Vüqar Rəhimzadə: “Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasındakı vəhdət əbədi və dəyişməzdir” - (Səs TV)

24 May 2011 20:07 (UTC+04:00)

"İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və politoloq Həsən Bayramoğlunun Səs TV-yə müsahibəsi:

- 28 may Respublika günü Azərbaycanın müstəqilliyinin bərpası baxımından nələri ifadə edir?

Həsən Bayramoğlu:

- 28 may tarixi Azərbaycan xalqı üçün uzunmüddətli siyasi mərhələlərdə müstəqil dövlətçilik ənənələrinin yaradılması üçün böyük əhəmiyyətə malik, unikal tarixdir. Zaman-zaman Azərbaycan öz müstəqilliyini bərpa etmək və qorumaq üçün bir sıra ciddi addımlar atıb və mübarizə aparıb. Lakin müstəqilliyimizi qazanmağımız heç də adi hadisə olmayıb. Azərbaycan bu pilləyə ərazi itkiləri, böyük qırğınlar, gərgin siyasi mübarizə hesabına gəlib. Çünki, çar Rusiyasının siyasi süqutu ilə müxtəlif xalqların bu bölgələrə göz dikməsi nəticəsində bu ərazidə Azərbaycan dövlətçiliyinin bərpa olunmasına mane olurdular. Yəni siyasi münaqişəli bir tarixi şəraitdə Azərbaycan ziyalılarının bütün var qüvvələri ilə dövlətçilik ənənələrinin bərpa edilməsinə çalışmaları və bunu bacarmaları həqiqətən də tarixi qələbədir.

- Respublika gününün mətbuatda işıqlandırılması və müstəqillik tarixi ilə bağlı jurnalist araşdırmalarının aparılmasını qənaətbəxş hesab etmək olarmı?

Vüqar Rəhimzadə:

- İlk olaraq Respublika Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Son 20 ilə nəzər salıb tarixi baxış keçirsək, bu illərin Azərbaycan tarixində nə qədər şərəfli və dövlətçiliyin qorunub saxlanılması baxımından nə qədər əhəmiyyətli olduğuna şahid olarıq. Düzdür, müstəqilliyin ilkin dövrlərində Azərbaycan zaman çarxının çox qarışıq hissəsində idi. Düşünürəm ki, uzun illər sonra çətinliklə qazandığımız müstəqillik tariximizin xalqa və dünyaya çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Təbii ki, nəzərə almalıyıq ki, o dövrlərdə mətbuat rahat və azad fəaliyyət göstərə bilmirdi. Çünki 1991-1992-ci illərdə mətbuatda qəti şəkildə senzura mövcud idi. Hətta o dövrlərdə mətbuat üzərində hərbi senzura belə öz təsirlərini göstərirdi. Lakin, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi, mətbuatda da yeni və azad bir dövr başlandı. Zamanla mətbuat üzərində dövlət nəzarət mexanizmi aradan qaldırıldı və 1993-cü ilin iyun ayından müstəqil mətbuatın formalaşmasına başlandı. Bugünkü mətbuatımızda işıqlandırılan məsələlərə gəldikdə isə, Azərbaycan Prezidentinin mətbuata qayğısı çərçivəsində gördüyü işlər göz qabağındadır. Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması da bunun bariz nümunəsidir. Fondun redaksiyalar arasında keçirdiyi müsabiqələr, fərdi jurnalistlər arasında müstəqilliyimiz və dövlətçilik ənənələrimizlə bağlı həyata keçirdiyi layihələr ümumilikdə mətbuata götərilən qayğının nümunəsidir. Eyni zamanda dövlətçiliyimiz, milli mənəvi dəyərlərimiz, müstəqilliyimiz və tariximizlə bağlı son dövrlərdə jurnalistlər əhəmiyyətli və uğurlu yazılar ərsəyə gətirirlər. Hesab edirəm ki, bu istiqamətdə qazanılacaq uğurlar və atılacaq nailiyyət dolu addımlar hələ qabaqdadır.

- Əgər ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycanın aqibəti necə olardı və ümumiyyətlə, sonrakı tarixin necə yazıla biləcəyini təsəvvür etmək olardımı?

Həsən Bayramoğlu:

- Təbii ki, ulu öndər hakimiyyətə gəlməsəydi hər şey tamam başqa və çox çətin olardı. Yəni Azərbaycan uğrunda aparılan müstəqilliyini itirə bilərdi. Məlum məsələdir ki, bir dövlətin müstəqilliyinin qorunub saxlanması kifayət qədər çətin məsələdir. Hələ o dövrlərə nəzər saldıqda bunun daha da çətin tərəflərinə şahid oluruq. Siyasi ziddiyyətlərin, qalmaqalların baş verdiyi bir dövrdə müstəqil bir dövlət yaratmaq heç kəsin boynuna götürə biləcəyi bir məsuliyyət deyildi. Belə bir məqamda isə dövrün ziyalıları və öncül şəxsləri düşünüb qərara gəldilər ki, Azərbaycan xalqını düşdüyü bu vəziyyətdən yalnız bir nəfər xilas edə bilər. Bu məqsədlə xalqın böyük təkidi və tələbi ilə hakimiyyətə çağrılan Heydər Əliyev həqiqətən də Azərbaycanın xilaskarı oldu. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanın müstəqilliyi bərpa olundu. Ümummilli liderin siyasi fəaliyyəti elə bir müstəqillik yaratdı ki, bu daimiliyi ilə seçildi. Nəzərə çatdırmalıyıq ki, Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl, Xalq Cəbhəsi üzvlərinin yeritdiyi siyasət Azərbaycanda çox ağır nəticələrə gətirib çıxarmışdı. Onlar var qüvvələri ilə çalışırdılar ki, Heydər Əliyev hakimiyyətə gəlməsin. Lakin bütün bu istəklər baş tutmadı və ulu öndər hakimiyyətə gələrək haqqında irəli sürülən bütün səhv düşüncə sahiblərini utandırdı. Bu danılmaz bir həqiqətdir ki, ulu öndərin rəhbərliyi Azərbaycanda dəyişməz və daimi müstəqilliyin əsasını qoydu və ölkədə siyasi, iqtisadi, sosial sabitlik bərqərar olundu.

- Ölkə prezidenti İlham Əliyevin ulu öndərin siyasətini ümumxalq maraqlarına uyğun həyata keçirməsi ilə bağlı nə deyə bilərsiniz?

Vüqar Rəhimzadə:

- İlk növbədə onu qeyd edim ki, bu gün müstəqil Azərbaycan dövlətinin varlığı, inkişafı və dünyada özünə yer tutan dövlətimizin bütün nailiyyətləri birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin adı ilə müstəqil Azərbaycan dövləti arasındakı vəhdət əbədi və dəyişməzdir. Yəni, Heydər Əliyevin adı qəlbimizdə hər an qürur hissi ilə xatırlanır. Müstəqilliyimizin ilk illərində Avropanın bir sıra beynəlxalq təşkilatları ilə əlaqə yaratmaq üçün biz səy göstərirdiksə, bu gün artıq hər şey tamamilə başqadır. Bugün Azərbaycanın hər bir bölgəsində yeni-yeni səhiyyə, təhsil ocaqları inşa olunur, hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər görülür. Bütün atılan addımlar, ölkə daxilində quruculuq işləri, Azərbaycanın irəliyə doğru, inkişafameylli bütün nailiyyətləri birbaşa ulu öndərimizin yeritdiyi siyasətin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin bariz nümunəsidir. Düşünürəm ki, bu istiqamətdə siyasətin yeridilməsi üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir.