"Haqsız qərarlar qəbul edilir" MÜSAHİBƏ

17 Aprel 2021 17:34 (UTC+04:00)

SİA politoloq Anar Əliyevin müsahibəsini təqdim edir:

-İlk olaraq, cənab Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər parkının möhtəşəm açılışındakı iştirakına və buradan bütün dünyaya hər zaman olduğu kimi verilən mesajlara toxunaq. Ümumiyyətlə bu parkın açılışı nəyə hesablanmışdı və buradan verilən mesajlar hədəf olaraq kimə ünvanlanıb?

-Cənab Prezident növbəti dəfə çox möhtəşəm bir çıxış etdi. Çıxışı zamanı region xalqları, Azərbaycan xalqları, region dövlətləri, bölgədə maraqlı olan dövlətlər və dünya ictimaiyyətinə bir çox mesajlar ötürdü. Azərbaycan dövlətinin və Azərbaycan xalqının gələcək hədəfləri ilə bağlı ideyalarını düşüncələrini, proqramlarını çatdırmış oldu. Birinci növbədə, Azərbaycan xalqına, cəmiyyətinə ötürülən mesaj vardı. Bu mesaj ondan ibarət idi ki, Azərbaycan dövləti 2020-ci ilin sonlarında yeni bir reallıq yaratdı. Bu reallığı dəyişəcək qüvvə artıq mövcud deyil. Bu reallıqların fonunda Azərbaycan sürətlə inkişaf edir. Bölgədə söz sahibi olaraq, bütün proseslərin, həm logistik layihələrin, həm də kommunikasiya əlaqələrinin hərəkətverici qüvvəsi kimi məhz Azərbaycan dövləti çıxış edir. Bundan sonra da Azərbaycanın diqtəsi bu proseslərdə əhəmiyyətli olacaqdır. Azərbaycanın maraqlarını, mənafelərini nəzərə almadan, bölgədə heç bir proses həyata keçirilə bilməz. İkincisi, Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsində son vaxtlar narazıçılıq yaranmışdı. Xüsusilə Qarabağ bölgəsində bəzi ərazilərimiz var ki, orada hələ də erməni separatçıları fəaliyyət göstərirlər. Onlarla və onların gələcəyi ilə bağlı həmin bölgənin gələcəyi ilə bağlı Azərbaycan icmasının nümayəndələrinin ora qayıtması ilə bağlı Azərbaycan cəmiyyətinə dəqiq, hesablanmış, ölçülü mesajlar ötürüldü ki, Azərbaycanın bu sahə ilə bağlı çox dəqiq proqramları mövcuddur. Çox qısa bir müddət ərzində Azərbaycanın digər ərazilərində də vətəndaşlarımız yerləşəcək. Onlar təbii ki, erməni icmasının nümayəndələri ilə birlikdə qonşuluq şəraitində, sülh şəraitində, mehribanlıq şəraitində yaşayacaqlar. Amma təbii ki, orada müəyyən problemlər hələ də qalır. Xüsusilə, "İskəndər M" raketləri ilə bağlı cənab Prezident müəyyən məqamlara toxundu. ADA-da keçirilən tədbirdə cənab Prezident çox dəqiq fikirlər səsləndirdi. Biz bunu hər zaman həyatda müşahidə etmişik. Prezident bütün fəaliyyəti ilə bağlı Azərbaycan xalqına hesabatını verib. Heç bir gizli fəaliyyət mövcud deyil. Bütün atılan addımlarda, qərarlarda Azərbaycan xalqı ilə məsləhətləşmələr aparıb və cənab Prezidentimiz məhz Azərbaycanın xalqının iradəsini ifadə edərək, bu qərarları verib. "İskəndər M" raketləri ilə bağlı məsələdə xalqımızın narahat olduğunu diqqətə çatdırdı. Məlum olur ki, Azərbaycan Prezidenti xalqımızı narahat edən bütün məsələləri daim diqqətdə saxlayır, daim onun gündəliyindədir. İmkan olduqca Azərbaycanın maraqları çərçivəsində bütün məsələləri bütün lazımi görüşlərdə səsləndirir və onlara cavab tələb edir.

-"İskəndər M" raketləri ilə bağlı araşdırmaların izi faktlara əsasən Rusiyaya gedib çıxır. Daim düşməni silahlandıran Rusiyanın bu gün ərazilərimizdəki sülhməramlı missiyası nə dərəcədə etibarlıdır?

-Sülhməramlı qüvvə adətən münaqişədə olan iki tərəf arasında dayanır. Ümumiyyətlə sülhməramlı missiyanın mahiyyəti bundan ibarətdir. Lakin Azərbaycanla Ermənistan arasındakı sərhəddə Azərbaycan ordusu dayanır. Azərbaycan Prezidenti bunu açıq şəkildə bəyan edib. Tovuzdan başlamış Zəngilana qədər heç bir insident yoxdur. Azərbaycan əsgəri ilə demək olar ki, dağıdılmış, məhv edilmiş, sarsılmış erməni əsgəri arasında bir neçə 10 metr məsafə mövcuddur. Onlar arasında heç bir insident yoxdur. Qarabağda azərbaycanlılar və ermənilər arasında etimad mühiti formalaşana qədər sülhməramlıların orada yerləşdirilməsi qərarı alınmışdır. Amma indi isə məlum olur ki, bu sülhməramlı qüvvə daha çox Azərbaycan ordusu ilə Qarabağda hələ də mövcudluğunu qoruyub, saxlayan erməni separatçı qüvvələrin hərbi hissələri ilə arasındakı sülhməramlı fəaliyyətini yerinə yetirir. Bu özü sülhməramlının mahiyyətinə ziddir. "İskəndər M" raketlərinin istifadə olunması proseslərinə birmənalı şəkildə Rusiya göz yumub. Çünki bunlar elə bir hərbi sistemlərdi ki, bunların istifadəsi yalnız Ermənistan dövləti və Ermənistan hərbi qüvvələri birliyi daxilində ola bilməzdi.

- "İskəndər M" raketi məsələləri ilə bağlı bundan sonra rəsmi Bakı hansı addımları ata bilər?

-Beynəlxalq tədbirdə cənab Prezident bir daha açıq şəkildə bəyan etdi ki, bizim əlimizdə lazımi məlumatlar var. Haradan atılıb, necə atılıb, nə qədər atılıb. Bunlarla bağlı bizim əlimizdə kifayət qədər məlumatlar var. Sadəcə biz sorğu göndərmişik və Rusiya tərəfindən rəsmi cavab gözləyirik. Bir neçə müddət keçməsinə baxmayaraq, hələ də cavab yoxdur. Amma cavab gözlənilir. "İskəndər M" kütləvi qırğın silahlarına aid növdür və qadağan olunmuş silahdır. Ümumiyyətlə, "İskəndər M" raket kompleksinin ikinci və ya üçüncü dövlətə satılması tamamilə qadağandır. Rusiyanın 1995-ci ildə qoşulduğu razılaşmaya əsasən, 300 kilometrdən artıq uçuş məsafəsinə aid olan raketlər ikinci tərəfə satıla bilməz. Bu faktlar da onu göstərir ki, Ermənistanda "İskəndər M" raketləri mövcud deyil. Amma Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur. Həmin bazada "İskəndər M" raketləri ola bilər. Amma hərbi bazada Rusiyaya aid olan hərbi raket Azərbaycan ərazisinə atılırsa, məsuliyyət daşıyan tərəf Rusiya olmalıdır.

-Şuşada son günlərdə mütəmadi olaraq yaranan söhbətlərdən biri də odur ki, Türkiyənin hərbi qarnizonu Şuşada yaradılmalıdır. Sizcə, Şuşada Türkiyənin hərbi qarnizonu yaradılmalıdır?

-Hər bir azərbaycanlı kimi mən də çox istəyərdim ki, Qarabağ ərazisində daha da rahat və arxayın olmağımız üçün Türkiyənin hərbi qarnizonu yerləşdirilsin. Lakin Azərbaycan qanunvericiliyi Azərbaycan ərazisində hər hansı bir dövlətin hərbi bazasının yerləşdirilməsini qadağan edir və bu mümkün deyil. Əgər hər hansı bir baza yerləşdiriləcəksə, əvvəlcə Azərbaycan qanunvericiliyində müvafiq dəyişikliklər edilməlidir. Digər bir tərəfdən Azərbaycan "Qoşulmama" hərəkatının ən fəal üzvlərindən biridir. Bildiyimiz kimi, dünya səviyyəsində, hətta BMT səviyyəsində də Azərbaycanın haqq səsinin müdafiə olunmasında "Qoşulmama" hərəkatının ən fəal üzvləri Azərbaycana dəstək verir. Yəni Azərbaycan hərbiləşdirilməmiş bir ərazidir və digər dövlətlərin Azərbaycan ərazisində hərbi bazasının yerləşdirilməsi tamamilə qadağandır.

-Ermənistanın bizə minalanmış ərazilərin xəritələrini verməməsi və BMT-dəki bəzi qurumların bizə qarşı qərəzli mövqe tutması. Ümumilikdə bu proseslərdə bizə qarşı hansı mövqe sərgiləyəcəklər?

-Bu ikili yanaşmanın bariz nümunəsidir. Müharibə başa çatıb. Artıq iki tərəf arasında Rusiyanın iştirakı ilə razılaşma imzalanıb. Buna baxmayaraq, çox təəssüf ki, Azərbaycana növbəti dəfə müharibə cinayətləri tətbiq edilir. Bildiyimiz kimi, 10 noyabr bəyanatından sonra 40-a yaxın vətəndaşımız məhz minaların partlaması nəticəsində həyatlarını itiriblər. Təəssüf ki, Avropa dövlətləri Azərbaycanın çox haqlı olduğu bir məsələdə Ermənistana qarşı heç bir təzyiq göstərmir. Bu haqda heç bir söhbət yoxdur. Avropa parlamentində eyni zamanda Fransa, Niderland parlamentində Azərbaycanın Ermənistan qarşısında guya öhdəliyin yerinə yetirilməsə, əsirlərin qaytarılmaması ilə bağlı müxtəlif qərarlar qəbul edilir. Haqsız qərarlar qəbul edilir. Baxmayaraq ki, 10 noyabr bəyanatından sonra Azərbaycanda olan hərbi əsirlər və erməni əsgərlərinin meyitləri birmənalı şəkildə Azərbaycan tərəfindən təhvil verilib. Azərbaycanda bir dənə də hərbi əsir mövcud deyil. Amma 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisində saxlanılan terrorçuların Ermənistana təhvil verilməsi ilə bağlı qanunsuz qərarlar qəbul edilir. Müxtəlif səviyyədə Azərbaycana qarşı ittihamlar irəli sürülür. Lakin bir dəfə də olsun bir fikir səslənmir ki, Azərbaycan həmin terrorçuları Ermənistana təhvil verməklə yanaşı, həm də Ermənistan qarşısında bu məsələ qaldırılsın ki, minalanmış ərazilərin xəritələri təqdim olunsun. Azərbaycan dövlətinin bunu tələb etməyə haqqı var. Təəssüf ki, bu proses müəyyən qədər uzanır. Bunun da bir neçə səbəbləri var. Orada on minlərlə minaların basdırılması ilə bağlı məlumatlar olsa da əslində rüşvətxor erməni generaliteti minaların çox böyük bir hissəsini basdırmayıb. Onlar yalnız sənədlərdə var və onların pulu yeyilib. Həddən artıq yeyinti çoxdur. Bunun üzə çıxmaması üçün onu gizlətməyə çalışırlar. İkinci bir tərəfdən isə hesab edilir ki, Ermənistanda bu xəritələr mövcud deyil və necə gəldi, hara gəldi minaları basdırıblar. Bu variantı istisna edirəm. Çünki münaqişənin nə vaxtsa başlayacağını erməni tərəf çox yaxşı bilirdi və erməni tərəfdə belə xülyalar mövcud idi ki, müharibə başlayarsa, yeni ərazilər işğal edəcəyik. Hətta Ermənistan müdafiə nazirinin "yeni müharibələr, yeni ərazilər" ideyası da mövcud idi. Yəni əgər onlar buna inanırdılarsa, deməli onlar basdırdıqları minaların üzərindən keçib irəli gedəcəklərini düşünürdülər ona görə də həmin xəritələr onlarda mövcuddur və təqdim etməlidirlər.

-Paşinyan Moskvadakı görüşündən sonra bir sıra məqamlara toxundu və açıqlama verdi. Bildirdi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Daha sonra qeyd etdi ki, biz Ermənistanda ikinci AES stansiyasının tikintisini həyata keçirəcəyik. Ümumiyyətlə bu hansı vəsaitlə baş tutacaq? Sizcə, Paşinyan bu sözləri dediyi zaman nəyi nəzərdə tuturdu?

-Paşinyan çox gözəl bilir ki, Dağlıq Qarabağ münaqişəsi ümumiyyətlə Azərbaycan və Ermənistan arasında olan ərazi iddiası artıq öz ədalətli həllini tapıb. Bunu çox gözəl dərk edir. Ermənistan cəmiyyətini sakitləşdirsin deyə təbii ki, bu fikirləri səsləndirməlidir. Ermənistan cəmiyyətində, sosial şəbəkələrdə, "telegram" kanallarında erməni aktivistlərinin səsləndirdiyi fikirlər də göstərir ki, Ermənistan cəmiyyəti də bu prosesləri, baş verən yeni reallıqları çox gözəl dərk edir. Ermənistanın bundan sonra heç vaxt bu yeni reallıqları dəyişmək gücünə sahib olmayacağını da çox gözəl bilirlər. Ona görə də hesab edirəm ki, Paşinyanın dedikləri daha çox seçki öncəsi daxili auditoriyaya ünvanlanmış fikirlərdir və bunun arxasında heç bir ciddi proses dayanmır. Amma təəssüf ki, Paşinyana bu fikirləri deməyə vadar edən ikinci qüvvələr mövcuddur. Bu qüvvələr Paşinyanın daxili auditoriyaya hesablanmış fikirlərlə yanaşı, həm də bu fikirlərdən həmin kənar qüvvələr istifadə etməyə çalışırlar. Azərbaycana təzyiq etmək istəyən, Azərbaycanda, regionda, özlərinə sərf edən maraqlarını özlərinə sərf edəcək formada həyata keçirmək istəyən qüvvələr var. Xüsusilə, bu qüvvələrin başında Fransa dayanır. Bu tarixən də belədir. Təbii ki, burada Qərbi Avropa dövlətləri və həmin dövlətlərdə fəaliyyət göstərən erməni diaspor təşkilatları və Amerikanın ermənipərəst siyasi xadimlərinin dayandığını birmənalı şəkildə qeyd etmək istəyirəm. Təbii ki, burada Rusiya daxilində ermənipərəst qüvvələr mövcuddur. Rusiyada fəaliyyət göstərən bu gün çox böyük kapitala, çox böyük maliyyə dövriyyəsinə sahib olan erməni diaspor dairələrini qeyd etmək istəyirəm ki, onlar daha çox bu fikirləri səsləndirməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Amma unudurlar ki, Azərbaycana təzyiqlə danışmaq mümkün deyil.

Arzu Elsevərqızı