Qərb Azərbaycanın qələbəsini niyə həzm edə bilmir? ANALİTİK+AKTUAL

23 Aprel 2021 12:15 (UTC+04:00)

Yaxud, bir sıra Qərb təsisatlarının artıq tam olaraq Azərbaycana xüsusi nifrəti ilə tanınan Corc Soros kimi bir fırıldaqçının nəzarətində olduğu heç kimə sirr deyil

Beləliklə, Qərb hələ də şokdan ayıla bilmir - Azərbaycan öz Liderinin rəhbərliyi altında ağılasığmaz (Qərb dünyası üçün – red.) surətdə, cəmi 44 gün ərzində öz torpaqlarını düşmən tapdağından təmizlədi, suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqına qarşı cinayət törətmiş bir çox erməni terrorçusunu elə döyüş meydanındaca məhv etdi, nəticədə regionda geosiyasi vəziyyəti tam dəyişdirməyə müvəffəq oldu. Bütün bunlar isə əlbəttə ki, asan başa gəlmədi. Belə ki, bunu dünyada özlərini söz sahibi hesab edən Fransa, ABŞ və digərlərinin hay-küy salmalarına baxmayaraq etdi. Daha dəqiq desək, siyasi şivənçilik nə Qərbə, nə də ermənilərin Qərb havadarlarına nə isə əldə etmək üçün yaramadı. Çünki regionda 30 il boyunca cərəyan edən stereotiplər köklü şəkildə darmadağın oldu. Bu stereotipləri dağıdan reallıq isə Cənubi Qafqazda əsl söz sahiblərini müəyyənləşdirdi, artıq heç nə, heç vaxt əvvəlki kimi olmayacaq və bununla da dünyada “yeni dəyərlər sistemi” formalaşdırdı. Hətta 44 günün dəyişdiyi gerçəkliyi belə də izah etmək mümkündür: özlərini dünya liderləri, hegemon siyasi mərkəzlər qismində hesab edən ölkələr tərəfindən uzun illər üçüncü ölkələrin əziyyətləri hesabına qoruyub saxladıqları “siyasi dəyərlər sistemi” sabun köpüyü kimi partladı...

İlham Əliyevin dünyaya gətirdiyi yeni dəyərlər hansılar oldu?

Artıq yeni siyasi və regional dəyərlər dövrünə qədəm qoyulub və bu potensial reallığı tətbiq edən şəxs Prezident İlham Əliyevdir. Onun tərəfindən dünyaya, eləcə də regiona gətirdiyi modern siyasət və qətiyyət faktorunun baza prinsipi isə bəlkə də heç bir ölkədə Azərbaycandakı kimi mövcud olmayan xalq-iqtidar vəhdətinə əsaslanır. Məhz xalqdan alınan ruh, vüsət və möhkəm etimad amili qeyd edilən üstünlüklərin qazanılmasına kifayət qədər təkan vermiş oldu:

- Xalq və iqtidar birliyi olduqda, düşmən kimliyindən asılı olmayaraq məhv edilir: düşmənin gücündən və onu dəstəkləyən kənar qüvvələrin müdaxiləsindən asılı olmayaraq.

-Ərazi bütövlüyü heç bir halda xalqların öz müqəddəratını həll etmək hüququnun qurbanı olmamalıdır:

- Güc tətbiq etmədən münaqişələrin ədalətli həllinə nail olmaq olmur: Sülh istəyirsənsə müharibəyə hazır ol prinsipi.

-Müharibədə də müəyyən qırmızı xətlər var və Azərbaycan onları keçmədən qalib oldu. Qırmızı xətlərdən biri mülki əhalini hədəfə almamaqdır və Azərbaycan torpaqlarını demək olar ki, düşmən tərəfdən hər hansı bir ciddi mülki insan itkisi olmadan azad etdi. Halbuki əks tərəf bilavasitə Azərbaycanın mülki əhalisini hədəfə alırdı.

- Düşmən ağ bayraq qaldırdıqdan sonra Azərbaycan əməliyyatları dayandırdı. Və vaxtı ilə düşmənin bizim mülki əhalinin ağ bayraq qaldırdığı belə hallarda güllələdiyinə baxmayaraq, eyni alçaqlıqlarla intiqam almadı.

- Nəhayət və ən əsası Azərbaycan sübut etdi ki, dünyada artıq ərazi və əhali baxımından nisbətən kiçik dövlətlər, artıq iri dövlətlərdən çəkinmədən və onlara “boylanmadan” öz problemlərini həll edə bilərlər. Başqa cür desək, ədalətin kiçiyi və böyüyü olmur, ədalət ya var, ya yoxdur.

Şübhəsiz ki, Azərbaycanın dünyada yeni dəyərlər sisteminin təməlinin qoyması Qərb dövlətlərini ciddi şəkildə qəzəbləndirib və təlaşlandırıb. Səbəb..?

Əsas səbəb odur ki, Azərbaycanın yaratdığı yeni regional və siyasi dəyələr sistemi digər dövlətlərə də ilham verə bilər və onlar da “dünya lider dövlətlərinin” nəzarəti altından çıxmağa çalışa bilərlər. Əlbəttə ki, bu “nəhəng”, amma əslində, davranışlarına görə daha çox “monstr” adlandırılmalı olan ölkələr indi də Azərbaycanı cəzalandırmaq hiddəti, həvəsi ilə yaşayırlar və bunun üçün əllərində olan bütün mövcud resurslardan maksimum istifadə edirlər, müxtəlif cür həm milli və həm də beynəlxalq platformalardan.

Necə deyərlər, hansı daşı qaldırırsan, altından bir sorosçu çıxır

Bir müddət öncə bizlər Almaniya bundestaqının (parlamentinin-red) ölkəmizə qarşı hücumların şahidi olduq, və bundestaqın bir neçə üzvünün guya ki, ölkəmizlə korrupsiya əlaqələri ətrafında böyük bir qurama sirk şousunu izlədik. İttihamlar Axel Fischer, Mark Hauptmann, və Tomas Bareis ətrafında cərəyan edirdi və onlar süni nəfəsalma aparatlarının alınması və s. gülünc məsələlər ətrafında qurulmuşdu.

Bundan sonra isə Fransa parlamentində qalmaqal qaldırılır və nəhayət, AŞPA-nın monitorinq komitəsinin iclasında ermənilər növbəti özlərinəməxsus təxribata əl atırlar. Belə ki davamlı olaraq ermənilərin maraqları tərəfindən çıxış edən Alain Milon, Aleksandra Louis və Bernard Fournierin iftira dolu çıxışlarını rəhbər tutaraq AŞPA-nın monitorinq komitəsi Azərbaycana qarşı növbəti qərəzli bəyanat qəbul edir və öz qərarında Avropa İnsan Haqları Məhkəməsinin 15 mart tarixində qəbul etdiyi, eləcə də heç bir fakta əsaslanmayan qərarına istinad edərək Azərbaycanda guya 188 nəfər erməni hərbi əsirinin (?!-red.) saxlandığını bildirir və onların dərhal (???!!!-red.) azad olunmalarını tələb kimi irəli sürür.

Lakin burada daha bir faktı da qeyd etmək istərdik ki, bir sıra Qərb təsisatlarının artıq tam olaraq Azərbaycana xüsusi nifrəti ilə tanınan Corc Soros kimi bir fırıldaqçının nəzarətində olduğu heç kimə sirr deyil. Bununla bağlı faktlar dəfələrlə müxtəlif növ hesabatlarda öz əksini tapıb.

Ən əsası isə 27 fevral 2020-ci ildə nüfuzlu Avropa Hüquq və Ədalət Mərkəzi (European Centre for Law and Justice) geniş hesabat təqdim edərək bütün Avropa təsisatlarının, xüsusilə “Avropa İnsan Haqları Məhkəməsinin” Soros fondunun tam nəzarəti altında olduğunu sübut etmişdi. Hesabatla bu linkdə tanış ola bilərsiz:

https://rmx.news/article/article/how-george-soros-infiltrated-the-eu-court-of-human-rights-report

Necə deyərlər, hansı daşı qaldırırsan altından bir sorosçu çıxır...

İstənilən xalq üçün ən böyük cəza elə Sorosun “himayəsi” altına düşməkdir

Şübhəsiz ki, Azərbaycanın Sorosun məhsullarından yəqin ki, ən zayı olan Paşinyana qalib gəlməsi Corcu yaman qəzəbləndirib və indi o, bütün təsir imkanlarından istifadə edəcək ki, Azərbaycanı öz təbirincə cəzalandırsın. Soros bilmir ki, istənilən xalq üçün ən böyük cəza elə Sorosun “himayəsi” altına düşməkdir. Odur ki, Soros özünün “keyfiyyətsiz” məhsulu Paşinyanın və Paşinyan vasitəsi ilə “yiyələndiyi” Ermənistanın qayğısına qalsa daha yaxşı olardı. Belə ki, məhz Sorosun hakimiyyətə gətirdiyi şəxslər Ermənistanı indiki uçuruma saldırlar. Düzdür, Ermənistanın əvvəlki Koçaryan-Saqrsyan iqtidarlarının da ölkənin belə bir vəziyyətə düşməsində kifayət qədər əməkləri var, lakin Paşinyan buna daha böyük bəhrə verərək, ölkənin belə acınacaqlı situasiya ilə qarşı-qarşıya qalmasına stimul verdi. İqtisadiyyat çöküb, ordu Azərbaycan tərəfindən məhv edilib, cəmiyyət Sorosun bəxş etdiyi “məxməri inqilabın” acı nəticələrindən tam məyus olub və ölkə neçə aydır faktiki olaraq idarə olunmur. Budur Sorosun xalqlara gətirdiyi “azadlıq və demokratiya”.

USAİD hələ də Azərbaycandadır (?)

İndi isə Soros öz “məxməri və rəngli” əllərini yenidən Azərbaycana uzatmağa çalışacaqdır. Görünür, 2014-cü ildə onun həm açıq, həm gizli olaraq fəaliyyət göstərən təşkilatlarının Azərbaycandan qovulması yadından çıxıb. İndi ölkəmizdə onun yaratdığı bir təşkilat qanunsuz olaraq fəaliyyət göstərir. Özü də yenə də Sorosun nəzarətində olan digər bir qurum olan USAİD vasitəsilə maliyyələşdirilən bu təşkilat Şərq-Qərb İdarəetmə İnstitutudur.

SİA həmin təşkilat haqqında ətraflı məlumat verərək (bax: https://sia.az/az/news/politics/856643.html ) onun dərhal ölkədən çıxarılmasının zəruriliyini faktlara əsaslanaraq vurğulamışdı, lakin təəssüf ki, həmin təşkilat hələ də öz fəaliyyətini naməlum qüvvələrin dəstəyi ilə qanunsuz olaraq davam etdirir. Amma Soros əmin ola bilər ki, Azərbaycan onun yenidən yuxarıda adları çəkilən və ya himayəsində olan digər bu kimi təşkilatların vasitəsi ilə ölkəyə dönməsinə yol verməyəcəkdir. O ki qaldı Sorosun xaricdə yaşayan və Azərbaycana tərəf mütəmadi şəkildə hürən “tulalarının” maliyyələşdirməsinə, necə deyərlər, “tulalar” hürər, Azərbaycanın inkişaf karvanı isə yolunu davam edər. Bax, buna həm Sorosun, həm də bu gün onun çətiri altında var-gəl edən Qərb qurumlarının, eləcə də sapı özümüzdən olan baltalarının heç bir şübhələri olmamalıdır.

Rövşən RƏSULOV