Gürcüstanda vəziyyət kritik həddə çatıb

24 May 2011 13:22 (UTC+04:00)

"2008-ci ilin avqustunda rüsvay olan Silahlı Qüvvələrin ali baş komandanı, Qoridə cangüdənlərinin arxasında gizlənən Mixail Saakaşvilinin 26 mayda hərbi paradı qəbul etməsinə imkan verməyəcəyik". SİA-nın Gürcüstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın parlamentinin keçmiş spikeri, "Xalq məclisi" müxalifət hərəkatının liderlərindən biri Nino Burcanadze deyib. Burcanadze tərəfdarlarını saylarını artırmağa və hərbi paradın keçirilməsinə imkan verməməyə çağırıb. "Hakimiyyət paradı sakitliklə qəbul edə bilməyəcək. Aksiya zorla dağıdılsa, Gürcüstan ordusu hakimiyyəti müdafiə etməyəcək. Biz plana uyğun hərəkət edəcəyik. Hər şey dinc yolla və Konstitusiya çərçivəsində baş verməlidir".

Gürcüstan parlamentinin hazırkı spikeri David Bakradze isə əmindir ki, müxalifət mayın 26-da hərbi paradı poza bilməyəcək. Onun sözlərinə görə, ölkənin Müstəqillik günü münasibətilə keçirilməsi planlaşdırılan hərbi paradla bağlı müəyyən ediləın plan dəyişməz qalıb.