Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının fəxarət məkanıdır

15 Aprel 2021 17:18 (UTC+04:00)

27 Sentyabrda başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan cənab Ilham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, “keçilməz” dediyi nəhəng istehkamları qısa müddətdə şanlı Azərbaycan əsgəri darmadağın etdi. Bir-birinin ardınca şəhər və kəndlərimiz düşmən işğalından azad edildi. 44 gün ərzində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümayiş etdirdi.

Hamımızın xatirindədir ki, Vətən müharibəsi bitdikdən bir müddət sonra -10 dekabr tarixində keçirilən hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirilmişdi. Ötən gün isə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu Park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır. “Məğlubedilməz” Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlar da yer alır. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayişi olunduğu Park “Dəmir Yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Yəqin ki, hər kəs xatırlayır ki, bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.

Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. Bu mənada, Parkın ərazisindəki qarşı tərəfin özündə 10 elementdən ibarət mühəndis maneələr sistemini ehtiva edən möhkəmləndirilmiş müdafiə mövqeyinin nümayişi xüsusilə vacibdir. Bu ərazi Azərbaycan əsgərinin dəf etməli olduğu maneələri açıq şəkildə nümayiş etdirir. Məhz bunları gördükdən sonra bir daha əmin olursan ki, döyüşü sadəcə yüksək texnologiyaya malik silah-sursat, hərbi texnika ilə qazanmaq olmaz. Döyüş əsgərlər, zabitlər arasında baş verir. Buna görə də Vətən müharibəsində rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarında əsl vətən övladının igidliyini, cəsarətini, qorxmazlığını göstərdi.

Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən itkilərimiz də oldu. Ancaq qazanılan bu qələbə hüdudsuz ağrı-acılarımızı üstələdi. Övladını itirən ata-analar da, həyat yoldaşını son mənzilə dəyanətlə yola salan xanımlar da ağrılarını bir kənara qoyub qazanılan ümummilli dinclikdə əzizlərinin, övladlarının, yoldaşlarının payının olması ilə qürurlandılar. Ölkə başçımızın da açılışda səsləndirdiyi kimi: “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı”.

Bir məqam da qeyd olunmalıdır ki, Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda ermənilər üçün göz dağına çevrildi. Müharibə öncəsi “Tezliklə tanklarımız Bakı küçələrində olacaq” deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın istifadəyə verilməsini erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın “düşmənçiliyi” haqqında müraciət ünvalayacaqlarını bildirirlər. Əlbəttə ki, bunlar əbəs cəhdlərdir. Düşmən Qarabağın işğalı faktının ona hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi. Onlar bunu zamanında görmədilər. Azərbaycana qarşı qüvvələr dərk etmədilər ki, onların qarşısında böyük ənənələri, minlərlə qəhrəmanlıq səhifəsi olan bir xalq, bir dövlət və bu dövlətin qüdrətli sərkərdəsi dayanır. Onlar hələ də anlamırlar ki, bu gün ara-sıra verilən müharibə bəyanatları revanş hissi ilə yaşayan ermənilərə heç nə vəd etmir. Ermənistan 44 günlük müharibədə üzləşdiyi ağır məğlubiyyətin səbəbini təhlil edərək anlamalı, başa düşməlidir ki, dünyada haqqı tapdalamaq, başqa xalqın ərazisini mədəni sərvətini talamaq mümkün deyil. Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycansevənlər üçün isə fəxarət məkanıdır.

Şəbnəm Eldarova

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması

şöbəsinin baş məsləhətçisi