Elmi töhfələri yaşayan və yaşadılan alim

24 Aprel 2021 10:19 (UTC+04:00)

Bu bahar Şəmistan müəllimin 90 yaşı tamam olur. Ancaq bu yubiley onsuz qeyd edilir. Şəmistan müəllim ailəsinin, həmkarlarının, tələbələrinin, onu tanıyan insanların xatirəsində həmişə böyük ziyalı, alim, xeyirxah, prinsipial, Vətənə və torpağa bağlı bir insan kimi qalacaq.

Azərbaycan Memarlıq və İnşaat İnstitutunun hidrotexniki meliorasiya və hidrologiya kafedrasının professoru Şəmistan Namaz oğlu Bağırov şərəfli həyat yolu keçib. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirən Ş.Bağırov gənc mütəxəssis kimi Kür-Araz su tikinti idarəsinin Qusar rayonu ərazisindəki 11 saylı tikinti quraşdırma idarəsinə işləməyə göndərilir. Samur-Abşeron kanalının yenidən qurulmasında, mühüm hidrotexniki qurğuların tikintisində fəal iştirak edir. Ş.Bağırov hələ institutda oxuduğu müddətdə təhsilə və elmə böyük maraq göstərirdi. Zaqafqaziya respublikalarının texniki ali məktəb tələbələrinin Bakıda keçirilən elmi konfransında etdiyi maraqlı məruzə yüksək qiymətləndirilmişdi. Təsadüfi deyil ki, 1958-ci ilin aprel ayında təhsil aldığı instituta müəllim işləməyə dəvət almış, həmin ilin dekabrında isə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasına qəbul olunmuşdu. Görkəmli alim, akademik V.R. Volobuyevin elmi rəhbərliyi ilə 1962-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdi.

İstedadlı tədqiqatçı Ş.Bağırov respublikanın tanınmış alimləri, akademik H.Əliyev və professor Y.İbadzadə ilə birlikdə Aşqabad şəhərində keçirilmiş ümumittifaq elmi konfransda iştirak etmiş və orada maraqlı məruzə oxumuşdu.

Ş.Bağırovun elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrü 1963-cü ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutundan başlayır. Əvvəlcə hidromeliorasiya kafedrasında baş müəllim, dosent, institutun ixtisasartırma fakültəsinin dekanı kimi fəaliyyət göstərib. Səmərəli elmi-pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı nəzərə alınaraq müsabiqə yolu ilə hidromeliorasiya kafedrasına müdir təyin olunub. Bu vəzifədə 25 il şərəflə çalışaraq gənc mütəxəssislərin yüksək texniki səviyyədə hazırlanmasında yaxından iştirak edib.

Alimin gərgin əməyinin və elmi axtarışlarının məhsulu olan "Suvarma meliorasiyası", "Hidrologiya, hidrometriya və axının nizamlanması" kimi fundamental dərsliklərdən, metodiki tövsiyələrdən indiyə qədər tədris prosesində geniş istifadə olunur. 65-dən çox elmi məqalənin müəllifi olan professorun təşəbbüsü və bilavasitə iştirakı ilə rəhbərlik etdiyi kafedrada 3 tədris-elmi laboratoriya, meliorasiya kabinəsi yaratmışdı.

O, kafedra müdiri kimi dəfələrlə Moskva, Simferopol, digər şəhərlərdə keçirilmiş seminar müşavirələrdə tədris və metodik işlərə dair maraqlı məruzələrlə çıxış edib. Keçmiş İttifaq torpaqşünaslar cəmiyyətinin, respublika Hidrotexnika və ETC-nin üzvü olub.

Alimin elmi-tədqiqat işlərinin əsasını Kür-Araz ovalığında meliorasiya tədbirlərinin effektivliyinin öyrənilməsi, şorlaşmış torpaqlarda kollektor-dren şəbəkəsinin layihə parametrlərinin tədqiqinə dair sanballı elmi axtarışlar təşkil edir və bütün bunlar istehsalatda, layihələndirmədə müvəffəqiyyətlə tətbiq olunur.

Çoxillik səmərəli elmi-pedaqoji fəaliyyəti və gənc mühəndis kadrların hazırlanmasında xidmətlərinə görə alim dəfələrlə Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

Nəzərə alsaq ki, hazırda dünyada su qıtlığı problemi yaşanır, bu zaman müasir dövrümüzdə aparılan suvarma işlərində yeni uğurların istifadəsi də tələb olanan reallığa çevrilib. Bu zaman alimin elmi axtarışlarının münbit nəticələri öz səmərələrini və bəhrələrini verir. Digər tərəfdən, onun yetişdirərək ərsəyə gətirdiyi yüksək ixtisaslı peşəkar kadrlar da özlərinin yenilikçi ideyaları ilə respublikanın suvarma və meliorasiya sahəsinə böyük töhfələrini verməkdədirlər.

Onun elmi-tədqiqat işlərinin nəticələrinin yekunu olaraq Avstraliya, Türkiyə, İran və İsraildə keçirilən beynəlxalq konfranslarda təşkilat komitələri tərəfindən bəyənilərək nəşr olunmaq üçün tövsiyə edilən elmi əsərləri və dərsliyi isə, təəssüf ki, yarımçıq qaldı...

Ziyalı, alim, pedaqoq Şəmistan müəllimin işıqlı xatirəsi onu tanıyan və sevən insanların yaddaşında daima yaşayacaq!