Mətbuat nümayəndələri üçün erməni işğalından azad edilmiş Ağdama səfər təşkil olunacağını və həmin səfərə mənim də dəvət olunduğumu biləndə sevincimdən yerə-göyə sığmadım – axı uşaqlıq xatirələrimdə qalmış bu şəhəri yenidən ziyarət etmək varmış qismətimdə. Düz 35 il əvvəl, 1986-cı ildə “Kommunist” qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə xüsusi müxbiri olmuş mərhum əmim Firuddin Rəsulov Qarabağa ezamiyyətə gedərkən məni də özü ilə aparmışdı. Ağdam, Füzuli, Şuşa, Xankəndi və daha haralar..! Uşaqlıq xatirəsi silinməz olur deyirlər. Həqiqətən də belədir, çünki o xatirələrimdəki Qarabağ üç onillikdən artıq bir müddətdə düşüncəmə necə həkk olunmuşdusa, elə də qalmışdı. Hətta işğal müddətində dağıdılmış, talan edilmiş Qarabağımızın videogörüntülərinə, fotoşəkillərinə baxarkən belə, düşüncələrimdəki cənnət Qarabağ onları yox edirdi. Lakin reallıq, fakt hər zaman öz sözünü deməkdədir və bu dəfə cənnət Qarabağa deyil, viran qalmış bir məkana – Ağdama gedirdim...
Ağdama getmək, həqiqətən də, müqəddəs ziyarətə bərabər bir səfər idi
Səfərin təşkilatçısı olan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) idi və bütün səfər boyu agentliyin məsul əməkdaşı Rüstəm Əhmədov bizə, necə deyərlər, yol yoldaşlığı elədi, təhlükəsizliyimizin təminatından tutmuş digər məsələlərə qədər lazım olan bütün müvafiq tədbirləri operativliklə həll etdi. Rüstəm müəllim hələ səfərə başlayanda çox gözəl bir ifadə işlətdi. Dedi ki, Ağdama getmək müqəddəs ziyarətə bərabər bir səfərdir. Həqiqətən də, belə bir təəssürat var idi!
Eyni zamanda, fürsətdən istifadə edərək, səfərin təşkilatçısı, MEDİA-nın direktoru Əhməd İsmayılova bu ecazkar səfərdə iştirak edən həmkarlarımız adından dərin təşəkkürlərimi çatdırıram. Çünki tarixi Qələbənin dadını çıxarmaq, azad olunmuş Ağdama getmək, həqiqətən də, müqəddəs ziyarətə bərabər bir səfər idi.
Beləliklə, Ağdama səfərimizin ilk başlanğıc nöqtəsi keçid-buraxılış məntəqəsi oldu. Artıq ərazilərimizdə xidmətə başlayan polis gücləri siyahıda adları olan jurnalistlərin sənədlərini qeydiyyata aldılar və vacib bir xəbərdarlığı da etdilər – sağa, sola, kənar sahələrə keçmək qadağandır, mina təhlükəsi var! Bəli, məhz mina təhlükəsi Vətən müharibəsi başa çatandan sonra öz sözünü deməyə başlayıb təəssüf ki. Düşmənin birinci Qarabağ müharibəsi zamanı və sonrakı 27-30 ildə xaotik şəkildə minaladığı ərazilərin xəritələrini müvafiq konvensiyalara uyğun olaraq Azərbaycan tərəfinə verməməsinin nəticəsində mülki insanlarımız, hərbçilərimiz ağır xəsarətlər alır, eləcə də həyatlarını itirirlər. Bu təhlükəni yaşamamağımız üçün polislərimiz bizə dönə-dönə qayda və qanunları izah etdilər.
Düşmənin buraxdığı mina izləri...
Buraxılış məntəqəsini keçdikdən sonra bizi ANAMA-nın region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov müşayiət etdi və ərazilərin ölüm təhlükəsindən necə təmizlənməsi barədə məlumat verdi. Qeyd etdi ki, bu ilin əvvəlindən ANAMA tərəfindən Ağdam rayonu ərazisində 146 ədəd tank əleyhinə mina, 189 ədəd piyada əleyhinə mina, 1251 ədəd partlamamış silah-sursat tapılaraq zərərsizləşdirilib. Daha sonra heyətimizə 5 ədəd tank əleyhinə minanın zərərləşdirilməsi anı nümayiş etdirildi.
Zülfü müəllimin söhbətləri bizdə canlı ensiklopediya təsirini buraxdı
Səfərimiz Ağdamın yer üzündən silinmiş kənd və qəsəbələrinə, şəhər mərkəzinə doğru davam etdi. Onu da qeyd edim ki, Ağdamın işğaldan öncəki müəssisələri, binaları, mədəniyyət mərkəzləri, muzeyləri, təhsil ocaqları və s. barədə ən geniş təfərrüatlara malik olan şəxslərindən biri də Zülfü müəllimdir. Məhz Zülfü Qasımov uzun illər məsul vəzifələrdə çalışmış, hətta Ağdamın tarixi, ayrı-ayrı tanınmış şəxsləri barədə çox geniş məlumatlara sahib olan canlı ensiklopediyadır. Səfərimiz başlayandan ta başa çatana qədər, addım-addım, çox böyük həvəslə olub-keçmişləri bizə anladan Zülfü müəllim kəndlərin tarixləri ilə yanaşı, erməni vəhşiliklərinin ölçüyəgəlməz qəddarlıqları barədə də müfəssəl məlumatlar verdi. Ona görə də, düşündüm ki, onların hər birini ayrı-ayrılıqda yazmaq, izah etmək kifayət qədər böyük vaxt itkisinə səbəb olacaqdı. Bu baxımdan, yalnız ən vacib məqamlar, getdiyimiz tarixi əhəmiyyətli məkanlar barədə qeydlərimi aparmaq qərarına gəldim.
Qəbirlərlə, daşlarla, abidələrlə savaşan vəhşi düşmən!
Baş Qərvəndin girişində Almaniya faşizminə qarşı döyüşmüş əsgərlərin xatirəsinə ucaldılmış Böyük Vətən Müharibəsi abidəsinin erməni faşistləri tərəfindən necə darmadağın olduğunu görərkən bir daha əmin oldum ki, bu gün İrəvanda, eləcə də Qarabağda (Xocavənddə) abidəsi və büstü qoyulmuş Qaregin Njde onlar üçün nə qədər əhəmiyyətliymiş. Daha doğrusu, genetik kodları faşizm ideologiyası ilə yoğrulmuş bəşər üçün təhlükəli erməni-terrorçü düşüncəsi nəticədə bu abidənin dağıdılması ilə də özü təsdiqini tapmış olub. Ümumiyyətlə, daşı-daş üstündə qoymayan erməni işğalçıları bütün irili-xırdalı binaların daşlarını, tikintiyə yararlı materiallarını söküb-satıblar.
O cümlədən, Ağdam boyunca erməni işğalçılarının “Ohanyan müdafiə xətti” deyilən bufer zonalarından həm də belə nəticəyə gəlmək olardı ki, onlar işğalçılıq niyyətlərini uzun illərə bağlayırdılar. Zülfü Qasımov bizimlə söhbətində qeyd etdi ki, əgər Ağdam bir güllə atılmadan azad olunubsa, bu, yalnız və yalnız cənab Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi nəticəsində baş verib. Əks halda, burada da döyüşlər aparılsaydı, itkilərin sayı çox olardı. Yalnız cənab Ali Baş Komandanın müharibə vaxtı müəyyən etdiyi mükəmməl hərbi taktikaları sonradan Ağdamın və digər məlum ərazilərimizin döyüşsüz geri qaytarılması ilə nəticəsini tapdı və bu, dünya müharibə tarixində qızıl hərflərlə yazılmalı olan bir möhtəşəm hərbi uğurdur.
Yolüstü Ağdamın şəhidlər xiyabanlarını da ziyarət etdik. Gördüklərimiz bizi dəhşətə gətirdi. Milli Qəhrəman Allahverdi Bağırovun, Xocalıda şəhid edilmiş bir ailənin, eləcə də daha bir neçə qəbrin tapılaraq qismən bərpa edildiklərini gördük. Onlar isə söz yox ki, işğaldan sonra ağdamlılar tərəfindən aşkar edilərək düzənə salınan məzarlar idi. Yerdə qalanlarını isə gözlə görmək və erməni faşistlərinin insaniyyətdən nə qədər kənar, vəhşi məxluq olduqlarının şahidi olmaq lazımdır. Çünki qəbirlərin qazılaraq, hətta sümüklərin belə talan edilməsinə insan hansı adı verəcəyini də bilmir. Vəhşi ermənilər bununla sübut ediblər ki, onlar həm də qəbirlərlərlə, daşlarla düşmənçilik ediblər, nədir ki, onlar azərbaycanlıların olublar. Lakin hər şeyi yer üzündən silməyə çalışsalar da, buna nail ola bilməyiblər. Tarix geri dönür və hər şeyi yerbəyer edir!
Ağdamın və vaxtilə SSRİ-nin iki çörək muzeyindən biri olmuş binanın darmadağın olmasına baxmayaraq, onun divarlarında qalmış rəngli mozaikalar sanki bizlərə “çox da kövrəlməyin, yenidən dirçələcəyik”, deyirdilər. Sonra isə Ağdamın poçt binası, Əbdürrəhman Haqverdiyev adına Dram Teatrının nalə çəkən binası, xatirələrdə yaşadılan məşhur “Çay evi” və...
Və Cümə məscidi..!
Bir zamanlar Ağdamın ziyarətgah mərkəzlərindən biri kimi göz oxşayan Cümə məscidi erməni işğalçıları tərəfindən hərbi istehkam kimi saxlanılıb və çox ağır təhqirlərə məruz qalıb. Nəhayət, daha bir əhdimizin yerinə yetməsi həyəcanı da bir tərəfdən aldığımız ağır, sarsıdıcı təəssüratlardan dolayı daha da artmışdı. Çünki bu məsciddə Azərbaycanımız, xalqımız və dövlətimiz, Prezidentimiz üçün dua edib, namaz qılmaq da vardı ömür payımızda. Həmkarlarımızla məscidə daxil olarkən ən dəhşətli mənzərə onun mehrabındakı güllə izləri idi. Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın Ağdama səfərləri zamanı məscidə hədiyyə etdikləri müqəddəs Qurani-Kərim və onun büküldüyü yaylıq bu müqəddəs ocağa ayrı bir əhval-ruhiyyə, ab-hava verirdi – biz bir daha səni düşmən əllərinə verməyəcəyik, deyirdi müqəddəs kitabımız!
Növbəti səfərimiz isə Ağdamın məşhur futbol klubu, Avropaya və dünyaya səs salan “Qarabağ”ın top qovduğu İmarət stadionu və həmin ərazidə yerləşən eyniadlı İmarət məzarlığı, Pənahəli xanın, oğlu İbrahimxəlil xanın, Xurşidbanu Natəvanın və övladının türbələrinə doğru idi. Bu türbələr də ya qismən, ya da tamamilə dağıdılaraq məhv edilib. Daxillərində isə mal-heyvan saxlanılıb. Bu vəhşiliklər, bu qeyri-insani rəftarlar Ağdamda hər addımbaşı qarşımıza çıxırdı.
Şahbulaq bizə “xoş gəlmisiniz, ay bu torpaqların həqiqi yiyələri”, dedi...
Nəhayət, son dayanacağımız Şahbulaq qalası oldu. Şahbulaq qalasına çatanda, Şahbulağın suyuna əl vuranda vətən torpağının doğmalığını daha da dərindən hiss edirik. Tarixi Şahbulaq qalası dağıdılmayıb. Hiyləgər ermənilər bu qalanı özlərinin tarixi yalanlarına yaxşıca alət etməyi bacarıblar. Qala muzey kimi istifadə edilib, qondarma rejimin saxta tarixini göstərən əşyalar, aksesuarlarla doldurulub. Şahbulağın ətrafı isə restoran kimi fəaliyyət göstərib. Lakin indi o tarixi qala yenidən bizə geri dönüb və qalanın alt qismində həzin-həzin axan Şahbulağın şırıltısı bizlərə “xoş gəlmisiniz, ay bu torpaqların həqiqi yiyələri, yolunuz axar su qədər pak olsun” deyə alqış edirdi. Səfərimizin sonunda isə xatirə fotosu çəkdirdik, həm özümüz üçün, həm də gələcək nəsillərimizə yadigar qoymaq üçün...
Allahın varlığına şükürlər olsun ki, artıq torpaqlarımız düşmən işğalından azad olunub və cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qarabağımızı yenidən dirçəldib, ayağa qaldıracağıq. Qarabağımız dünyanın ən cənnətməkan guşələrindən birinə çevriləcək. Bax onda bizlər erməni işğalçılarının törətdikləri vəhşilikləri bir daha xatırlayaraq, bundan sonra heç vaxt itirilmələrinə yol verməyəcəyik, çünki QARABAĞ, AZƏRBAYCANDIR!
Rövşən RƏSULOV,
Bakı-Ağdam-Bakı