İspaniyada intensiv terapiya şöbələrinin rekord sayda yüklənməsi qeydə alınıb

18 Aprel 2021 08:52 (UTC+04:00)

İspaniyanın Səhiyyə Nazirliyi ölkədə pandemiyanın miqyasının genişlənməsi ilə bağlı narahatlığını bildirir.

SİA xəbər verir ki, ölkədə intensiv terapiya şöbələrinin rekord sayda yüklənməsi qeydə alınıb. Reanimasiya şöbələrində artıq 2180 nəfərin yerləşdirildiyi bildirilir ki, bu da çarpayıların 21,71 faizini təşkil edir. Bu, dördüncü dalğanın başlanğıcından bəri ən yüksək faizdir. Ən pis vəziyyət Madrid, La-Rioxa (40 faizdən çox) və Kataloniyada (38 faiz) qeydə alınıb.

Bir gündə aşkarlanmış infeksiya hallarının sayı yenidən 10 mini keçib. Bu cür halların baş verməsi nəticəsində 14 gün ərzində yoluxanların sayı hər 100 min nəfərə nisbətdə 213,05 nəfərədək artıb. Bu, sözügedən dalğanın ən yüksək (gün ərzində 5,10 faiz) göstəricisidir.

İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə ümumi yoluxanların sayı 3 milyon 407 min 283 nəfər, ölüm hallarının sayı isə 76 min 981 nəfər təşkil edir.