"Paşinyan xalqa yalan danışır" Levon Koçaryan

19 Aprel 2021 10:17 (UTC+04:00)

Nikol Paşinyan bilərəkdən insanların hissləri ilə oynayır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan bu sözləri öz teleqram səhifəsində Paşinyanın bölgələrə səfərlərinə toxunarkən yazıb və bu barədə news.am saytı da məlumat yayıb.
“Bölgələrdə gəzir, adi insanlara yalan danışır, cürbəcür şeylər vəd edir, bunun mümkün olmadığını da yaxşı bilir, insanların qəsdən hissləri ilə oynayır, öz günahı ilə ölən oğlanların məzarlarına yaxınlaşmağa da cəsarət edir. Paşinyan növbəti bir doza almaq üçün hər şeyə hazır olan ümidsiz bir narkoman kimi görünür. Sevdiklərinə yalan danışmağa, yalnız istədiyinə çatmaq üçün insanlara qızıl dağlar vəd etməyə hazırdır”, deyə Levon Koçaryan yazıb.
Xatırladaq ki, Paşinyan Vayots Dzora səfəri zamanı Qarabağdakı 44 günlük müharibə zamanı həlak olanların xatirəsini ehtiramla yad etmək qərarına gəlib. Lakin yerli sakinlərdən biri qohumunun məzarına yaxınlaşmasına Paşinyana icazə verməyib.
Göründüyü kimi, ermənilər özləri də artıq baş nazir Nikol Paşinyanın yalançı vədlərinə inanmır və bundan beziblər. Hətta 44 günlük müharibədə həlak olan qohumunun məzarı üstünə vətəndaş tərəfindən baş nazirin buraxılmaması onu göstərir ki, ermənilərin onu görməyə gözü yoxdur, qəzəblidirlər və ona nifrət hissi bəsləyirlər. Bu nifrətin, bu qəzəbin fonunda əlbəttə ki, Paşinyan hiyləyə əl atmaq məcburiyyətində qalıb və insanları aldatmaqla nəyə isə nail olmaq, öz postunu qoruyub saxlamaq istəyinə düşüb, amma artıq gecdir və ermənilər bunun da fərqindədirlər.