Lənkəranda tədrisin keyfiyyətinin artırılmasına həsr olunan tədbir keçirildi

16 Aprel 2021 22:00 (UTC+04:00)

Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecdə onlayn formatda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ruslan Həmidov açaraq bildirib ki, insan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada sosial-psixoloji biliklərin zəruriliyi hiss edilməsin.

Hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Ona görə də psixologiya insan haqqında əsas elmlərdən biri kimi insana xidməti ön plana çəkib. İndiki dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji mexanizmi açmağa cəhd göstərilir, bu sahədəki qanunauyğunluqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda, nəticə sevindirici olmur: əmək məhsuldarlığı aşağı düşür, qarşılıqlı münasibətlər pozulur, işçi axını başlanır. Yaxud, hər cəhətdən yüksək imkanlara malik hesab edilən komanda birdən–birə sanki dəyişilir və gözləntilərin əksini nümayiş etdirir. Bu kimi hallarda psixoloji işin aparılması, başqa sözlə psixoloqun işə qarışması lazım gəlir və səmərəli nəticə verir”.

Məruzə ətrafında Kollecin psixoloqu Zülfiyyə Əliyeva “Psixoloji məsləhətlər”, Sosial şöbə müdiri Gülayə Talışxanova “Sosial pedaqoji tövsiyyələr”, Aqrar və texnoloji şöbə müdiri Dəyanət Əskərov “Onlayn tədrisin əsas keyfiyyətləri” mövzularında məruzəylə çıxışlar ediblər. Bundan başqa, tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb, arzu və istəkləri nəzərdən keçirilib, pedaqoji kollektivin gələcək fəaliyyətlərində üstün pedaqoji nailiyyətlərdən bəhrələnmələri tövsiyyə olunub.

Sərraf Talıbov