Azərbaycanda daha iki məktəb distant təhsilə keçib

16 Aprel 2021 00:48 (UTC+04:00)

Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən Kəlbəcər rayon məkəblərində son 3 ayda 97 nəfərdə koronavirus infeksiyası aşkar olunub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, koronavirus aşkarlanan şəxslərdən 45 nəfəri şagird, daha 52 nəfəri isə pedaqoqdur.

Profilaktik tədbirlər çərçivəsində Bərdə rayonunda fəaliyyət göstərən 104 nömrəli və Samux rayonunda fəaliyyət göstərən 88 nömrəli məktəblər distant təhsilə keçib.

Bundan əlavə, Bakı şəhərində 15, Gəncə şəhərində də eyni sayda tədris müəssisəsi distant fəaliyyət göstərir. Şagirdlər arasında yoluxma faktları 7-ci və daha yuxarı sinif şagirdlərində aşkar edilib. Pedaqoqlarda isə daha çox 50 yaşdan yuxarı şəxslərdə COVID-19 virusu tapılıb.

Məlumat üçün bildirək ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan 77 məktəbdə əyani tədris davam etdirilir. Bu orta tədris müəssisələri ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərir.

İlham Məmmədov