Başlıbel faciəsindən 28 il ötür ŞƏRH

19 Aprel 2021 17:10 (UTC+04:00)

İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları azərbaycanlılara qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürərək böyük fəlakətlər törədirlər. İyirminci yüzillikdəki tarixi yolumuza nəzər salaq görərik ki, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən baş verənlər erməni faşizminin xalqımıza qarşı olan çirkin niyyətlərinin göstəricisidir. Onların törətdiyi əməllərin izi neçə-neçə qanlı olayları, soyqırımı tariximizin vərəqlərinə həkk edib. Bu faciələr sırasında Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbeldə törədilən qətliamdan bu gün artıq 28 il ötür.

1993-cü ilin aprel ayında baş verən hadisə zamanı Başlıbel kəndinin aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən "Portda" kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra, iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Bu erməni qəsibkarlarının törətdiyi cinayət tariximizin yaddaşındadır. 2017-ci ildə başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə kitabı nəşr edilmişdir. Kitabda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapmışdır. Nəşrdə Başlıbel kəndində törədilmiş qırğının canlı şahidlərinin fikirləri yer almış, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilmişdir. Bütün bunlar faciə ilə bağlı məlumatların gələcək nəsillərə çatdırılmasında önəmlidir.

Son iki yüzillikdə baş verən hadisələr əlbəttə ki, ermənilərin Azərbaycanlılara qarşı olan niyyətlərini, terrorçuluq, soyqırımı siyasətini ortaya qoymuş olur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində xalqımız misli görünməmiş faciələlər yaşamışdır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini gösətərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir. 1992-ci ilin Xocalı faciəsi Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi yazıldı. Faciə baş verən zaman səhərə yaxın erməni quldurları Ağdaban yalında keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub, səhər saat 6-da silahlarla nərilti qoparmağa başlayıblar. Faciə zamanı 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən Qaradağlı qətliamı da Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlışəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər dəəsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Tariximizdə belə hadisələr kifayət qədərdir.

Ötən ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində Zəfər qazandıq. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu. 44 günlük müharibədə Ermənistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə aldı. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində torpaqlarımızın işğaldan azad oldu və torpaqlarımıza göz dikən ermənilərdən intiqamımızı almış olduq.

Nəzakət ƏLƏDDİNQIZI