Yunanıstan müdafiəsini gücləndirir

19 Aprel 2021 11:30 (UTC+04:00)

İsrail və Yunanıstan tərəfləri müdafiə sektoru arasında ən böyük razılaşmanı imzalayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, maliyyəsi 1,65 milyard dollar olan razılaşma iki ölkənin siyasi və iqtisadi əməkdaşlığını gücləndirəcəyinə inanılır.

İsrail Müdafiə naziri Benny Gantz yazılı açıqlamasında deyib: "Bu əməkdaşlıq müqaviləsi İsrail ilə Yunanıstan müdafiə təşkilatları arasındakı güclü və uzunmüddətli əlaqələrə əsaslanır".

Razılaşmaya əsasən, İsrailin müdafiə sənayesi şirkəti “Elbit Sistem”, Yunanıstan Hava Qüvvələri üçün uçuş məktəbi quracaq və təlim mərkəzini 22 il idarə edəcək.

Müdafiə müqaviləsində İsrailin Yunanıstana 10 ədəd M-346 təlim təyyarəsi satması, “Elbit Sistemin T-6 Efroni” təyyarələrini saxlaması və simulyatorlara dəstək kimi maddələr də yer alır.

Yunanıstanın məlumatına əsasən, 22 illik müqavilə iki ölkə arasında indiyə qədər imzalanmış ən böyük müdafiə satınalma müqaviləsi olduğu qeyd edilib.

Razılaşma Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Cənubi Kipr və İsrail Xarici İşlər nazirlərinin Kiprdə qatıldığı zirvədən sonra imzalanıb.