“Prezidentin Agentlik qarşısında qoyduğu tələblər uğurla həyata keçiriləcək” ÖZƏL-MÜNASİBƏT

23 Aprel 2021 15:28 (UTC+04:00)

"Azərbaycanda Cənab Prezident tərəfindən uğurla başladılan islahatlar bütün sahələri tam əhatə etməkdədir. Cənab Prezidentin növbəti islahat qərarı məlum olduğu kimi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ləğv edilməsi ilə bağlı oldu. Ləğv olunan qurumun yerinə müasir idarəetmə metodlarına cavab verən QHT-lərərə Dövlət Dəstəyi agentliyi yaradıldı". Bunu "Səs" qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da fəaliyyəti dönəmində çox uğurlu fəaliyyət göstərirdi və vətəndaş cəmiyyətinin inkişafında böyük rolu olmuşdur: "Dövlət vətəndaş cəmiyyəti əlaqələrinin daim möhkəmləndirilməsi istiqamətində Şuranın fəaliyyəti çox təqdirəlayiq olmuşdur. Hesab edirəm ki, fəaliyyəti dövründə Şura qarşıya qoyulan vəzifənin yerinə yetirilməsində bütün lazımı tədbirləri uğurla həyata keçirmişdir. Lakin dünya sürətlə inkişaf edir. Texnologiyaların yüksək inkişafı idarəçilik sahələrinin də yeni dünya modellərinə uyğun formalaşmasını tələb edir. Məhz bu səbəbdən də, bu istiqamətdə də islahatlara ehtiyac duyulurdu. Buna görə də, cənab Prezident yeni agentliyin yaranması ilə bağlı qərar vermişdir. Agentliyin yaranması vətəndaş cəmiyyətinin inkişafında yeni təkan olacaqdır. Eyni zamanda, qlobal dünya miqyasında fəaliyyət aparmaq imkanına malik QHT-in formalaşmasına böyük ehtiyac duyulurdu. Agentlik məhz bu istiqamətdə hesab edirəm ki, böyük səylər göstərəcəkdir. Həmçinin biz son dövrlər müşahidə edirdik ki, yeni nəslin vətəndaş cəmiyyəti institutlarında fəaliyyəti əvvəlki dönəmlərə nisbətdə daha zəifdir".

A.Xəlilov onu da bildirdi ki, Agentliyin yaranması ilə vətəndaş cəmiyyəti sıralarında daha müasir biliklərə malik yeni simaların ortay çıxmasının da şahidi olacayıq: "QHT-in maliyyələşməsi məsələsində də biz yeniliklərin şahidi olacayıq. İnstasional QHT-in yaranması istiqamətində agentliyin yaradılması öz müsbət təsirini göstərəcəkdir. Hesab edirəm ki, yeni agentliyin yaradılması Azərbaycanda bir daha dövlətin vətəndaş cəmiyyəti institutlarına diqqət və qayğının bariz nümunəsidir. Keçmiş QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü kimi Agentliyin fəaliyyətinə uğurlar arzulayıram. İnanıram ki, Cənab Prezidentin Agentlik qarşısında qoyduğu tələblər uğurla həyata keçiriləcək".