Qondarma erməni soyqırımı böhtanı sadəcə siyasi maraqlarla qidalanan bir iddiadır - Fəxrəddin Altun

20 Aprel 2021 16:36 (UTC+04:00)
1915-ci il hadisələrinin tarixi keçmişi, hüquqi miqyası və günümüzə əks olunma hallarını müzakirə etmək məqsədilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 1915-ci il hadisələri ilə bağlı beynəlxalq konfrans təşkil edilib. SİA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun konfransda çıxış edərək proqramda irəli sürüləcək fikirlərin həqiqətlərin üzə çıxmasına töhfə verəcəyini, çünki təvazökar, lakin bir o qədər də cəsur insanların həqiqətə olan inamı sayəsində tarixin düzgün oxuna bildiyini söyləyib. F.Altun Osmanlının imperiyanın son dövründə çox böyük çətinliklərlə mübarizə apardığını qeyd edib. "Çanaqqala, Qafqaz, Hicaz, Fələstin və İraqda böyük mübarizə apardıq. Türkiyə Cümhuriyyəti olaraq 1915-ci ildə Osmanlı imperiyası tərəfindən qəbul edilmiş "Təhcir Qanunu"nun tətbiqi zamanı yaşanan ağrılı hadisələri bütün qəlbimizlə hiss edirik. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi "birlikdə Türkiyə olmanın" da kədərdə və sevincdə birlik olmaqdan keçdiyinə inanırıq. Bununla yanaşı bu gün əsrlər boyu sülh şəraitində birlikdə yaşamış türk və erməni xalqlarının ortaq keçmişini təhrif edərək tarixdən düşmənçilik yaratmağa cəhd edən bir hekayə ilə qarşı qarşıyayıq. Və biz bu hekayəyə qarşı çıxırıq. Həqiqətə çatmaq istəyimiz siyasi qazanc üçün deyil, sırf həqiqətin özü üçündür. Hörmətli prezidentimizin 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və elmi yanaşma çağırışı da bunun üçündür. Bu həqiqət çağırışıdır. Qondarma erməni soyqırımı böhtanı həqiqətlərlə heç bir əlaqəsi olmayan və sadəcə siyasi maraqlarla qidalanan bir iddiadır. Hansı parlamentin nəyə qərar verdiyinin, hansı xarici dövlət başçısının bu hadisələr haqda hansı ifadəni işlətməsinin bizim nəzərimizdə heç bir qiyməti yoxdur. Bizim üçün əsas olan keçmişdən bu günə qədər bu torpaqların övladlarının qəlbində ədalətli bir yer tuta bilməkdir. Bu konfransın 1915-ci il hadisələrinin yaşandığı tarixi keçmişi unutdurmamaq və ölkəmizə qondarma erməni soyqırımı böhtanı ilə diz çökdürmək cəhdlərinin qarşısını almaq üçün vacib bir funksiyanı yerinə yetirəcəyinə inanırıq", - deyə Altun vurğulayıb.