"Hakimiyyət 24 aprel tarixindən istifadə etmək niyyətindədir" Armen Qevorqyan

19 Aprel 2021 10:39 (UTC+04:00)

Ermənistan hakimiyyəti 24 aprel tarixindən də öz təbliğatları üçün istifadə etmək niyyətindədir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə keçmiş baş nazirin köməkçisi Armen Qevorqyan öz Telegram kanalında yazıb.
“Hakimiyyət 24 aprel tarixindən öz təbliğatları üçün istifadə etmək niyyətindədir. Bu, milli utancımızın davamı olacaqdır. Ermənistan tarixində heç kim özünə belə bir şeyə icazə verməmişdir”, deyə Armen Qevorqyan fikirlərini açıq şəkildə bildirib.
Xatırladaq ki, erməni ideoloqları və onların havadarları artıq bir əsrdir dünyanı inandırmaq istəyirlər ki, guya 1915-ci ildə Osmanlı ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində soyqırımı törədilib. Tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə erməni millətçiləri ondan öz siyasi məqsədləri üçün istifadə ediblər və bundan sonra da etmək niyyətindədirlər.
Diqqətə çatdıraq ki, bu təbliğat, bu siyasət Sovetlər dönəmində bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində, bu məsələdə ermənilərin məqsədi bütün türk-müsəlman dünyasını günahlandırmaq olub. Qondarma “erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu, həm Türkiyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir siyasətə çevrilib. Əslində, 1980-ci illərin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da, məhz bu məkrli siyasətin davamıdır və dünya artıq bunun fərqindədir.
Görünür, keçmiş baş nazirin köməkçisi Armen Qevorqyan qeyd olunan faktlar barədə hiyləgərcəsinə bilməməzlik edir. Doğrudur, hazırkı Ermənistan hakimiyyəti müəyyən məqamlardan, ən xırda detallardan belə öz mənafeyi, hakimiyyətini qoruması üçün istifadə etməyə öyrəncəlidir. Amma erməni cəmiyyəti bilməlidir ki, məhz 24 aprel tarixindən nəinki Paşinyan hakimiyyəti, ümumiyyətlə, bu zamana qədər bütün erməni cəmiyyəti istifadə etməyə çalışıb və hiyləgərcəsinə məsum sifət alaraq, dünya ictimaiyyətinin onlara yazığı gəlməsi üçün hər dona giriblər. Bir sözlə, yalançı da olsa, faciə, soyqırım adlandırdıqları məqamdan istifadə tendensiyası ilk hal deyil və bundan Paşinyan istifadə etmək istəyirsə, bu, onun erməni xislətinin təzahürüdür.