23 yaşlı Vətən müharibəsi iştirakçısı Tərlan Həsənov AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi nəzərdə tutulan “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgi ilə əlaqədar adı çəkilən muzeyə gəlmişdir. Döyüş yoldaşlarının “Qumbara Tərlan” adlandırdıqları qazmiz hərbi əməliyyatlarda istifadə etdiyi hərbi geyiminə aid olan isimlik (2 ədəd) və əsgər qolbağını muzeyə hədiyyə verib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin məzunu olan Tərlan Həsənov 2019-cu ildə Şəki rayonundan həqiqi hərbi xidmətə çağırılmış və keçən il tərxis olsa da, şəxsi istəyi ilə tarixi torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda başlanan Vətən Müharibəsinə qoşulub.
Döyüş yoluna Goranboy rayonunun Gülüstan kəndi istiqamətində başlayan əsgər Tərlan Həsənov sonra Tərtər rayonunun Talış kəndi və Suqovuşan ərazisindəki müxtəlif yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib.
1 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndindəki Ağ uçuq adlı məntəqədə olan ağır döyüşlər zamanı komandirin əmrinə əsasən düşmən mövqeyini məhv etmək tapşırığı alan Tərlan döyüş yoldaşlarının həyatını xilas etmək üçün düşmən qumbarasının üzərinə özünü atmışdır. Nəticədə döyüş yoldaşlarını ölümdən xilas etmişdir. Onun bu şücaəti həmin vaxtdan dillərə dastandır...
Tərlan Həsənov 2 aprel 2021-ci ildə hərbi xidmətini (müddətdən artıq) uğurla bitirərək ordu sıralarından tərxis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən əsgər Tərlan Həsənov “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medallarına layiq görülüb.