Ermənilərin daha bir qorxusu...

24 May 2011 19:57 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərkosmos" ASC-nin 40 mln. manat həcmində adi sənədsiz adlı səhmlərinin (AZ100100929P seriyası) emissiya prospektini dövlət qeydiyyatına alıb. Komitədən SİA-ya verilən məlumata görə, bir səhmin nominal dəyəri 20 manat təşkil edir, səhmlərin ümumi sayı 2 mln. ədəddir. Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

"Azərkosmos" ASC Azərbaycan Prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə yaradılıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində fəaliyyət göstərəcək. "Azərkosmos"un əsas məqsədi kimi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
"Azərkosmos"un icra orqanı olan İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən ASC-nin sədri və RİTN tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarətdir. ASC-nin nizamnaməsi ötən ilin dekabrın sonunda Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu ilin yanvarında isə ölkə başçısının sərəncamı ilə ASC-nin sədri vəzifəsinə Rəşad Nəbi oğlu Nəbiyev təyin edilib.

Qeyd edək ki, Azərbaycanın orbitə peyk çıxarmaq niyyəti ermənilər tərəfindən böyük narahatlıqla qarşılanıb. Qeyd edək ki, son bir neçə ay ərzində Amerikadakı erməni lobbisi ölkəmizin hələ orbitə buraxılmayan peykindən "şübhələnərək" bununla bağlı ciddi fəaliyyətə başlayıb. İlk həmlə isə, Azərbaycanın öz peykindən hərbi məqsədlər üçün istifadə edəcəyi barədə iddia qaldırmaqla Konqresdə sözügedən layihənin Birləşmiş Ştatların "Eximbanktərəfindən maliyyələşdirilməsinə maneə yaratmaq cəhdi olub. Bunun üçün ermənipərəst konqresmenlər "Eximbank"a müəyyən təzyiqlər göstərməyə çalışıb. Onlar banka etiraz və narahatlıq ifadə edilən məktublar ünvanlayaraq bildiriblər ki, Azərbaycan süni peyki hərbi məqsədlərlə istifadə edəcək və bu da Ermənistana birbaşa təhlükədir. Lakin məqsədlərinə nail ola bilməyiblər. Buna rəğmən, proseslərin gedişi göstərir ki, ermənilər və onların tərəfində olan konqresmenlər Azərbaycanın əleyhinə fəaliyyətlərindən əl çəkmək niyyətində deyillər. Erməni diasporu tərəfindən dəstəklənən bir sıra konqresmen və senatorların Azərbaycana verilmiş kredit barədə sorğularına cavabında "Eximbankn prezidenti Fred P.Hochberq bildirib ki, bank bu peykin hərbi təyinatlarının olmadığına əmindir və hətta onun gələcəkdə belə təyinatlarla təkmilləşdirilməyəcəyi barədə də təminatlara malikdir. O, həmçinin, bildirib ki, bank Bakının bu kreditdən necə istifadə edəcəyini də kredit ödənib qurtaranadək nəzarətdə saxlayacaq. Bundan başqa, bildirilir ki, bank proqram çərçivəsində təftişlər aparmaq hüququna malikdir, eləcə də, Azərbaycan hökuməti hər il süni peykin istifadə edilməsi haqda hesabat təqdim etməli olacaq. Beləliklə, erməni lobbisinin Konqres və Senat vasitəsilə etdiyi təzyiqlərə baxmayaraq, aprelin 27-də "Eximbank" Azərbaycana kredit verilməsi barədə məsələni səsə qoymaqla Bakı üçün müsbət həll edib. Və "AzərSat" peykinin Amerika şirkəti Orbitaldan alınması üçün vəsaiti ayırıb. 120 milyon dollarlıq peykin dəyərinin 85 faizi sözügedən kreditlə ödənəcək. Kreditin özünü isə Bakı 10 il müddətində ödəməlidir. Bu sırada onu vurğulamaq lazımdır ki, hərbi və kommersiya peyklərinin funksiyaları arasında fərq çox yaxındır. Yəni, əslində kommersiya peyklərindən, səmərəli olmasa da, hərbi məqsədlər üçün istifadə edilə bilər. Məsələn, ABŞ kommersiya peyklərindən pilotsuz təyyarələrin idarə olunması və hərbi peyk telefonlarının şəbəkəsi üçün istifadə edir. Bu baxımdan Ermənistanda hesab edirlər ki, Azərbaycan peykdən hərbi məqsədlə istifadə edə, onu Qarabağda mümkün hərbi əməliyyatlar zamanı tətbiq edə bilər. Azərbaycan tərəfi isə rəsmən əmin edir ki, peykdən yalnız kommunikasiya məqsədləri üçün istifadə ediləcək.

Xatırladaq ki, Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda fransız Qvianasının Atlantik okeanındakı Kuru adasında yerləşən kosmodromdan orbitə buraxılacaq. Həmin peykin buraxılmasından müəyyən müddət sonra Azərbaycan kosmosa məsafədən zondlama peyki də buraxacaq. Bu peyk isə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin peykindən fərqli olaraq, yer təkini öyrənmək məqsədi daşıyacaq. Peyk vasitəsilə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi tərəfindən yer təkinin məsafədən zondlanması həyata keçiriləcək, müvafiq qurumların sifarişləri yerinə yetiriləcək.

Əslində, müstəqil ölkə kimi Azərbaycanın müasir texnologiylarını əldə etmək, bütün potensial imkanlarını dəyərləndirmək, öz milli mənafeyini müdafiə etmək hüququ var və bu hüququnu maksimum dərəcədə dəyərləndirmək iqtidarındadır. Azərbaycanın orbitə peykini çıxarması layihəsinə mane olmaq üçün müxtəlif instansiyalara müraciət edən ermənilər bilməlidirlər ki, ölkəmiz bu peykdən nə məqsədlə istifadə edəcəyi ilə bağlı hesabat verməməlidir.

Beləliklə də, erməni lobbisinin fəaliyyəti prosesə mane olmaq üçün atılan zəif və uğursuz cəhd kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Azərbaycan peyk ilə bağlı bütün prosedurlardan keçməsi hər mərhələdə beynəlxalq instansiyaların etibarını qazanmasına dəlalət edir. Konqresmenlərin idxal-ixrac bankına sorğu göndərmələri isə ABŞ-ın erməni icması qarşısında sığortalanmaq üsulu kimi qiymətləndirilməlidir.

Bununla da, Ermənistanın hər yolla Azərbaycanın iri transmilli layihələrdə iştirakının qarşısını almaq cəhdlərindən biri də uğursuzluqla nəticələnib.