəmizin payına düşür
Yer üzündəki iqlim qurşaqlarının doqquzuna çox da böyük olmayan respublikamızın ərazisində rast gəlmək mümkündür. Mülayim iqlimi, günəş şüası ilə yanaşı, bol yağışı, bəyaz qarı Azərbaycanın təbiətinə rəngarənglik qatır. Həm florası, həm də faunası ilə zəngin olan Azərbaycanın hər bir bölgəsinin təbiəti digər bölgənin təbiətindən xeyli dərəcədə fərqlənir. Belə məkana sahib olan Azərbaycan turist ölkəsi olaraq tanınıb. İstər qədim dövrlərdə, istərsə də sovet məkanında yaşadığımız zamanda Azərbaycan təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə xarici vətəndaşların diqqətində olub. Müasir dövrümüzdə turizm ölkəsi kimi tanınan Azərbaycan dünya arenasında öz sözünü deyib. Kornovirus pandemiyasına qədər ölkəmizə gələn turistlərin sayının gündən–günə artmasında ölkəmizin füsünkarlığı, dünya standartlarına cavab verən beşulduzlu otel və istirahət mərkəzlərinin istifadəyə verilməsi və s. ilə yanaşı, rahat gediş-gəlişin təminatı da qeyd olunmalıdır.
Azərbaycanın ən gözəl məkanları olan Qubanın Xınalıq kəndi, İsmayıllının Lahıc qəsəbəsi, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksi, Şəkidəki Kiş Alban məbədi, Şəki Xan sarayı, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astara, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları və meşələri də turizm üçün əlverişli məkandır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar var ki, qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdırlar. Ölkəmizdə turistlər üçün diqqətçəkan məkanlar dövlət tərəfindən xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" ziyarətgahı dini-mədəni abidə kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülüb. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanıb və yayılıb, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilib.
Bu gün beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənib, turizm sahəsində həyata keçirilən dövlət proqramları, layihələr bu sahəsində böyük uğurlara səbəb olub. Ölkəmizdə turizmin müxtəlif növləri inkişaf edib. Qış turizmi, yay turizminə malik olan ölkəmizdə sağlamlıq turizmi, istirahət turizmi, idman turizmi və s. mövcuddur. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımız səfalı və müalicəvi əhəmiyyətə malikdir. Zəngin relyefə və təbiətə malik olan Azərbaycanın vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünya ərazisində oxşarı yoxdur. Palçıq vulkanları ekoturizmin inkişafı üçün yaxşı obyektlər hesab edilir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Bu vulkanlar ölkəmizin təbii sərvəti olmaqla yanaşı, həm də xaricdən turistlərin cəlb olunması, ekoturizmin inkişafı üçün mühüm zəmin yaradır. Palçıq vulkanı müalicəvi əhəmiyyətə də malikdir. Belə ki, vulkanların palçığından 10-dan çox xəstəliyin müalicəsində istifadə olunur. Vulkan palçığı dəri, onurğa sütunu, mədə-bağırsaq traktı, şəkərli diabet xəstəlikləri, urologiya, kosmetologiya sahələri və s. üçün faydalıdır. Azərbaycana gələn turistlər palçıq vulkanları ilə tanış olmağa meyillidirlər. Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda vulkan palçığı neftlə qarışıq olduğu üçün o daha keyfiyyətlidir, kimyəvi tərkibinə görə Naftalan nefti ilə təxminən eynidir.
Dünyada olan 1700 palçıq vulkanından 700-ü ölkəmizdədir. Əsasən, Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır ki, bunlar Qobustandakı "Qoturdağ" və "Çeyildağ" vulkanlarıdır. Palçıq vulkanları həm müalicəvi xüsusiyyətinə, həm də maraqlı təbiət hadisəsi olduğuna görə turistlərin diqqətindədir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. "Qılınc" palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Belə ki, bura turistik əhəmiyyət daşıyır. Dünyanın ən böyük vulkanlarından olan "Torağay"a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər turistik önəmini daha da artırmış olur. Təbii ki, palçıq vulkanları yerləşən ərazidə infrastrukturun yaradılması zəruridir. Burada yaradılacaq infrastruktur Qobustan qoruğundan "Qılınc" və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcəkdir. Eyni zamanda Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi nəzərdə tutulub. Görülən işlər ölkəmizin turizm potensialının daha da üzə çıxarılmasına istiqamətlənib. Azərbaycanın turizm məkanlarının coğrafiyası yaxın zamanlarda daha da genişlənəcək. İşğaldan azad olunan ərazilərdə turizm mərkəzləri yaradılacaqdır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Qarabağ bölgəsinin təkrarolunmaz təbiəti, səfalı yerləri və tarixi abidələri buranı qısa bir zaman məsafəsində turizm məkanına çevirəcək. Mövcud potensialdan səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsini sürətləndiriləcək, turizm imkanlarımız daha da artacaq.
Nəzakət ƏLƏDDİNQIZI