ABŞ-ın 46-cı prezidenti tarixi səhvə imza atdı - ŞƏRH ÖZƏL

26 Aprel 2021 11:40 (UTC+04:00)

“Cozef Bayden ABŞ prezidenti seçildikdən sonra qondarma “erməni soyqırımını” tanıyacağı proqnozlaşdırılan idi. Bu da təsadüfi deyil, çünki Bayden bütün siyasi karierası dövründə ermənipərəst mövqeyi ilə seçilib. Konqresdə erməni “Dostlar” qrupunun ən fəal üzvlərindən biri olub. 1992-ci ilin oktyabr ayının 24-də ABŞ Konqresinin azadlığa müdafiə aktı çərçivəsində Azərbaycana qarşı tətbiq etdiyi bədnam 907-ci maddənin müəlliflərindən biri olub. Co Bayden prezident seçkilərinə qatılarkən erməni lobbi və diasporası qarşısında verdiyi əsas vədlərdən biri o idi ki, prezident seçiləcəyi təqdirdən erməni soyqırımını tanıyacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi ekspert Elman Nəsirov deyib.

Ekspert bildirib ki, Baydenin fəal üzvü olduğu demokratlar partiyası da bu istiqamətdə fəallığı ilə seçilirdi və məhz onun yaxından iştirakı ilə hələ 2019-cu ilin oktyabr ayının 29-da Konqresin Nümayəndələr Palatası 629 nömrəli qətnamə qəbul etdi və həmin qətnamə ilə 1915-1923-cü illərdə Osmanlı dövlətində baş verən hadisələrə məhz soyqırım kimi qiymət verildi: “Bundan sonra senatda da anoloji nəticəni əldə etməyə çalışdılar. Lakin 3 dəfə senatda respublikaçılar buna mane ola bildi, nəticədə 2019-cu ilin dekabr ayının 12-də senatda da anoloji senat qəbul edildi və bu sənədin müəllifləri demokrat senator Robert Menendes və respublikaçı senator Tom Kruz oldu. Hər iki sənədin qəbulunda da Baydenin yaxından iştirakı və dəstəyi bəlli idi. Nəhayət bu ilin aprel ayının 23-də ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri etibarlı mənbələrə istinadən belə bir məlumat yaydı ki, Bayden ilə Türkiyə prezidenti cənab Ərdoğan arasında telefon danışığı olub və artıq onlarda belə məlumat var ki, Bayden aprelin 24-dəki nitqində soyqırım ifadəsini işlətməkdə israrlıdır. Həqiqətən də bu proqnozlar təsdiqini tapdı və belə bir addım atdı. Hesab edirəm belə bir addımın atılması Birləşmiş Ştatların strateji maraqlarına daban-dabana ziddir”.

Deputat vurğulyıb ki, Türkiyə NATO-nun cənub qanadında Birləşmiş Ştatların ən yaxın müttəfiqidir və belə bir strateji əhəmiyyətli müttəfiqi ilə münasibətlərin korlanması nəticədə Vaşinqton üçün çox ciddi başağrılarına səbəb ola bilər və eyni zamanda Türkiyənin xarici siyasət oriyenatsiyasında ciddi dəyişiklikləri şərtləndirə bilər: “Türkiyə-Rusiya, Türkiyə-Çinin daha çox yaxınlaşmasını labüd edə və həmçinin iki dövlət arasındakı iqtisadi əlaqələrə çox ciddi zərbələr ola bilər. Yeri gəlmişkən bu əlaqələrdə inkişaf tempi var idi və müqayisə üçün qeyd edək ki, 2008-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard dollar idisə, artıq 10 il sonra bu rəqəm 20 milyard dollara çatmışdı. Hər iki dövlətin qarşılıqlı razılaşmasına görə bu göstəricini 5 dəfə artıraraq ABŞ-Türkiyə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq hədəflənib. Təbii ki, ABŞ-ın tarixi saxtalaşdırmaq qərarı, Türkiyəyə siyasi təziq göstərməklə bağlı atdığı bu addım Vaşinqton-Ankara iqtisadi əlaqələrinə çox ciddi zərbə olacaq və hesab edirəm ki, bundan ən çox uduzan tərəf ABŞ olacaq”.

E.Nəsirovun sözlərinə görə, ABŞ-la faktiki rəqabət şəraitində olan bir sıra dövlətlər yaranmış şəraitdən maksimum bəhrələnməyə çalışacaqlar: “Hesab edirəm ki, Baydenin bu davranışı onun bütün siyasi karierası dövründə ən böyük səhvdir və təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də Türkiyə Prezidenti cənab Ərdoğanla telefon danışığında Baydenin bu addımı tarixi səhv adlandırıb və eyni zamanda qeyd edib ki, belə bir addım qəbuledilməzdir”.