Bu il imtahanların nəticələrinin keçən ildən aşağı olmayacağını gözləyirik - ŞƏRH ÖZƏL

16 Aprel 2021 12:24 (UTC+04:00)

“Bu gün ölkədə 18 min nəfərdən çox şagird buraxılış imtahan verəcək. Həmçinin dünən də 8100 nəfərdən çox şagirdimiz imtahan verib. Dünən 11 şəhər və rayonlarda keçirilən imtahanlar bu gün 12 şəhər və rayonda keçirilir”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, bu il imtahan verəcək 11-ci sinif şagirdləri məktəbə getməyiblər: “Artıq bir ildən çoxdur ki, pandemiya şəraitində yaşamağımız, eyni zamanda zəfərlə başa çatan Vətən müharibəsi dövrü müəyyən qədər tədrisin axınına mane olub və bu təbii ki, imtahan nəticələrində də özünü göstərəcək. Orta məktəblərdə tədris prosesinin dayandırılması 11-ci sinif şagirdlərinə imkan verib ki, universitet imtahanlarına daha rahat hazırlaşsınlar”.

Dünən imtahan keçirilən 11 rayon və şəhərdən 8-də monitorinq apardıqlarını və imtahandan çıxan şagirdlərin suallara verdiyi düzgün cavabların faizlərini hesabladıqlarını vurğulayan K.Əsədov bildirib ki, eyni zamanda test tapşırıqlarının ağırlıq səviyyəsini yoxladıq: “Bizim sorğularda respondent olaraq 1000 nəfərdən çox şagird iştirak edib. Həmin sorğularda müşahidə etdik ki, DİM həm pandemiya şəraitini, həm də zəfərlə başa çatan Vətən müharibəsi dövrünü təqdim etdiyi test tapşırıqlarında birmənalı şəkilə nəzərə alıb. Belə ki, ikinci yarımil üzrə mövzular test tapşırıqlarında təqdim edilməyib. Bu ədalətli yanaşma imtahan nəticələrinin heç də aşağı olmayacağını göstərir. Bu il nəticələrin heç də keçən ildən aşağı olmayacağını gözləyirik”.