Əqidə və mənəviyyat adamı - HİKMƏT BABAOĞLU- 55

17 Aprel 2021 15:09 (UTC+04:00)

Bu gün Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist", professor Hikmət Babaoğlunun ad günüdür.

Qədim dövr Çin filosof - mütəfəkkiri Konfutsi qeyd edir ki, ömür yoldur, o, qət etdikcə zənginləşir. Hər bir insanın ömür yolu onun yaratdığı həyat nümunəsidir. Hikmət Babaoğlu, sözün əsl mənasında, ömür yolunu addım-addım qət etdikcə zənginləşdirən vətənpərvər şəxsiyyət və ləyaqətli ziyalıdır. Hikmət müəllimi yaxından tanıyanlar, onunla həmsöhbət olanlar yaxşı bilirlər ki, o, müəllim təfəkkürü ilə yaşayan, öyrənmək və öyrətmək prinsipi əsasında hərəkət edən ziyalıdır. Əlbəttə, müəllim ailəsində yetişən bir şəxsiyyətin həyat kredosunun bir ziyalı kimi insana, cəmiyyətə və xalqa fayda vermək prinsipinə əsaslanması təsadüfi deyil. Hikmət müəllimin həm elm adamı, həm publisist, həm də ictimai-siyasi xadim kimi fəaliyyəti məhz bu məqsədə xidmət edir, ictimai faydalılıq meyarına söykənir.

Hikmət Babaoğlu hər şeydən əvvəl, əqidə - mənəviyyat adamıdır. Vətəninə, xalqına, dövlətinə bağlılığı ilə seçilir. O həm də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqət nümunəsi ortaya qoyan prinsipial siyasətçi və vətənpərvər şəxsiyyətdir. Hikmət müəllimin ictimai-siyasi fəaliyyətinə nəzər salanda görürük ki, bu, milli-mənəvi dəyərlərin yaşadılması və təbliği, milli maraqların qorunması, ictimai həmrəyliyin gücləndirilməsi, vətənpərvər gəncliyin yetişməsi kimi məqsədlərə xidmət edir.

Hikmət Babaoğlu Milli Məclisin deputatı kimi bu günə qədər ölkəmizdə qanun yaradıcılığı prosesində, hüquqi bazanın formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirak edib və çox fəal rol oynayıb. O, parlamentin fəal və seçicilərin rəğbətini qazanmış deputatlarından biridir desək, qətiyyən yanılmarıq.

Heç şübhəsiz, Hikmət müəllimin örnək həyat portretinin ən nümunəvi cizgilərindən biri onun akademik fəaliyyəti ilə bağlıdır. Ləyaqətli müəllim ömrü yaşayan Hikmət Babaoğlunun tədqiqatçı-alim kimi elmi fəaliyyəti kəmiyyət və keyfiyyət etibarilə olduqca zəngindir. Çoxsaylı elmi əsərlərin, monoqrafiya və dərsliklərin, yüzlərlə elmi-kütləvi və siyasi analitik məqalənini müəllifi olan Hikmət müəllim milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində, vətənə bağlı, yüksək ictimai və siyasi şüura malik gəncliyin yetişməsində elmi fəaliyyətin və elmi təşkilatçılığın roluna xüsusi önəm verir. Onun şəxsi nümunəsi də bu strateji məqsədlər çatmağa xidmət göstərir.

Heç şübhəsiz, Azərbaycanda siyasi publisistika janrında Hikmət Babaoğlu imzası öz fərqliliyi və cəlbediciliyi ilə seçilir. Onun qələmə aldığı analitik yazılar təkcə siyasi məzmun daşımır, obyektiv milli - tarixi yaddaşın formalaşmasına və gücləndirilməsinə, milli kimliyimizin dərk olunmasına, ictimai və siyasi şüur səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir, dövlətçilik ənənələrimizi qorumağa, milli dəyərlərimizə sahib çıxmağa stimullaşdırır. Konkret nümunələrə nəzər salaq.

Hikmət müəllimin "Qara Duman", "Türk tarixi və mifoloji dünyagörüşündə atlar" adlı romanları tarixi və ictimai-siyasi əhəmiyyətinə görə olduqca önəmlidir. Onun ərsəyə gətirdiyi bu əsərlər yaradıcı təfəkkürün və təxəyyülün tarixin dərin qatlarındakı milli-genetik kodlara əsaslanan həqiqətlərlə uzlaşdırılmasıdır. Bu, təkcə xalqımızın, türk milli kimliyinin mifoloji dünyagörüşünün öyrənilməsi deyil, həm də obyektiv tarixi keçmişə əsaslanan gerçəkliklərin izi ilə gələcəyə milli baxışın formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Onun "Akdamardan Sarı Gəlinədək erməni yalanı" əsəri isə ermənilərin Azərbaycan xalqının tarixinə maddi və mənəvi abidələrinə qarşı törətdikləri sistemli saxtakarlıqların öyrənilməsi, tariximizin nisbətən az öyrənilmiş dövrlərinə yeni rakursdan aydınlıq gətirilməsi baxımından mötəbər və etibarlı mənbədir. Kitabda həm qədim alban dövrünə aid olan maddi abidələrimiz, həm Azərbaycanda xristianlıqdan İslama keçid dövründə baş vermiş dini – ideoloji katakalizmlər, həm də mənəvi sərvətimiz olan musiqi nümunələrimiz təhlil olunur, onların tarixi və yaranması məsələləri elmi tədqiqata cəlb edilir.

Hikmət müəllim həm də çoxsaylı elmi-akademik yeniliklərin müəllifidir. "İnsan hüquqları və azadlıqları; tarixi təkamülü, beynəlxalq və politoloji aspektlər, Azərbaycan təcrübəsi" adlı monoqrafiyanın müəllifi olan Hikmət Babaoğlu Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır. Bununla yanaşı, Hikmət müəllim əhəmiyyətli siyasi publisistika nümunəsi olan "İnfoimperializm və media" monoqrafiyasında elmi dövriyyəyə yeni anlayışlar – terminlər gətirib və ona Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 6 müəlliflik şəhadətnaməsi verilib.

Hikmət Babaoğlunun "Azərbaycan beynəlxalq münasibətlərin aktoru kimi", "Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu" adlı monoqrafiyaları isə ölkəmizin xarici siyasət kursunun elmi-konseptual əsaslar və müasir geostrateji reallıqlar kontekstində tədqiq olunması üçün fundamental tədqiqat əsəri kimi böyük əhəmiyyətə malikdir.

Tədqiqatçı-alimin "Dünya siyasəti və beynəlxalq münasibətlər", "Xarici siyasət", "Siyasi təhlil və proqnozlaşdırma" dərsliklərində əks olunan məsələlər isə qlobal siyasi proseslərin, geostrateji reallıqların mahiyyətininn elmi əsaslarda dərk edilməsi, həmçinin dünya siyasətinin inkişaf tarixinə və beynəlxalq münasibətlərin hazırkı vəziyyətinə həm nəzəri mənbələr, həm də praktik reallıqlar əsasında rasional milli-elmi baxış formalaşdırılmasına imkan verir.

Hikmət müəllimin müəllifi olduğu "Heydər Əliyev irsinin politoloji aspektləri" dərsliyi milli müstəqillik tariximizin analitik portretidir desək, səhv etmərik. Dərslikdə Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkədə baş verən proseslərin siyasi-analitik təhlili, müstəqil dövlət quruculuğu prosesində müdrik dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərinin baş verən tarixi proseslərin fonunda öyrənilməsi və müasir Qərb siyasi elmində mövcud olan elmi-nəzəri istiqamətlərlə əlaqələndirilməsi ciddi elmi yenilikdir. Heydər Əliyev siyasi irsinin politoloji aspektlərinin əsas istiqamətləri elmi şəkildə tədqiq edilərək Qərb siyasi elminin klassik tezisləri ilə müqayisəli şəkildə təqdim edilməsi də kreativ elmi metodologiya kimi diqqəti cəlb edir.

Hikmət müəllimin istər siyasi publisist, istər elm xadimi, istərsə də parlamentari kimi milli maraqlara xidmət edən məqsədyönlü fəaliyyətinin çox mühüm istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun surətdə çatdırılmasıdır. 20-ə qədər ölkədə keçirilən beynəlxalq elmi konfranslarda ölkəmizi təmsil edən, bir neçə yerli və beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü olan Hikmət Babaoğlu bu prosesdə olduqca fəal roy oynayır, ölkəmizdə və beynəlxalq arenada Azərbaycanla bağlı sağlam ictimai rəyin formalaşmasına parlamentari, elm xadimi və siyasi publisist kimi mühüm töhfə verir. O, həmçinin mətbu fəaliyyəti ilə ölkəmizin qlobal informasiya məkanında mövqeyinin möhkəmlənməsində, erməni yalanlarının, anti-Azərbaycan dairələrin qara piar kampaniyasının iflasa uğradılmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Və bütün bunlar informasiya əsri kimi səciyyələndirdiyimiz XXI yüzillikdə təbliğat müstəvisində milli prioritetlərin yerinə yetirilməsi baxımından çox mühümdür.

Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev də əməkdaşlar adından hörmətli Hikmət Babaoğlunu anadan olmasının 55-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, ona həyatın ən şirin neməti olan cansağlığı, yaradıcılıq uğurları, 30 ildən sonra bütövləşən Azərbaycanımızın inkişafında, yeni-yeni uğurlar qazanmasında tükənməz güc, mətanət arzulayır!