Onlar Milli Azərbaycan Tarix Muzeyini ziyarət ediblər

21 Aprel 2021 13:36 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzi sistemli şəkildə apardığı nəzəri və elmi-tədqiqat fəaliyyəti çərçivəsində muğam, aşıq və milli klassik musiqisinin öyrənilməsi, təbliği istiqamətində işini davam etməkdədir. SİA-nın məlumatına görə, bu layihələr pandemiya səbəbindən geniş kütləvi şəkildə həyata keçirilməsə də BMM elimi-tədqiqat işlərinə ara vermir.

Mərkəzin geniş miqyaslı “Dəyirmi masa” layihəsi çərçivəsində layihənin koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və daimi iştirakçısı Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Milli Azərbaycan Tarix Muzeyini ziyarət ediblər. Onlar muzeyində qorunan 10-a yaxın tar nümunələri ilə tanış olublar. 1744-cü ilə aid olan tar nümunəsi, böyük tarzən Mirzə Fərəcə 1890-cı ildə İranın Rəşt şəhərində hədiyyə olunmuş tar, Azərbaycan ifaçılıq sənətində iz qoyan Məşədi Süleyman, Bəhram Mansurova aid tar alətlərinə baxış keçiriblər. Məmmədəli Məmmədov muzeydə olan tarların ölçülərini götürmüş və müasir tarlarla müqayisəsini aparacağını diqqətə çatdırıb.

Qeyd edək ki, BMM-nin tədqiqat işləri “Unudulmayanlar” və “Dəyirmi masa” layihələri çərçivəsində həyata keçirilir. Layihələrin rəhbəri və ideya müəllifi Xalq artisti Murad Hüseynovdur. Bu tədbirlər arasında Azərbaycan çalğı alətlərin şahı hesab olunan tar musiqi alətimizə həsr olunmuş 2018-ci ildə reallaşan “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı konfransı və konfransdan sonra “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri” mövzusunda elmi-praktiki tədbiri qeyd etmək olar. Elmi-praktiki tədbirdə tar ustalarına tar musiqi alətinin istehsalı zamanı müəyyən olunmuş ölçülər və parametrlər haqqında məlumat verilmiş, xüsusi kitabçalar paylanılmışdır. BMM-nin elmi və tədqiqat xarakterli növbəti layihələri ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq.