Deputat Yevlaxda şəhid ailələri ilə növbəti görüşünü keçirib - FOTOLAR

19 Aprel 2021 10:13 (UTC+04:00)

Deputat, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədovun şəhid ailələri ilə növbəti görüşü 16 aprel 2021-ci il tarixdə baş tutub. SİA xəbər verir ki, İlham Məmmədov Yevlax rayonundan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın evində olmuş, ailələrinə başsağlığı verərək, onların problemlərini yaxından dinləyib. Deputat Vətən müharibəsində şəhid olmuş Ərəş kəndindən Əyyub Bəşirovun, Aşağı Bucaq kəndindən Cavid Kərimovun, Nərman Rəsulovun, Varvara kəndindən Xəqani Cəmillinin və Cırdaxan kəndindən Qara Əliyevin evlərində olaraq, mərhum şəhidlərimizin ailələri ilə söhbət aparıb, şəhidlərimizin vətən sevgisini, torpağ sevgisini bir daha onların valideynlərinin dilindən dinləyib. Şəhid valideynləri övladlarının hər zaman Vətəni özlərinin anası adlandırdıqlarını və bu yolda ən ali zirvə olan şəhidlik zirvəsinə ucaldıqlarını qeyd ediblər.

Şəhid valideynləri qəhrəman övladlarının onları şəhid valideyni olmaq kimi ən ali mərtəbəni bəxş etdiklərini bildirib. Övladlarını məhz vətən yolunda şəhid olacaq qədər vətənpərvər şəxsiyyət kimi böyütdüklərini bildirən şəhid valideynləri bu gün öz övladları ilə qürur duyduqlarını qeyd ediblər. İlham Məmmədov mərhum şəhidlərimizin vətən sevgisini, qəhrəmanlıq dastanlarını dinlədikcə, şəhid ailələrinə ölkəmizin ərazi bütövlüyü uğrunda canını düşünmədən fəda edən vətənpərvər övladlar böyütdüyü üçün minnətdarlıq bildirərək, hər birimizin vəzifəsindən asılı olmayaraq, məhz belə qəhrəman oğullarımıza və onlara vətən sevgisini aşılamış valideynlərə borclu olduğumuzu bildirib. İlham Məmmədov hər zaman şəhid valideynlərinin yanında olduqlarını diqqətə çatdırıb.

Millət vəkili şəhid valideynləri ilə görüşü zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edərək, xalqımıza zəfəri yaşadan, cənab Ali Baş Komandanın döyüş əmrini qəhrəmancasına yerinə yetirən bu igid oğullarımızın ruhu qarşısında baş əydiyini və Azərbaycan xalqının məhz belə qəhrəman şəhidlərimizə borclu olduğunu bildirib. Torpaqlarımızın bütövlüyü uğrunda öz canlarını fəda edən qəhrəman şəhid və qazilərimizin, hər zaman olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, ölkə rəhbərliyinin hər bir şəhid ailəsinin, hər bir qazinin bütün sosial və məişət problemlərinin həlli istiqamətində yüksək işlər gördüyünü diqqətə çatdırıb.

Cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakını dövlətin diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili, eyni zamanda, ölkəmizin birinci xanımı, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın da, hər zaman şəhid analarının yanında olmasını, bir ana kimi onların övlad acısına şərik olmasını və onların bütün problemlərinin həllində yaxından iştirakını humanizm və xeyirxahlıq ideyalarının bariz nümünəsi olduğunu bildirib. Şəhid valideynləri də, öz növbəsində, onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını qeyd edərək, övladlarının torpaqlarımızdan yağı düşməni qovmasında göstərdikləri igidliklərinə, şəhid zirvəsinə ucalmalarına görə fəxarət hissi keçirdiklərini bildiriblər.

Sonda İlham Məmmədov şəhid valideynlərinin problemləri ilə də yaxından maraqlanmış, onların həlli istiqamətində müvafiq qurumlara məlumatların verilərək qısa zamanda həlli yolunu tapacağını qeyd edib.