COVID-19 virusuna yoluxmada yeni antirekord qeydə alınıb Hindistanda

17 Aprel 2021 13:32 (UTC+04:00)

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 234 min 692 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır. Ötən gün dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb. Ümumiyyətlə bir aydan çoxdur ki, Hindistanda sutkalıq yoluxma sayı gündən-günə artır. SİA Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən gün Hindistanda COVID-19 infeksiyası səbəbindən 1341 ölüm qeydə alınıb. Beləliklə, ümumu yoluxma sayı 14 milyon 526 mini, ölüm sayı isə 175 mini ötüb. Hazırda 1,67 milyon aktiv xəstə var. Bəzi ştatlarda tibbi ləvazimat qıtlığı müşahidə olunur.

Mütəxəssislər Hindistanın hazırda pandemiyanın 2-ci və daha ağır dalğasının yaşadığını bildirilər. Hökumət çoxalan yoluxma sayını nəzarət altına almaq üçün sərt karantin tədbirlərinin tətbiqinə başlayıb.

Hindistanda paralel olaraq əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası da davam edir. İndiyədək 119 milyon nəfərə peyvənd vurulub. Vaksinasiya proqramına "Covishield", "Covaxin" və "Sputnik V" peyvəndləri daxildir. "Bharat Biotech" şirkəti ölkədə vaksinə artan tələbatı təmin etmək üçün may-iyun ayından etibarən "Covaxin" peyvəndinin istehsalı ikiqat çoxaldacaq. Bu məqsədlə Benqaluru şəhərində yeni istehsal xətti istifadəyə veriləcək.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı ötən il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb.