Prezident İlham Əliyevin regionlara etdiyi hər bir səfər böyük tarixi hadisə kimi dəyərləndirilir və regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, yerli şəraitə uyğun olaraq perspektivlərin müəyyən edilməsi, problemlərin həlli üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri də iqtisadi-siyasi baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Hacıqabula səfəri zamanı Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun açılışını etdi. Yolun yenidən qurulması nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımaların asanlaşmasına müsbət təsir edəcək. Ümumiyyətlə, son illər ölkəmizin hər bir bölgəsində yol infrastrukturu yenidən qurulur, yeni yollar, xüsusilə də kəndlərarası yolların tikintisi həyata keçirilir.
Eyni zamanda Hacıqabul rayonuna səfəri zamanı Prezident İlham Əliyevin açılışını etdiyi Hacıqabul Sənaye Məhəlləsinin istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Burada müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub, yük və xüsusi təyinatlı avtomobillər, plastik su qabları, müxtəlif növ gübrələr və digər məhsullar istehsal edən müəssisələr yaradılıb. Sənaye məhəllələrinin yaradılması daxili tələbatı ödəməklə yanaşı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabət qabiliyyətliliyin artmasına xidmət edir.
Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılır. Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.
Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətlərindən biridir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Hacıqabulda iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilmişdir. Özəl
sektorun kənd təsərrüfatı sahəsinə cəlb olunmasında dövlət investisiyalarının rolu əvəzolunmazdır. Bütövlükdə Azərbaycanda 50-dək aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Bu işlər özəl sektorla birlikdə görülməlidir. Dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır.
Dövlətimizin başçısının Hacıqabul rayonunun Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesinə start verilməsi tədbirində iştirak etməsi Prezidentin kənd təsərrüfatının inkişafına və fermerlərə xüsusi diqqətlə yanaşmasının göstərici kimi qəbul edilməlidir.
Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və yeni yarımstansiyanın açılışı da bunu göstərir. Kənd yollarının 75 faizi yenidən çəkilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaradır. Yeni açılan obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri