“Soros milçək kimi könül bulandırır” ÖZƏL-ŞƏRH

23 Aprel 2021 12:55 (UTC+04:00)

Soros və onun bənzəri olan şəxslərin, yaxud qurumların Azərbaycan kimi dövlətlərə qarşı davranışları təsadüfi deyil. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə, onlar dünyada demokratiya, insan haqları adı altında hərəkatlar başladıb, ayrı-ayrı dövlətlərə, böyük güclərə təsir və təzyiq etmək istəyirlər və bu baş verənləri biz müşahidə edirik.
“Bilirsiniz ki, Soros fondu uzun illər özünün müxtəlif struktur vahidləri ilə Azərbaycan daxilində bir fəaliyyət göstərib. Əlbəttə ki, həmin illərdə də Azərbaycanı daxildən çalxalamaq, təbəddülatlar yaratmaq üçün çalışıb. Azərbaycan dövləti vaxtında bu qurumu faş elədi, onun əsl məqsədinin nə olduğunu aşkar etdi və ona görə də onu ölkəmizdən kənarlaşdırdı. Lakin Soros fondu gedərkən özü ilə bir sıra uzantılarını da apardı və həmin uzantılar da xaricdə oturub Azərbaycana qarşı hərəkatlarda iştirak edirlər. Amma, bununla da bitmir, özəlliklə də anti-Azərbaycan əhval-ruhiyyəli, ermənilərə bağlı mərkəzləri və gücləri hərəkətə keçirir, həmçinin ermənilərin özündən də istifadə edir ki, Azərbaycanı “dizə gətirsin”. Ermənistanda hazırda hakimiyyətdə olan Nikol Paşinyan, hamı bilir ki, Sorosun uzantılarındandır və həmin uzantının vasitəsi ilə də Azərbaycana təzyiq etmək cəhdləri oldu və bu gün də əslində o cəhdlər var. Amma təbiidir ki, Paşinyan və onun komandası Azərbaycan qarşısında böyük hesabla məğlub edilib. Azərbaycan Ali Baş Komandanı Cənab İlham Əliyevin dəmir yumruğu onun başına enib və ona görə də çox ciddi bir şeylər edə biləcəklərini deyə bilmərik. Amma bununla belə, milçək bir şey deyilsə də, könül bulandırır. Yəni Soros fondu da hazırda o durumdadır və Azərbaycana nə isə edə biləcəyini heç kim ehtimal edə bilməz, lakin könül bulandırmaqla məşğuldur. Təbiidir ki, bu könül bulandırmanın da əsas məqsədi, “biz də varıq, dünya bizi də görsün, Azərbaycan bizimlə də hesablaşsın”, çağırışıdır. Amma bir şeyi unudurlar ki, Azərbaycan onunla basqı dilində danışan heç kimlə, heç bir qurumla iş birliyi etməyib, edən də deyil. Ümumiyyətlə, Sorosun Azərbaycanın daxili işlərinə burnunu soxması yersiz bir hərəkətdir”, deyə Azər Həsrət bildirib.